
ELBARİZ MƏMMƏDLİ
Şair, jurnalist
Ötən hər günü bir gərginliyin müşayiəti ilə yaşayırıq. Diqqətimizi cəlb edən bütün olayların içində varlığımıza təhlükə yaradan gizli çalarlar var. Bir zamanlar Topxana harayı ilə meydanlara atılıb, dünyada ilin xalqı statusuna sahiblənən xalq, indi hadisələrin arxasında səssizliyə qapılaraq, biganəlik mərəzinə düçar olmuş təsiri bağışlayır. Hər şeydə və hər yerdə pərakəndəlik, qeyri-müəyyənlik hökm sürür. Əvəzində Kremlin ağalığında düşmənlərimiz aqressiya və xəyanətin dozasını artırıb üstümüzə gəlirlər. Rəsmilər susur, müxaliflər nala-mıxa vurur, qarşılıqlı ittihamlar gündəmi zəbt edir, ermənilər həmişə olduğu kimi, tumanlarını başlarına çəkib, diqqəti özlərinə yönəldirlər.
Yenə təkrar etmək məcburiyyətindəyəm. Bizim bəlalarımızın ən böyük memarı Rusiyadır və özünü tanıyan millət üçün erməni tör-töküntüləri problemə çevrilə bilməz. Ötən həftə rus siyasətinin real «sifəti» olan Jirinovskinin İran və Türkiyə ilə bağlı sayıqlamaları da ziddiyyətləri növbəti müstəviyə keçirmək üçün göstərilən cəhddir.
Rusiyanın özünün gələcək varlığına ümidi olmayan Kreml, əlini gücləndirmək üçün İranı da gizli müstəvidən açıq düşmənçiliyə keçirməkdə maraqlıdır. Reallıqda ruslar Azərbaycanın bütövlüyünə ciddi yanaşırdısa, nə üçün 1941-1945 — ci illər müharibəsi zamanı bizə bu imkanı tanımadılar? Halbuki sovet qoşunları İran ərazisinə daxil olmuşdu və problemin həlli üçün maneələr sıfır həddində idi. Amma rusların bütün narahatlıqlarının kökündə Türkiyə və Türk dünyası dayandığı üçün böyük bir millətin varlığını görməzdən gəlir, vaxtilə təməlini qoyduqları Qarabağ düyünü üzərində israrla dayanırlar. Bu düşmənçiliyin onlar üçün uğurlu və ya faciəli sonluqla bitəcəyini zaman göstərəcəkdir. Hər halda biz, ikinci versiya üzərində dayanıb, bütün istəklərimizi də buna yönəltməliyik. Erməni Lavrov- Kələntəryan açıq şəkildə «Türk qoşunlarının Qarabağ və Orta Asiya respublikalarında olmasını istəmirik», deyirsə , ortada olan niyyətin şərhinə ehtiyac qalmır.
Son bir həftənin bizim üçün narahatlıq doğuran olaylarından biri də ABŞ-ın Ermənistandakı səfiri Lin Treysinin dedikləridir. Qarabağ münaqişəsinin hələ bitmədiyini deyən (bu fikrində haqlıdır) səfir dolayı yolla status məsələsini qabardıb. Rusiyadan çəkindiyi üçün öz xəyanətkar niyyətlərini ayrı-ayrı millət və dövlətlərin faciəsi üzərindən həyata keçirən ABŞ, yəqin ki, Azərbaycan, Ukrayna və Gürcüstanı da İraqa, Liviya və Suriyaya, Əfqanıstana çevirmək istəyir. Nə yazıq ki, Azərbaycanda hələ də ABŞ- ın demokratiya nağıllarına inananlar var. Guya Amerika və Qərb diktaturaları devirmək üçün ortadadırlar. Olsun.
Bəs, o zaman Mübarəkin, Qəddafinin, Səddamın devrilməsindən sonra niyə, o ölkələrdə demokratiyanı təmin etmədilər? Niyə Bəşər Əsədin cinayətlərinə son qoymadılar? Onlara bu lazım deyil, axı. Gördünüzmü, Merkel son günlərdə Moskvaya səfərə gəldi. İşğalçı Putin tərəfindən hörmətlə qarşılanıb yola salındı. Bəs, demokratiya? Bu anlayış bizim kimiləri aldadıb yola vermək, başımızda ağalığı sürmək üçündür. Sadaladığım olaylardan sonra ən azı parlament üzvlərindən kimsə cəsarətlənib danışmalıydı. Bu qarmaqarışıqlıqda Məlahət İbrahimqızı adlı birisi çıxdı və xalqı cahillikdə günahlandırıb aşağıladı. Belə görünür ki, bu tipli adamlar üçün heç bir dəyər ölçüsü yoxdur. Halbuki təmas xəttində hər gün atışma var. Ruslar bayraq gününü bəhanə edib Qarabağda 50 metrlik işğal bayraqlarını qaldırırlar. Hər gün Qarabağ ermənilərinə silah-sursat daşınır. Üzdə bir- birinə guya düşməndir kimi davranan Rusiya və ABŞ, eləcə də Fransa bərk ayaqda status məsələsinə qayıtmağı düşünür. Azərbaycan dövlətinin bu məsələ ilə bağlı mövqeyini görməzdən gəlir.
Ən doğrusu, Qarabağa sülhün gəlişi rus şərməramlılarının torpaqlarımızı tərk etməsi, heç bir məramlının bura buraxılmamasıdır. Bunun da yolu Türkiyə, Pakiştan kimi qardaş və bir çox dost ölkələrlə iş birliyindən keçir. ABŞ-ın dəftərxanasını xatırladan BMT -nin heç bir qərarı bizim üçün əsas ola bilməz. 30 İl ərzində verdiyi 4 qətnaməyə sahib çıxmayan bir təşkilatın artıq heç bir önəmi yoxdur. Millət olaraq, Topxana harayına kökləndiyimiz ruha tapınmalı, hamıya layiq olduğu cavabı verməliyik. Ermənisiz Qarabağ daha gözəldi…
