DƏRDİN ƏLİNDƏN TUTUB GƏZDİRƏN ADAM…

Xaqani Ədəboğlu

AVMVİB-nin fəxri üzvü ALLAHVERDİ Gündoğdu — 67

Müəllifdən: Doğrusu haqqında ən asan və ən çətin yazı yaza biləcəyim adamdı, bu Adam. Çünki söz xridarı olan Allahverdi bəyin bir yazar kimi tutumunu bilirəm. Yazdığı hər sözün üstündə əsən biridi, Allahverdi bəy! Dilimizdəki sözlər uğrunda da bir savaşçıdı. Ona görə də köhnə kişilər haqqında elə köhnə sözü təkrar etmək qərarına gəldim. Dərddən Gündoğduya kimi yol gəlmiş bir adamın 67 yaşına deyiləsi o qədər söz var ki. Özü də, məhz Şuşa zəfəriylə bu Dərdi Günün doğuşuna çevirən bir adam haqqında yazmaq üçün dilimizdəki sözlər azlıq edər: Allahverdi Dərd-Allahverdi Gündoğdu. Çünəşimiz daim parlaq olsun, bəy…

Hər kəsin qəlbində bir gizli arzusu olar. Bu arzunu yalnız adamın özü və bir də Allahı bilər. Allahdan Allahverdi bəyə can sağlığı, doğma Çərəkdarda 70 illik yubiley və özü bildiyi o gizli arzusunun reallaşmasını arzu edirəm. Köhnə kişi haqqında köhnə yazını arxivləşmədən qurtarıb 67 yaşına həsr edirəm. Amma hələlik bircə əlavəm var: «100 yaşa, xala qurban!»

65 yaşa yazılan yazını 67 yaş günü münasibətiylə yenidən yayınlayırıq…

Dərdim ürəyimdə, ellər, nə bilsin?
(Aşıq Veysel)

Allahverdi Dərdin 67 yaşı tamam oldu. Amma mənə elə gəlir ki, Dərdi Allahverdi bəydən çox böyükdü. Dərd sözü farscadan alınsa da, Allahverdi bəy bu sözü öz varlığıyla milliləşdirib və sanki Dərdlərimizin gəldiyi qapılardan birini bizlərə göstərib…

Allahverdi bəy də hamı kimi ağlaya-ağlaya gəldiyi dünyanı dərdiylə bəzədi. Hərdən Allahverdi bəyə baxanda, nədənsə onu bir Dəmir yol stansiyasında itirilmiş Dərd imzalı hüzünlü notlarla dolu, bir sevgi məktubuna bənzədirəm. Bu məktubda, nə yazan bəlli, nə də bu məktubun gedəcəyi ünvan. Bakının sərsəri küləyi bu məktubu belədən — belə uçurtmaqdadır. Külək, içərisindəki kədər dolu notları oxumaz, bu məktubun dərd yükünü anlamaz. Onun işi sarı xalatlı Bakı süpürgəçisi kimi küçələri «süpürməkdi». Düşünürəm ki, bir gün kimsə bu məktubu mütləq tapıb oxuyacaq və heç nə anlamayacaq. Çünki bu məktubda deyilənlər ona aid deyil. Çünki bu məktub itdiyi kimi ünvanı da itib. Onu oxuyaraq anlayacaq adam isə ortada yoxdur. Bu məktub dünyadakı bütün dərdli insanlara aid məktubdur. Dərd ünvan tanımaz. Dərdin ünvanı olmaz. Gələndə təklifsiz gələr. Qovsan gedib batmanlaşıb gələr…

«Gənclik» jurnalında birgə işədiyim rəhmətlik Sabir Sarvanın bu misraları yaddaşımı döyəcləyir:

Elə ağlatdı ki, taleyim məni,
Çeşmələr qurutdum hər daşın altda.
Başıma o qədər daş yağdı göydən,
Axırda gizləndim bir daşın altda.

Allahverdi bəy, dərdiylə əkizləşən bəndədir. Dərdi də dərd kimi qəbullanmaq hər kişinin işi deyil. O, dərdi qonaq kimi qəbul edib, əzizləyib, qonaq kimi də ehtiramla yola verməyə can atır. Hər gəzdiyi məkana, hər bir düşüncəsinə onu da qonaq edir. Çünki bilir ki, müsafirə qarşı comərd olmasan var-dövlətin, vəfalı olmasan, dostluğun, qarşılıq verilməyən sevginin bir faydası olmaz. Çünki onun DƏRDinin bir ucu Vətənsə, bir ucu Şəhid Övladdır. Nə xoş sənə, Allahverdi Dərd, Dərdin mübarək, Qəzan mübarək, Yaşın mübarək!

