
ELBARİZ MƏMMƏDLİ
ŞAİR, JURNALİST
Qarabağda cərəyan edən hadisələrlə bağlı cəmiyyətdə aydın təsəvvürün olmaması, xeyli narahatlıq doğurur. Həmişə düşmən ermənilərin bizdən üstün olduğu informasiya savaşında yenə də uduzmaqdayıq. Çünki bizdə konkret olaraq, dövlətin maraqlarını ifadə edən, bütün reallıqları olduğu kimi cəmiyyətə ötürə bilən informasiya vasitəsinə hələ ki, rast gəlmirik. Məcburən qardaş Türkiyənin, eləcə də düşmən Rusiya və Ermənistanın informasiya mənbələrindən aldığı xəbərlər üzərində analizlər aparan cəmiyyət müəmmalı suallar qarşısında qalıb. Digər tərəfdən də özümüzdən olub, xaincəsinə özgələrin maraqlarını qoruyan ünsürlərin hərəkətliliyi əməlli başlı çaşqınlıq yaradıb.
Son bir ay ərzində cərəyan edən hadisələr Azərbaycanın mövqeyini və Rusiyanın bu özünəgüvənliyə münasibətini bütün çılpaqlığı ilə ortaya qoydu. Şimal ölkəsinin siyasi elitasından və informasiya mənbələrindən gələn hücumlar, rusların nə qədər istismarçı və işğalçı niyyətlərə söykəndiyini sübut elədi. Bəziləri fikir yürüdürlər ki, ruslar Qarabağ savaşında kənarda dayanmaqla, bizə üstünlük əldə etmək imkanı tanıdılar. Kökündən yanlışdır və bu gün baş verən toqquşmalar da onu sübut edir.
Əvvəla onu deyim ki, son 30 il ərzində Rusiya, İran, Fransa kimi ölkələr ermənilərin silahlanması və güclənməsi üçün bütün imkanlarını sərf etdilər. Rusların çeşidli hərbi silahları 44 günlük savaşda sınaqdan çıxarıldı və adına bağlı bütün miflər yerlə bir oldu.Müharibənin son günlərində şəhərlərimizə erməni adı ilə atılan raketlər də bir növ öc xarakteri daşıyırdı. Bəli, yenə atan kazaklar idi. Rusiyanın əhatələndiyi dövlətlərə fikir verin. Doğudan Batıya qədər təkcə hakimiyəti rusların tərəfində olan Belorusdan başqa isti münasibəti olan bir ölkə varmı? Xeyr. Çin artıq Uzaq Şərqdən içəriyə girməkdə, Yaponiya torpaq mübahisəsinin üstündə dayanmaqda, Ukrayna, Moldova və Gürcüstan işğalçı siyasətlə savaşmaqdadır.
Avropada şimal qonşumuza nifrət bəsləyənlərin sayı, isti münasibəti olanlardan dəfələrlə çoxdur. Deməli, Kreml cəlladları nə qədər ərköyün və aqressiv olsalar belə, reallığı da anlayırlar. Qayıdaq Qarabağ savaşına. Rusiyanın siyasi hakim dairələri Azərbaycanın hansı silahlara malik olduğunu, Türkiyə, Pakistan və İsrail kimi dövlətlərlə silahlanma istiqamətində hərbi müqavilələr imzaladığını bilirdilər. Ən azı onlara bu məlumatları bu gün Kremlə nökərçilik edənlər çatdırmışdı.
Bir də ki, Rusiyanın Suriya və başqa yerlərdə hərbi mövcudluğu onsuz da xalqı cana doydurmuşdu.Nə qədər gizlətsələr belə, Ukraynada həlak olan hərbçilərlə bağlı informasiyalardan xalq məlumatlı idi. Ruslar işğalçı siyasətini xalqın mənən ruhlanmasına hesablasalar da, reallıqlar bunun əks effekt doğurduğunu göstərdi. Və Qarabağ savaşı alovlananda, ruslar bu savaşda açıq tərəf olmaqdan çəkindilər. Çünki meydanda Azərbaycanla yanaşı Türkiyə və Pakistanın olacağı aydın ortadaydı. Burda rusların dünyaya hədə qorxu gələrək, güvəndiyi nüvə müharibəsi yox, savaşlar üçün tanınan silah növləri iştirak edirdi. Ən başlıcası isə, mənəvi və psixoloji baxımdan hazırlıqlı olan qoşun növləri.
Son çeçen müharibəsi göstərmişdi ki, rus orduları belə savaşlada üstün olmaq imkanına malik deyillər.
İkinci Qarabağ savaşında ermənilərin tərəfi kimi açıq savaşa girmək bizim üçün ciddi fəsadlar törədə bilərdi. Amma düşmən cütlüyün və İranın burda uduş variantı yox idi. İndi vəziyyət yenidən gərginləşib. Ötən ilin noyabrında imzalanmış müqavilənin şərtləri hər gün pozulur. Zəngəzur dəhlizinin açılması ilə bağlı razılaşmanın pozulması üçün erməni millətçiləri aranı qarışdırmağa başlayıblar. Rusiya isə, ən azı razılaşdırılmış beş illik müddəti burda qalmaqla, Cənubi Qafqazda tam möhkəmlənmək niyyətindədir.
Amma üzərinə götürdüyü öhdəliyi yerinə yerirmək əvəzinə, «sühməramlı»ların mövcud olduğu ərazilərdə həm özünün, həm də erməni silahlı birləşmələrinin mövqeyini möhkəmləndirir. Deməli, hazırda ön xətdə vəziyyət ürəkaçan olmasa da, çıxılmaz da deyil. Son nəticədə Azərbaycan Laçın dəhlizini bağlamaq imkanlarını özündə saxlayır. İndi ruslar seçim etmək sualı qarşısındadırlar. Çoxları onların burda həmişəlik məskunlaşdığı iddiasındadırlar.
Hazırkı Rusiyanın durumu və gələcək perspektivləri bunu tamamilə inkar edir. Azərbaycan xalqının və dövlətinin birliyi də bu imkanları heçə endirən əsas amillərdən biridir. Bir şərtlə ki, bütün Kreml nökərləri dövlət siyasətindən tamamilə kənarlaşdırılıb nəzarətə götürülməli, ən pis halda cəzalanmalıdır.
Tanrı Azərbaycanımızı qorusun!
