ELBARİZ Məmmədli
Şair, jurnalist
Hamımıza məlumdur ki, sentyabr ayında şimal qonşumuz, son əsrlərdə yaşadığımız bəlaların əsas memarı olan Rusiyada Dövlət Dumasına seçkilər keçiriləcəkdir. O Dumaya ki, qəbul etdiyi bütün beynəlxalq ünvanlı qərarlar həmişə bizim əleyhimizə olub. Torpaqlarımızın işğalı illərində düşmən Ermənistanı müdafiə etməklə, bütün qonşuluq körpülərini yandırıb.
Amma zaman elə gətirib ki, Rusiyada Kremlin işğalçılıq siyasətinə qarşı çıxan ayrı-ayrı siyasət adamları və toplumlar öz mövqeyini ortaya qoymaq imkanı qazanıb. Azərbaycanın apardığı 44 günlük ədalətli müharibə dövrünü xatırlayın. Kimlər bizim ədalətimizi müdafiə etdi? Şevçenko, Koretçenko və məhdud sayda bəziləri. Bu adamlar doğru olanı dedilər, ədaləti dillərinə gətirdilər və haqlı olaraq, xalqımızın rəğbətini qazandılar.
İndi həmin seçkilərdə Maksim Şevçenkonun rəhbərliyində olduğu (РПСС) Rusiya Azadlıq və Ədalət Partiyası da iştirak edir. Məqsədləri Dövlət Dumasında fraksiya şəklində təmsil olunmaq, Kremlin irticaçı siyasətini doğruya yönəltmək üçün mübarizə aparmaqdır. Ermənilərin çoxluq təşkil etdiyi rus siyasətində şübhəsiz ki, Şevçenko və komandasına ciddi təzyiqlər var. Bu partiyanın uğur qazanması, qonşu ölkənin siyasətində və informasiya sistemində ermənilərə, eləcə də onların havadarlarına böyük zərbə olacaqdır.
Faktdır ki, Rusiyada vətəndaşlıq qeydiyyatı olan on minlərlə (bəlkə də yüz minlərlə) azərbaycanlılar yaşayır. Onların başqa millətlərə mənsub olan insanlarla isti əlaqələri var. Elə isə, onlar hamılıqla bizim haqqımızı müdafiə edən Maksim Şevçenkonun və partiyasının uğur qazanmasına kömək etməlidirlər. Vətən müharibəsi günlərində olduğu kimi, bizim haqqımızı tanıyanın haqqını tanımalıdırlar. Bu bir ideoloji savaşdır. Düşmənlərimiz ayaqda olduğu halda, susmaq olmaz. Ermənilər belə şanslardan həmişə ustalıqla yararlanıblar. İndi növbə bizimdir.
Haydı, Vətən övladları!