UZUN SÖZÜN QISASI: UCA SÖZÜN URVATDAN DÜŞƏN DÖVRÜ…

Allahverdi Gündoğdu

Yazıçı, jurnalist

Dəyərli dostlar, bu günlərdə tanımadığım, ümumiyyətlə adını birinci dəfə eşitdiyim bir «şair» mənə dostluq təklifi göndərib. Çox normal bir işdir.

Hövsələm qarışıq olsa da, səbrlə bu «sənətkar»ın səhifəsini açıb, vərəqləməyə başladım.

Ay tövbə, orada taya-taya söz yığınından başqa bir misraya rast gəlmədim. Qeyd edim ki, mən nə şairəm, nə də nasir. Sadəcə olaraq, öz dünyagörüşüm səviyyəsində UCA SÖZƏ dəyər verən birisi…

Açığı deyim ki, SÖZün bostanına yoldan keçənin biri daş atanda, çox sınsıyıram, daha doğrusu, ölüb, dirilirəm…

Məlumdur ki, bu gün hamı yazır… malisəf şeir yazanlarımız, ulu SÖZə hörmət edənlərimiz çox azdır. Bəla burasındadır ki, poeziyadan uzaq, sicilləmə yazanların özləri nə yazdıqlarının fərqində deyillər.

Haşiyə olaraq qeyd edim ki, illər öncə «salamməleyk» xatirinə ahıl bir tanışımın ardıcıl olaraq, iki kitabını redaktə edəsi oldum. Orada bircə misra tapmadığımdan, məcburi qaydada Azərbaycan poeziya aləmində öz dəsti-xətti ilə seçilən, dəyərli bir şair qardaşımdan yardım istədim. O da bir neçə gün bu cızmaqaraları vərəqləyib, saf-çürük etdikdən sonra, bunların Poeziyaya heç bir aidiyyəti olmadığını etiraf etdi. Hətta o, bunların üstündə yenidən işləməyin mümkünsüzlüyünü dedi.

Bunlara baxmayaraq, həmin tanışımın sağlığında dörd, düyasını dəyişəndən sonra isə bir kitabı işıq üzü gördü. Təbii ki, bunlara kitab demək mümkünsə…

Dəyərli dostlar, məni ən çox üzən heç də kimin nəsə yazması deyil, sadəcə olaraq o cızma-qaralara yazılan şərhlər, göstərilən münasibətlərdir. Elə götürək mənə dostluq təklifi göndərən qardaşımızı. (Bəlkə də o, çox dəyərli bir insan, səmimi bir dostdur, SÖZ isə onluq deyil axı). Onun yazdığı cızmaqaralara elə şərhlər yazıblar ki, oxuyanda az qalır adamın ayağının altından yer qaçsın.

Biri yazır çox möhtəşəm, biri yazır super, digəri də namərdcəsinə yazır ki, ƏSL ŞEDEVRDİR!?

O bəh-bəhlərin içində sözünə, qələminə, şəxsiyyətinə hörmət etdiyim dostlarıma da rast gəldim. Mənim şeir menyum belədir:

— O misraları dönə-dönə oxuyb, bulaq suyu kimi içmirəmsə, o, sarı yağ (teksun yox ha) kimi bədənimə yayılmırsa, deməli burada SÖZ dən söhbət gedə bilməz.

Bu gün çağdaş poeziyamızda öz dəsti-xətləri ilə seçilən, misraları dodaq-dodaq pərvazlanan dəyərli qələm sahiblərinin belə cızmaqaralara şəxsi münasibət xatirinə dəstək vermələrini ULU SÖZƏ qarşı əsl xəyanətləri hesab edirəm. Belə anlayıram ki, bu barədə düşünməyə dəyər.

SÖZÜ qorumayan kəsdə Millət, Torpaq, Vətən , Şəhid sevgisi xeyli qəliz səslənir. Çünki «öncə Söz vardı». Odur ki, gəlin dəyərli şairimiz Vasif Süleyman demiş, UCA SÖZÜN namusunu bütün dəyərlərimizdən uca tutub, qoruyaq!

Bütün SÖZ xridarlarına sevgi və sayğılarımla!

Bu xəbəri paylaşın: