
ELBARİZ Məmmədli
Şair, jurnalist
Ucqarlarda yenə güllə səsləri eşidilir. Erməni — rus birləşmələri yeni oyunların konturlarını cızırlar. Millətin hələ tam dada bilmədiyi qələbə sevincinin üstünə su ələnir. Cəmiyyətdə sosial, siyasi, hüquqi aşınmalar getdikcə artır. Ölkədə bir dənə də olsun etibarlı informasiya mənbəyi yoxdur.
Belə vəziyyətdə bütün siyasilər özünə sərf edəni danışmağa başlayıb. Bəs, Vətən? Yarıac, yarıtox böyüyüb, onun uğrunda can qoyanlar? Hər gün məmur qapılarında haqqı tapdalanan millət?
Deməli, anlaşılan nədir? Qarabağ müharibəsi ətrafında əksər siyasi qüvvələr öz oyununu oynayır. Özü də Qərb, Amerika, Rusiya, İran dəst- xətti üzərində. Oyun qızışdıqca, güllə səslərinin sayı da artır. Və çoxları üçün danışmağa söz tapılır: «Qələbə yalanmış. Millətlə oyun oynayırlar. Ermənilər Qarabağı geri alacaqlar və.s» . Beləcə millətin bütövlüyü müəmmalar önündə əriməyə başlayır.
Bəlkə kimsə yazdıqlarımı oxuyanda, məni qınamaq fikrinə düşəcək ki, niyə belə düşünürəm. Əvvəla, onu deyim ki, mən bu hakimiyyətin məmurxanası tərəfindən ən çox haqqı tapdananlardan biriyəm. Məmurlar mənim və mənim kimilərin haqqını dostlarına, qohumlarına, yaltaqlarına, bəzən də məşuqələrinə yem ediblər. Amma Vətənin bu sinəsi yaralı, gözü yaşlı vaxtında haqqımı yedikləri üçün kimisə satqınlıqdamı suçlamalıyam? Mən siyasi iddiası olan adam deyiləm. Yaxşı və ya pis qələm adamıyam. Heç kimin adını tutmayacağam.
Deyim ki, əksər siyasilər ancaq ittiham etmək yolunu tutub, bu dar macalda xal yığmaq iddiasına düşüblər. Amma ötən ilin sentyabr ayının 27-dən bu günə qədər bütün iddialı siyasi qüvvələrin birgə olduğunun, bir çadır altında göründüyünün şahidi olmadıq. Belə getsə heç, olmayacağıq da.
Son vaxtlar düşmən Kreml nə qədər aqressivləşibsə, onun içimizdəki emissarları da o qədər açıq müstəviyə keçməyə başlayıblar. Burda ən aktivləri kimdir, bilirsinizmi? — Milli azadlıq hərəkatının «doğduğu» bicbalalar. Hələ bu azmış kimi, üstəlik də Qərb yönümlülər aktivləşsə, nə olacaq? Burda bir faktı xatırladım. Qərb Gürcüstanı ortaya atdı, sinəsindən yarı bölündü. Ukraynanı irəli verdi, sonra arxasından qaçdı. Rusiya başda olmaqla, bunların hamısı etibarsız və qaniçəndirlər. Suriya, İraq, təzədən oda atılan Əfqanıstan, qırğız-tacik toqquşmaları, özbək-çeçen qarşıdurması xain və istismarçı niyyətlərin bəhrəsi deyilmi?
Son günlər bütün qüvvələrin bir söhbət mövzusu var. Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qoşulacaq. Ortada Türk Birliyi məsələsi olduğu halda, düşmən ermənilərin də təmsil olunduğu bir təşkilatda bizim varlığımız mümkündürmü?
Bu o halda baş verə bilər ki, Ermənistan öz müstəqillik statusundan imtina etmiş olsun. Bu da hələlik mümkün görünmür. Bir də ki, regiondakı qarşıdurmaların alt qatına vardıqda, daha ciddi və xain niyyətlərin olduğu ortaya çıxır. Hədəf Türkiyə və Türk dünyasıdır. Və maraqlıdır, bu niyyətdə ABŞ, Rusiya, Fransa, İran kimi dövlətlərin maraqları çox yaxındır.
Deməli, bu gün hamımızın fikri və düşüncəsi Vətən taleyi üçün bir nöqtədə cəmləşməlidir. Bizim olmayacaq azadlıqda, heç kimə lazım deyilik.
Pasportlarınızın üz qabığına baxın, nə dediyim aydın olsun…
Tanrı Vətənimizi qorusun!
