Niyə Vətən müharibəsinin qaziləri acınacaqlı durumudadır?

Elmar Hüseynov

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB)sədrinin səlahiyyətli nümayəndəsi, Nəsimi rayon şöbəsinin sədri Azərbaycan bayrağı ordenli, ehtiyyatda olan polkovnik

MÜHARİBƏ VETERANI QAZİLƏRİN PROBLEMLƏRİNDƏN YAZDI…

Ali Baş Komandan cənab İlham Əliyevin  dəmir iradəsi ilə  Müzəffər Azərbaycan əsgərinin 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazandığı parlaq qələbə xalqımızın son 30 ildə çəkdiyi mənəvi əzab-əziyyətə son qoydu. 1990-cı illərdə mənfur düşmənə qarşı mətanətlə vuruşan veteranların nəslində yetişən oğullar bu gün vətən torpaqlarını azad etməyi bacardı. Biz şanlı ordumuzla fəxr edirik. Biz Şəhidlərimizin əziz xatirəsini hörmətlə anırıq.

Vətən müharibəsində müxtəlif xəsarətlər almış əlil və yaralı zabit və əsgərlərimiz ən yüksək diqqət və qayğıya layiqdirlər. Əlini, ayağını, gözünü itirmiş igid qazilərimizin intensiv müalicəyə, müasir tipli tibb avadanlıqları ilə reabilitasiya ehtiyacları var.

Bir çox klinikalarda qazilərin yüksək səviyyədə müalicəsi aparılır. Lakin son günlər rastlaşdığımız xoşagəlməz faktlar bu sahədə bir çox problemlərin və boşluğun olduğunu göstərir. “YAŞAT” Fondunun xətti ilə rayonlarda yaşayan qazilər Bakı şəhərinə çağrılırlar və aylarla hər hansı tibb müəsisələrində müalicəyə, əməliyyatlara və sair bərpa, protez düzəltmə kimi prosedurlara cəlb olunurlar. Problem ondadır ki, Qazilər ancaq gündüzlər tibb müəsisələrində olurlar. Surka ərzində onlar harada qalır, necə qidalanır heç kimi maraqlandırmır. Əksər vaxtlarda qazilər çox çətin durumda qalırlar. “YAŞAT” Fondunda kiminsə qəbuluna düşmək qazilər üçün mümkün deyil. 8110 nömrəli telefonda isə onlara cavab verilir ki, “YAŞAT” Fondu qazilərin harada yaşamaları və qidalanmalarına cavabdeh deyil. Aidiyyatı üzrə digər qurumlar da qazilərin problemləri ilə ancaq onların siyahılarında olan şəxsi heyyətlə maraqlanırlar. Sonra isə gün ərzində çox çətin bir durumda 2-3 nəfərlik otaq kirayə edib qalırlar. Yeməkləri isə harada, necə gəldi. Günlərlə şəhərin bir tərəfindən o birisi tərəfinə 20 dəqiqəlik masaj, fizoterapiya və sair üçün gedirlər. Haqqında danışdığım 3 nəfər qazi özlərinin dediyinə görə, son 3 gündə pulları olmadığına görə parklarda gecələyiblər. Təsadüfən onları soyuq havada parkda görmüşük, aparıb 1 günlük otelə yerləşdirmişik. Niyə belə olmalıdır? Axı bizim qəhrəman oğullarımız belə biganəliyə, diqqətsizliyə layiq deyillər. Ölkə prezidentinin gördüyü işlərə bacarıqsız məmurlar niyə kölgə salırlar?

Muradov Ruzigar Yasin oğlu Şəki rayonundan gəlib. O  gözünün tamamilə tutulmaq problemi ilə üzləşib. Müalicə üçün “YAŞAT” Fondu tərəfindən Z.Əliyeva adına Kilnikaya göndərilib. Qazimizə orada çox laqeyid və ögey münasubət göstəriblər. Ayağındakı xəsarətə görə isə Nizami rayonunda yerləşən Turan klinikasına gedir. Baxın Nəsmi rayonu haradadır, Nizami rayonu haradadır. Bu qədər yolu yaralı insan necə getsin. Həkimlər də ki, gah yerində olur, gah da olmur. Biabırçılıqdır.

Əliyev Əlizamin Məhəmməd oğlunu Bərdə rayonundan sol əlində ağir travmalar var. Ürəyində çox böyük bir problem var. Əsəb sistemi pozulub. 48 saat yaralı vəziyyətdə Suqovuşanda köməksiz halda qalıb, kömək gözləyib. 8110 çağrı mərkəzi vasitəsi ilə “YAŞAT” Fonduna dəfələrlə müraciət edib ki, mənə kömək edin, düzgün müalicə etsinlər. Amma hələ ki, müsbət nəticə yoxdur.

 Cəlalzadə Aqil Allahverdi oğlu Mingəçevir şəhərindən gəlib. Ayağı tutulub, işləmir. Fizoterapiya olunmalıdır. “YAŞAT” Fondu onu göndərib 20 Yanvar metro stansiyasının yağınlığında yerləşən Respublika xəstəxanasına. Orada müayinə ediblər və göndəriblər Xətai  rayonuna, Əhmədlidəki xəstəxanaya. Orada ona deyirlər ki, mütləq sənə iynə vurulmalıdır. Qazı deyir ki, həkim mənim ürəyimdə çat var. Bu təhlükəli ola bilər, mən ölə bilərəm.

“YAŞAT” Fondunun baş bilənlərinə sual verirəm: Siz Qazilərimizi yaşatmaq üçün çalışırsınız yoxsa?..

Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “YAŞAT” Fondunun Himayəçilik Şurasının üzvlərinə müraciət edirəm, hörmətli cənablar! Sizin məlumatınız varmı ki, Qazilərimizin əksəriyyətinin çətin vəziyyətdədir?

      Abdullayev Çingiz Akif oğlu,

      Alızadə Sevinc Əsgərxan qızı

      Aslanov   Novruzəli Davud oğlu,

      Afaq Məsud,

      İbrahimov Mənsum İsrafil oğlu,

      İsgəndərov Anar Camal oğlu,

     Qasımov Balakişi Ələkbər oğlu,

     Novruzov Cahangir Mütəllib oğlu,

     Ramaldanov Şair Ramaldan oğlu,

     Səfərəliyeva Rəna Teymur qızı,

     Zəkiyev İlham Əzizağa oğlu

 Nəticə olaraq bildirirəm ki, kimliyindən asılı olmayaraq, hər kəs ona həvalə olunmuş vəzifəni ləyaqətlə yerinə yetirməyə borcludur. Bacarmırsansa, yeri boşaldın, qoy bacaranlar o vəzifəni icra etsinlər.

Bu xəbəri paylaşın: