DİN BİZİ AYIRMAQ DEYİL, BİRLƏŞDİRMƏK VASİTƏSİ OLMALIDIR

Xaqani Ədəboğlu «Türkçülükdə Səlcuqlu xəstəliyi» kitabından — 2016

(Əvvəli: https://fedai.az/?p=47533, https://fedai.az/?p=47533)

“Tarixçilər Babəkin əsil-nəsəbi barədə əsasən iki fikir (əslində fikirlər çoxdur) söyləyiblər. Birincisinə görə o, Əbu Müslüm Xorasaninin qızı Fatimənin oğlu Mütəhərrin nəslindən imiş. İkincisinə görə, Babək Cənubi Azərbaycanın Miməd nahiyəsindəki Bilalabad kəndində yaşayan bir qadınla əslən Mədain şəhərindən olan Abdullah adlı yağsatan bir kişinin izdivacından doğulmuşdur. Atasını erkən itirmiş Babək yerli hakimlərə xidmət edir, çobanlıqla məşğul olurdu (“İslam tarixi” II c. s.132). Bu məlumatlar müxtəlif mənbələrdə eyni şəkildə verilməkdədir.


Babəkin Əbu Müslümün soyundan gəlməsini Nizamülmülk də təsdiqləyir: “Bir yerə toplananda, məsələ həll edəndə, məşvərət edəndə onların sözü bu olar: Əvvəl Əbu Müslümə, Mehdiyə, Əbu Müslümün qızı Fatimənin oğlu “alim uşaq” adlanan Firuza salavat çəkərlər” (“Siyasətnamə” Bakı 1985 ). Bu fakt Babəkin həm müsəlman, həm də Əbu Müslümün soyundan olmasını təsdiqləyir. Nizamülmülk Babək hərəkatını “batini” adlandırır və İslam dini üzrə bir təriqət başçısı olmasını da təsdiqləyir. Batiniləri Qum, Kaşan, Təbəristan, Səbavar, Mavərannəhr, Qəzvin və Bağdadda qərməti, Kufədə mübarəki, Reydə xələfi, Corcanda müxəmməri, Bəhreyndə cənnabi, şərqdə seyyidi və s. adlarla adlandırırdılar (yenə orada). La-kin qərmətilərlə batinilər arasında xeyli fərqlər var. Daha sonra Nizamülmülk yazır: “Hürrəmdinlər (Əslində hərəkat Xürrəmi deyil, Hürrəmi adlanır. Tərcümələr keçidində “xürrəmi” adı yanlış olub. “H” və “X” hərflərinin ərəbcə yazılışlarının oxşarlığı bu yanlışa rəvac verib حرام — حَرام – müəl.) batinilərlə xeyli yaxındırlar…


Bu yoldan azmışlar adamları ovlamaq üçün özlərini Peyğəmbər (s.ə.s) övladlarını sevənlər kimi qələmə verirlər” (“Siyasətnamə” səh.183).


Başqa fars mənbələrində isə “alim uşaq” adlı təriqətə rast gəlinir. Əbu Müslümün nəvəsi barədə deyilmiş “kudake dana” adından kudəkiyyə təriqətinin yaranması bildirilir.


Araşdırmalarım zamanı hürrəmiliyin daha çox ələviliyə və qədim türk adət-ənənələrinə bənzədiyinin şahidi oldum. Əslində bir sıra əsərlərdə onların qadınlarla birgə çalıb oynadıqları indiki Səmah ayini olmasını düşünürəm. Həm də “müxəmməri-qırmızılar” adı elə qızılbaşlıq anlamı daşıyır. Yəni mənbələr Babəkin kafir olmasını deyil, bir təriqət başçısı olmasını qeyd etməkdədir.


Əbu Hənifə Dinəvəri “Əxbar Ət Tival” əsərində yazır: “Fikrimcə, ən dürüst və qəti budur ki, o, (Babək) Əbu Müslümün qızı Fatimənin oğlu Mütəhərrin nəslindən əmələ gəlmiş və buna görə də fatimilərə mənsub olan hürrəmilər adı almışlar. Həmin Fatiməni Rəsulullahın (s) qızı ilə qarışdırmamalı” (yenə orada s. 309).


