Bu dunyada bir Allahverdi Gündoğdu həqiqəti var. Hamımızdan ötkəm, hamımızdan barışmaz və cəsarətli…
Hərdən söhbətləşəndə, gülərək onun dediyi həqiqətin əksini söyləməyə çalışar və reaksiyasını yoxlayardım. Bir dəfə qətiyyən təmkinini pozmadan:
-Sənin o namuslu atan təzədən dünyaya qayıdıb görsəydi ki, sən bu düşüncədəsən, ürəyi partlayardı.
Sonra zarafatıma cavab olaraq, bunu söyləyərdi:
— Ağıllı ol.
İndi pandemiyanın fəsadları, Ağsaqqalın qəfildən xəstələnməsi bizi bu söhbətlərə möhtac qoyub. Və mən çox təəssüf edirəm, çoxlarımız hələ də duya bilmirik ki, Allahverdi bəy, yaralı Vətən heykəlidi. Bütün həyatını, yaşantısını doğma Qarabağın qurtuluşuna, kəndi Çərəkdarın özünəqayıdışına həsr edib. Bilmirəm, niyə beləyik?!
Sovetlərin qanlı ideologiyasına söykənib bu millətin nekroloqunu yazan şairi, alımi, sənətçini , siyasətçini «dahi»ləşdirib, illərlə sağlam düşüncə adamlarımıza qənim kəsilmişik. Doğruların haqqını tanımamışıq. Onların can ağrılarını duymazdan gəlmişik. İndi zaman elə gətirib ki, həmin yaralı dəyərlərə ehtiyacımız var. İçdən və dörd tərəfdən ləyaqətsiz düşmənlərlə əhatələnmişik. Hanı o Kişilər?
Arzularının işığına bükülüb uzaqlara çəkiliblər. Bu, qanı soyuq bəşərdən kənarda dayanıblar…
Allahverdi Çündoğdu oxunmamış bir kitabdır. Bizlər o kitabı nə qədər oxuya bildik, bilmirəm. Haqqa və həqiqətə uzananan yoldu. Bu yolu nə qədər qət edə bildik, onu da bilmirəm. Amma onu bilirəm ki, Ağsaqqalın yaxın vaxtlarda sıralarımıza qayıtması həyatımızda və baxışlarımızda çox şeyi dəyişdirəcək. Çünki o, hamının ehtiyac duyduğu, hamının nəsə öyrənə biləcəyi Kişidir.
Tanrı qorusun!!! Ağsaqqal, səni bağrıma basır, həmişə ciddi görünən ağıllı gözlərindən öpürəm. Günün mübarək olsun!
Elbariz Məmmədli