«Günəbaxanlar boy atdıqca günəşə boylandığı kimi, dərdə üz tutub, dərdə aşina olan» (525-ci qəzet) dərdli şairimiz Sabir Sarvan yazmışdı:

Seçkin bəndəyəmmiş, dərd məni tapdı,
Dost-tanış, yar-yoldaş, yaxın içində.
Yaşa qismətinlə verib baş-başa,
Umudun gözündə, qorxun içində…

… Mənim üçün adamlar iki cürdü. Biriləri dünyadan qopmayacaq qədər nadan, biriləri isə dünyanı çöp kimi ayaqları altına ala biləcək qədər nəhəng. Salam olsun Nəhəng adam. Ömür dediyin, ya bir gün, ya bir güllə. Bir günlə, ya da bir güllə ilə bitən bir həyatı, kimlərsə dərdlərlə savaşmağa, kimlərsə də dərdləri sevməyə həsr edər. Allahverdi Dərd, Vətən qoxulu, oğul cüssəli dərdə qucaq açanların sırasındadır. Çünki bu dərddən qaçmaq, özündən qaçmaqdır. Kimsə özündən qaça bilməz ki?…

…»Həyat nədir?»-sualına Dostoyevski: «Cəhənnəm», Sokrat: «İztirab», Fernandes: «Güc», Pikasso: «Sənət», Qandi: «Mübarizə»… Allahverdi bəy isə «Dərd» deyib. İki ayaq üstündə mənən ölmüş insanların məmləkətində bir dərdi yaşada bilməyin özü də bir dərddir. Türk aktyoru Tuncel Kurtizin bir filmdə söylədiyi bir deyim var: «Çox insanların «söküklərini» tikməyə çox çalışdım. Amma bacarmadım. Anladım ki, onların kişilikləri tikiş tutmur». Amma bəy, Kurtiz bu yerdə Elza xanım əfəndinin «Tikim sizin ağzınızı» şerini oxusaydı, lap yerinə düşərdi. Amma oxumadı, çünki xanım bu şeri o vaxt hələ yazmamışdı. Amma 66 illiyində bu şeri o kəlbəcərli yekə dişli aşığa verəcəm oxusun (Ad günü zarafatı)…

Qeyd: Yekə diş aşığı da elə qovduğun üçün əməl edə bilmədim. Yəni günah məndən getdi…

… «Dərdli qəlblərin hekayəti qısa olar»- deyərlər. Başlayan kimi bitər. Lap elə hecasız «dərd» sözü kimi. Bir təxəllüsə çevirdiyin Dərd qədər. Bunca gizli saxladığın dərdləri bir yazıya sığdıra bilmədiyim üçün, bağışla. Bağışla ki, istədiyim kimi yaza bilmədim. Amma bil ki, bir gün daha yaxşısını yazacağam. Yazacağam ki, hər daşda, hər çınqılda bir adam dəli bir ehtirasla doğma kəndini axtarır. Yazacağam ki, bir adam qaranlıq gecələrdə də öz yurdunun qara qarışqasını, böcəyini axtarır. Yazacağam ki, bir adam var, suda da öz bulaqlarının şırıltılı səsini axtarır. Yazacağam ki, vələs ağacının yarpaqlarının xışıltısında, öz vələs ağaclarının xışıltısını axtarır. Yazacağam ki, göydəki ulduzlara baxanda öz kəndinin üzərində duran ulduzları axtarır. Yazacağam ki, bu adamın damarlarından da qan əvəzinə göz yaşları axır. Yazacağam ki, bu adamın «üzü» Allahverdidi, «astarı» Dərddir. Yazacağam ki, bu adamın ürəyi ovucunun içindədir və hər döyüntü də «Azərbaycan»-deyir. Bir də yazacağam ki, mən insanların ciyərini oxuyuram, onun ciyərləri, Vətən nisgiliylə Azərbaycan kimi param-parçadır. Mütləq yazacağam…

… Dərdi Vətən və övlad qoxulu Allahverdi bəyin 67 yaşı tamam oldu. Qibləsi «yavru Vətən» dediyi Çərəkdar, inancı Turan elləri, səcdə yeri Bayraq, imanı Yurda sevgi, daşladığı və dışladığı namərdlik, xəyanət, adam kimi adam olan bir Adamın doğuluşu bu dünyanın başına gəlmiş ən yaxşı bir olaydır. Var ol, daim ol! 101 yaşa, incisən də 102 ağ olar…

P.S. Allahverdi Dərd söz qədri bilən yazarlardandı. Yaxşı sözün, yaxşı şeirin və yazının sərrafıdır. Bu gün sözün «taxtdan» salındığını da özünə dərd eləyib. Bu gün jurnalistika və qeyri yazarların tək problemi yazmaqdır. Qalan hər şeyi bilirlər. Bu dərddən bir vətəndaş, sonra bir jurnalist və yazıçı kimi ürək ağrısıyla danışır. Bilirəm ki, belə adamlar heç nə demədən bir yaxşı sözün uğrunda özünü asar. Amma yaxşı ki, varsınız. Söz qədər ömrünüz olsun, Allahverdi Dərd…

P.P.S. Tanrı dağına salam olsun! Turan ellər var olsun!

Bu xəbəri paylaşın: