Ermənistanın yeni XİN rəhbəri Ararat Mirzoyan bu gün rusiyalı həmkarı Sergey Lavrovla Qarabağ ətrafındakı məsələləri müzakirə edib.
Bu mərhələdə Ermənistanla Azərbaycan arasında sülh razılaşması üzrə hər hansı danışıqlar aparılmır, Ermənistanın yeni xarici işlər naziri Ararat Mirzoyan deyib.
O, çərşənbə axşamı günü Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşdə deyib ki, bu danışıqlardan öncə «mütləq Dağlıq Qarabağın statusu müəyyənləşdirilməlidir».
«Ermənistanla Azərbaycan arasında ehtimal olunan sülh müqaviləsinə gəlincə, Azərbaycan hökumətinin yerinə olsaydım, 9 noyabr 2020 və 11 yanvar 2021 -ci il tarixli üçtərəfli bəyanatlar çərçivəsində artıq əldə edilmiş razılaşmaların icrasına diqqətimi cəmləşdirərdim. Bu mərhələdə sülh müqaviləsi ilə bağlı heç bir danışıqlar aparılmır. Əgər belə danışıqlar başlasa, mütləq Dağlıq Qarabağın statusu məsələsi olmalıdır [daxil edilməlidir]», — TASS Ararat Mirzoyana istinadən yazır.
Ermənistan XİN rəhbəri Azərbaycanı 10 noyabr bəyanatının tələblərinə əməl etməməkdə ittiham edib.
Azərbaycanın bu ittihamlara reaksiyası hələlik məlum olmasa da, daha öncəki çıxışlarında Azərbaycan hakimiyyəti «üçtərəfli razılaşmaya sadiq qaldığını» bildirib.
O söyləyib ki, Ermənistan regionda sabitliyin qorunması istiqamətində «aktiv dialoqa hazırdır», lakin Azərbaycanın «destruktiv siyasətinə görə gərgin vəziyyət qalmaqdadır».
Ararat Mirzoyanın sözlərinə görə, Azərbaycan «Ermənistanın suveren ərazisinə birbaşa müdaxilə olan aktiv təxribatçı addımlar atır».
Rusiya xarici işlər naziri Sergey Lavrov hər iki tərəfin bir-birinə qarşı ritorikanı «yumşaltmalı» olduğunu söyləyib.
«Əlbəttə ki, hər iki tərəfdəki ritorikanı ciddi, əhəmiyyətli dərəcədə yumşaltmaq lazımdır. Bu, yekun, tamhüquqlu həll üçün şərait yaradacaq, buna şübhəm yoxdur», — o deyib.
Rusiya rəsmisi bildirib ki, hər şeydən əvvəl «etibarlı təhlükəsizliyin təmin edilməsi və etibarın bərpasına» başlanılmalıdır.
Onun sözlərinə görə, bu işdə üç ölkənin Baş nazirləri səviyyəsində formalaşdırılan işçi qrupun rolu böyük olacaq.
Sergey Lavrov Ararat Mirzoyanla Azərbayandakı «erməni əsirlərin azad edilməsi məsələsinin son həlli, minalanmış ərazilərin xəritələrinin verilməsi və ATƏT-in Minsk qrupu həmsədrlərinin gələcək fəaliyyəti» barədə müzakirələr apardıqlarını deyib.
Cənab Lavrov deyib ki, Rusiya Azərbaycanı «erməni hərbi əsirləri qeyd-şərtsiz azad etməyə» çağırır.
«Biz bu siqnalı [hamının hamıya mübadiləsi üzrə] azərbaycanlı həmkarlarımıza göndəririk, onları hər kəsi heç bir şərt olmadan azad etməyə çağırırıq», — Rusiya XİN rəhbəri söyləyib.
O söyləyib ki, Azərbaycan tərəfinin bu hərəkəti «hazırda çatışmayan etimadın simvolik addımı» olardı.
Mənbə: BBC