Deməli, bir çox mənbələrdə xalqın gözündən salmaq üçün Babəkin anası haqqında deyilənlər, kin və nifrətdən doğan böhtanlardır.
Nizamülmülk hürrəmilərlə bağlı geniş bilgi verib. Sadəcə yanlış bilgilər içərisindən bilgiləri tarixə uyğun sıralamaq vacibdir. Çünki əcdadı Firdovsinin yoluyla gedən Nizamülmülk hadisələri utanmadan saxtalaşdıra bilir. Hürrəmilərə həsr olunan fəsli diqqətinizə çatdırmağıma səbəb Əbu Müslümlə bağlı olan bilgilərdir: “Ondan sonra Harun ər-Rəşidin dövründə bu tayfalardan heç kəs baş qalxızmadı. Məzdəkin arvadı, Fadənin qızı Xorrəmə, iki adamla Mədaindən qaçıb Rey yaxınlığına gəldi və camaatı ərinin məzhəbinə dəvət etməyə başladı. Kafirlərdən bəziləri yenə də onun məzhəbini qəbul etdi. Camaat onlara xorrəmdinlər ləqəbi verdilər…


…Peyğəmbərin (s) hicrətindən 130 il keçəndən sonra Əbu Cəfər Əl Mənsur, Bağdad şəhərində “dəvət sahibi” ləqəbli (Bu ləqəbi Abbasiləri hakimiyyətə dəvət etdiyi üçün vermişdilər – müəl.) Əbu Müslüm öldürüldüyü zaman Nişabur şəhərinin rəisi Sunbad adlı bir kafir idi (bu da yalan məlumatdı. Hicri 131-ci ildə Nahəvənd yaxınlığında, tarixi bir məkanda-110 il əvvəl Sasani ordusunun darmadağın edildiyi yerdə Qəhtəbənin başçılıq etdiyi Xorasan ordusu Əməvilərin ordusunu darmadağın etdi. Bundan sonra hicri 132-ci ildə Qəhtəbə Kufəyə daxil oldu. Bu hərəkatın başında Əbu Müslüm dururdu – müəl.). Onun Əbu Müslümlə qədimdən dostluğu vardı. Əbu Müslüm onu irəli çəkmişdi: “Əbu Müslüm öldürüldükdən sonra o, xüruc etdi. Reyə əmir təyin edilmiş Ubeydə Hənəfini öldürdü, Əbu Müslümdən qalmış xəzinələri ələ keçirdi. Elə ki, gücləndi …


Əbu Müslüm tərəfindən vəkil edildiyini irəli sürdü. (Əbu Müslümi hicri 137-ci ildə xəlifə Mənsur qətlə yetirib – müəl.). İraq və Xorasan əhalisinə deyirdi: “Əbu Müslümü öldürməmişlər, Əbu Müslüm onu öldürmək istərkən Allah-Təalanın adını çəkmiş, ağ göyərçinə dönərək uçub getmişdir. İndi misdən qayrılmış bir qalada Mehdi (12-ci imam) və Məzdəklə bir yerdə oturmuşlar. Hər üçü zühur edəcək. Məzdək onun vəziri olacaq. Mənə məktub göndərmişlər…” (yenə orada s.166).


Sunbad atəşpərəst-zərdüşti dininə mənsub birisi olaraq çox güman ki, ətrafına daha çox adam yığmağa çalışmış və bunu uydurmuşdur. Eyni vaxtda Xorasanda qiyam edən İshaq adlı türk Abbasilərin yeni valisini məğlub etdi. Xilafətin bir çox yerlərində bu hadisəylə bağlı qiyamlar oldu.

…Rafizilər Mehdinin, Məzdəkilər Məzdəkin adını eşidincə onun başına toplaşdılar. Dəstəsi günbəgün böyüdü, axırda yüz min adam onun başına toplaşdı… Xorrəmdinlərə deyirdi: “Məzdək şiə idi, mən sizə əmr edirəm, şiələrlə əlbir olunuz, Əbu Müslümün qanını alınız…” (yenə orada s.166). Burada da Nizamülmülk gələcək düşmənçiliyin bünövrəsini qoyur. Atəşpərəst olan Sinbad şiəliyi təbliğ edir. Azərbaycanın və Xorasanın qədim əhalisi əsasən İmam Əli (ə) və Əhli-Beyt tərəfdarı olması faktını Nizamülmülk özü də təsdiqləyib: “(Məhəmməd Nəxşəbi) Qalxıb Buxaraya getdi… Sünniləri yoldan çıxarır və tədricən şiəliyə gətirirdi… Xorasan əmiri Nəsr də şiəliyi Məhəmməd Nəxşəbidən qəbul etdi” (yenə orada s.170-171).


Yəni bölgədə aparıcı güc olan türklər Əhli-Beyt tərəfdarıydılar və Abbasiləri də “qəsbkar” hesab edirdilər. Müəllif daha sonra yazır: “Hər üç dəstənin könlünü alardı. O, Mənsurun bir neçə sərkərdəsini öldürdü, ordular məğlub etdi, yeddi ildən sonra Cümhur İcli davaya gəldi (“Tarixe Təbəri”də Cövhər bin Mərzar əl Əcəli yazılıb – müəl.). Cümhur Xuzistan, fars (!!!) qoşunlarını toplayıb İsfahana gəldi, İsfahan könüllülərini onlara qoşub Reyə yollandı. Üç gün Sinbad bərk vuruşdu. Dördüncü gün Cümhur Sinbadı öldürdü… Xorrəmdin və Məzdək məzhəbi qarışdı” (yenə orada s.166. Çox güman ki, bu yaramaz fars çoxlu şərab içdiyindən Xorrəmin elə Məzdəkin arvadı olduğunu yazmasını unudub. Elə onlar məzdəki idilər və bundan başqa heç bir mənbədə hürrəmilərlə məzdəkilərin yaxınlığı barədə söhbət açılmır. Məhz din və adət-ənənə fərqinə görə Babək Məzdəklə heç zaman birgə hərəkət etməyib. Hətta Afşin öz məhkəməsində Babəkin onlarla birləşməməsini məğlubiyyətin səbəbi kimi dilə gətirib – müəl.).
Tarixən şiəliyə qarşı ən kəskin mübarizələr aparan farsların bu gün böyük qismi şiədir…


Sadalanan faktlar Nizamülmülkün “Siyasətnamə” əsərindən götürülüb. Sunbad heç də yeddi il müqavimət göstərməyib, elə həmin hicri 137-ci ildə (755-ci il) öldürülüb. Babəkə qədər Əbu Müslümün qisasının alınması üçün onlarla qiyam baş verib. Miladi 767-ci ildə Herat və Sistanda Ustadsız ləqəbli şəxsin rəhbərliyi ilə üsyan qalxdı. Xorasanın bir neçə şəhərini ələ keçirib Abbasi valilərini qovdular. Beləliklə, Əbu Müslümün qətlindən (755-ci il) başlanan bu hərəkat xəlifələrin basqılarıyla yetərincə dinsizləşdirilib. Onları xalqın gözündən salmaq üçün bu üsyan faktları yetərincə saxtalaşdırılıb. Bu gün kimin haqlı, kimin haqsız, nəyin doğru, nəyin yalan olduğunu ayırd etmək üçün ciddi araşdırmalara ehtiyac var.


Din və məzhəblərin təsnifatı mövzusunda qələmə alınmış qədim və orijinal mənbələrdən sayılan Seyyid Mürtəza ibn Dai Həsəni Razi-nin “Təbsürət-ül əvam fi-mərifəti maqalat-il-ənam” kitabında yazıldığına görə Hürrəmilər İslam məzhəbləri sırasında, Əbu Müslimiyyənin qolu olaraq göstərilir. Müəllif bu təriqət tərəfdarlarının özlərini şiə saydıqlarını yazır, lakin bunun doğru olmadığını da söyləyir. Onun fikrincə Müslimiyyə nə şiə, nə də əhli sünnə əqidəsinə tam uyğun gəlmir. “On yeddinci firqə – Əbu Müslimiyyə. Bu firqəni ona görə şiələrə aid edirlər ki, o, (Əbu Müslüm Xorasani -müəl.) qiyam edib Allahın və Ali-Məhəmmədin Bəni-Ümeyyəyə mənsub düşmənlərindən xeyli hissəsini qırmışdı. Bil ki, bu fikir səhvdir.

Şiələr imamətin İlahi göstərişlə, sünnilər seçki ilə idarə edilməsini düşünürdülər. Əbu Müslüm isə irsən keçməsinə inanırdı. Kitabda yazılanlara görə bu firqə üç dəstəyə bölünmüşdü. Bu dəstələrin hər biri imamətin Bəni Abbas qoluna mənsub olduğuna etiqad bəsləyirdi. Fərq – Abbasi imamlığının hansı qolla, nəsillə ötürülməsində idi. Əbu Müslümiyyənin ikinci dəstəsi haqqında söhbət açan müəllif onları “Rəzzamiyyə” adlandırır və yazır: “Onlar deyirlər ki, Məhəmməd ibn Əli (ibn Abdullah ibn Abbas ibn Əbdülmütalib) imaməti öz oğlu İbrahimə vəsiyyət etdi. Əbu Müslüm isə əhalini ona tabe olmağa çağırırdı. Bu əqidənin tərəfdarları gizlində iddia edirdilər ki, Əbu Müslüm dəlil və möcüzələr sahibidir. Bu dəstəyə hürrəmiyyə də deyirlər. Onlar sələflərinin şəhərlərinə səpələniblər. Başçılarının adı Rəzzam idi, buna görə də onları rəzzamiyyə adlandırırdılar…


…Bil ki, bu tayfanı hər yerdə ayrı-ayrı adlarla çağırırlar. İsfahan və ətrafında hürrəmiyyə, Qəzvində məzdəki və sunbadi, Maheyndə mühəmmərə, Azərbaycanda qövliyyə və Mavəraünnəhrdə müğan deyirlər.”


Müəllif daha sonra ismaili məzhəbindən söz açır və burada da hürrəmilər barədə məlumat verir: “On səkkizinci firqə – ismaililər. Onları batiniyyə, qərməti, hürrəmiyyə, səbiyyə, babəkiyyə və mühammirə adlandırırlar” (yenə ora-da s.178-181). Burada Babək haqqında təhqi-ramiz ifadələrdən də aydın olur ki, babəkiyyə Babək tərəfdarlarından ibarətdir. Şəhristaniyə mənsub “Əl-Miləlu vənnihəl” kitabında hür-rəmilər “ğaliyyə” (ifratçılar) başlığı altında yerləşdirilib. Müəllif ğaliyyə firqəsini şiəliyin adıyla bağlayaraq yazır: “Hər şəhərdə onların öz ləqəbləri var. İsfahanda hürrəmiyyə, kuziyyə, Reydə məzdəkiyyə və sunbaziyyə, Azərbaycanda duquliyyə, başqa bir yerdə mühəmmərə (qırmızılar, yəni qızılbaşlar – müəl.), Mavəraünnəhrdə isə mübəyyəzə (ağlar) deyirlər” (N.Rəhimov “İslam tarixi” II c. Bakı 2005 s. 134-135).

Deyilənlərdən aydın olur ki, Babək müsəlman idi. O, firqə, təriqət yaradacaq qədər elmli və qəhrəman birisiydi.


Bu gün dinsiz, kafir və s. kimi uydurmaları xalqa sırıyanlar, hətta Babəki dinsizlikdə it-tiham edən napak adamlara sübut üçün oxu-madan, tarixi öyrənmədən keçmişə daş atma-malarını tövsiyə edərdim. Bu gün türk milləti “güzgünü” qırmadan onun qarşısına keçməli, özünü tanımalıdır. Millət dünyada tayı-bərabəri olmayan bir üsyançının, milli azadlıq fədaisinin apardığı mübarizənin miqyasını düzgün dəyərləndirməlidir.


Yazıqlar olsun ki, başı tarixi araşdırmalardan çıxmayan adamlar, ağır bir mövzudan öz tərcümeyi-halları kimi danışmaqdadırlar…


Maraqlıdır ki, rus-sovet alimi Y.Belyayev də Babək üsyanını (815-837) və hürrəmi hərəkatını İsmaili firqəsinə aid edir (Y. Belyayev “Müsəlman təriqətləri” Bakı 1991 s.47).


Məxəzləri nəzərdən keçirdikdə Xilafətdə anti-türk ovqatının güclənməsi, Xilafətin dini yaymaq əvəzinə yürütdüyü soyğunçu işğal siyasətinə qarşı yüksələn bu hərəkatın bütün dünyaya səs salması onlarla üsyanın başlanmasına səbəb olub. Qüzey Azərbaycanda (Albaniyanın xristian türkləri) xristian əhali pavlikilər hərəkatı yerli işbirlikçi məmurlara və ərəblərə qarşı geniş vüsət almaqdaydı. Hürrəmilərin üsyan etmiş fars mənşəli məzdəkilərlə və Məzyərin başçılığı altında olan üsyançılarla birgə olmaması onların zərdüştlüyü, məzdəkiliyi ilə bağlı olub. Babək batil inanc sahibi deyildi. Babası İslam ordusunun komandanı olmuş birisini dinsizlikdə suçlamaq ən azı nadanlıqdır.


Babəkin Cavidanın yerinə seçilməsini əsasən onun Cavidanla heç bir qan bağı olmaması səbəbindən daha çox hallandırırlar. Bütün mənbələr belə bir səhnəni təsvir edirlər: “Şəraba çörək doğranır və bu seçimdə iştirak edən-lər bir tikə götürüb yeyırlər”.

Əhməd İbn Əcəm Əl Kufi, Əbu Cəfər Məhəmməd İbn Cəzir Ət-Təbəri, Əbu Mənsur Əl Bağdadi, Məhəmməd İbn İshaq ibn ən Nədim, Əbu Tahir Əl Məqdisi və bir çox başqa müəlliflər bu səhnəni kafirlik kimi təqdim etməyə çalışıblar. Türklərin andlaşma, müqavilə bağlama gələnəyindən onların xəbərləri yoxdur. Əslində bu fakt Babəkin türk olmasını, həm də Əbu Müslüm Xorasaninin (Əbu Müslüm Xorasana Azərbaycandan getməsi, atalığının Xorasana əmır göndərilməsi ilə bağlı olması barədə tarixi faktları qeyd etdim – müəl.) türklüyünə şübhələri olanlara əsaslı bir cavabdır.


Hələ qədimlərdə saqa türklərinin andlaşmasını Herodot qələmə alıb: “Skiflərdə bütün dostluq, əməkdaşlıq müqavilələri (sözləşmələr) bu cür andlaşma ilə həyata keçirilirdi. Böyük saxsı qaba şərab tökər və sözləşmədə iştirak edənlərin qanı ilə qarışdırılardı. Bunun üçün dərini cızar, ya da bıçaqla kəsərdilər. Sonra cama qılınc, ox, kaman və nizə ucluğu atırdılar. Bundan sonra uzun andlaşma başlayar, sonra isə iştirakçılar və onların hörmət bəslədiyi adamlar bu şərabdan içərdilər” (Геродот «История IV в.» стр. 254/70 Москва 2006).

Bu adəti şərq xristianları türklərdən götürmüş və məzmununu bilmədən ibadətlərini çörək və şərabla dualandırırlar. Xristianlar buna liturgiya ayini adı vermişlər. Rus-sovet şərqşünası Y.Belyayev bu ayinin ələvilərdə qaldığını yazır.


(Mən bu faktı dəqiqləşdirə bil-mədim. Bir çox mənbələrdə Babək tərəfdarlarının qadınlarla birgə rəqslər etməsi (səmah), ney çalmaları, həcci və cihadı vacib saymamaları, məscidə getməmələri, oruc tutmamaları öz əksini tapıb.

Çox güman ki, Babək türk – Qızılbaşlıq inancını bərpa etmişdi. O dövr qərbdə bizanslılardan, şərqdə isə ərəb təzyiqlərindən qaçan Qızılbaşların Babəkin aparıcı qüvvəsinə çevrilməsini ehtimal etmək olar. İbadət azadlığının olması, Qızılbaşlığın təməl əsaslarından olduğuna görə, Babəkin məscidlər tikməsi haqqında məlumatlar var. Bu mövzu daha dərindən araşdırılmalıdı.

Çünki Şeyx Cüneydin və Şeyx Heydərin adlarının dövrün mənbələrində (Xuncinin əsərində) bəklə bağlı çəkildiyini qeyd etmişəm.

Çağdaş dönəmdə ələvi toplumu bu ulu zatları unutmamış və Şah Xətai şeirləriylə öz ayinlərini icra etməkdədirlər. – müəl.): “Mömin müsəlmanların təqibləri və Birinci Dünya Savaşının axırına qədər Suriyanı idarə etmiş Türkiyə hakimlərinin daim cəza tədbirləri qorxusu ələvilərə gizli təşkilat şəklində yaşamaqdan başqa imkan vermirdi. Ələvilər öz dini ayinlərini icra etmək üçün adətən gecə vaxtı bir binada, yaxud da yaxşı qoruna bilən bir evdə toplaşırdılar. Onların bu cür ayinlərinin məqsədi iba-dət etmək idi ki, bu da eynilə xristianların liturgiyasına (xristianların ən əsas ibadət ayininə – müəl.) bənzəyirdi. Onlar da şərq xristianları kimi belə ibadətləri çörək və şərabla dualandırırdılar” (Y.Belyayev “Müsəlman təriqətləri” Bakı 1991. s.84).


Ardı var

Bu xəbəri paylaşın: