AYILMAQ «TƏHLÜKƏSİ» VARMI?

Elbariz Məmmədli

Şair, jurnalist

Düşmənlərimiz aqressivləşib. Hər gün heç də bir- biri ilə uzlaşmayan ziddiyyətli xəbərlər yayılır. Maraqlıdır ki, internet televiziyalarda bu xəbərlər elə başlıqlar alyında təqdim olunur ki, çoxları bu manevrə aldanaraq, baxmaq məcburiyyətində qalırlar.

Sonda deyilənlərin heç biri təsdiqlənmir və hamı məyusluğa qapılır. Cəmiyyətimizdə hələ də anlamayanlar var ki, Qarabağ məsələsi təkcə Azərbaycana aid olan məsələ deyil. Problemin alt qatında düşmənlərimizin daha ciddi niyyətləri dayanır.

Azərbaycanla bağlı məsələni düşmənlər hələ 200 il bundan əvvəl həll ediblər. Vətənimizi bir neçə yerə parçalayıb, özləri üçün arxayınlıq mühiti yaradıblar. Bəs, indi niyyət nədir?

Gəlin, Yaxın Şərqin və bizim mövcud olduğumuz bölgənin real mənzərəsinə baxaq. Regionun ən hegemon dövləti olan Rusiya hər tərəfdən özünə düşmən elədiyi dövlətlərlə əhatələnib .

Tarixə bələdçiliyi olanlar yaxşı bilirlər ki, bu düşmənçilik uzun illərin məsələsidir və onun həllinə girişmək rusların sonunu gətirər. Amma rusların ən böyük problemi yüz illər boyu bütün istismar metodlarını tətbiq etməklə , yaddaşını silə bilmədiyi Türk milləti ilə bağlıdır. Çünki indi onlara məxsus olan coğrafiyanın əsl sahibinin məhz Türklər olduğunu yaxşı bilirlər. Bu dirçəlişi önləmək üçün PKK-nın yaradılması və geniş coğrafiyaya transfer olunması da məhz sovet hakimiyyətinin əli işi olub. Onlar Türkiyənin nə vaxtsa dirçələcəyini, Türk kimliyinin əyilməz və dönməz olduğunu yaxı bilirdilər.

Azərbaycan və Türkiyə arasında sərhəd əlaqələrinin kəsilməsi, bütün münasibətlərə yasaq qoyulması yürüdülən düşmənçilik siyasətinin sadəcə bir həlqəsi idi. Sonra bu həlqələr böyüməyə başladı. Qarabağın işğalı, Suriya, İraq, Yunanıstan və.s İndi vəziyyəti nəzərdən keçirək. Düşmənlər Türkiyənin hər tərəfində PKK-nın nüfuz sahibi olması üçün ciddi iş aparıblar. Özü də bu təkcə Rusiyanın əməli deyil. Burda ruslarla yanaşı, Fransa, İran, Ermənistan, Yunanıstan, hətta ABŞ kimi dövlətlərin «əməyi» var. Neçə vaxtdır ki, Azərbaycan cəmiyyəti Tərtər cinayətləri ilə bağlı deyilənlərin və yazılanların dəhşətindən asılı qalıb. Burda bir sual yaranır: 30 ilə yaxındır ki, niyə məhz Tərtər?

Erməni -rus işğalı onsuz da Qarabağ sərhədini keçmişdi və Gədəbəy, Tovuz, Qazax kimi rayonları da əhatə edə bilərdi. Onsuz da dünyanın bu vandallığa və işğala ciddi reaksiyası olmayacaqdı. Amma düşmənlər nə etdiklərini bilirlər. Tərtərin işğalı həmin bölgəni də birbaşa işğal altına salırdı. Bir də ki, PKK-nı orda yerləşdirməklə, İrandan və Ermənistandan təminatının ödənilməsi daha asan olurdu. Beləliklə, Türkiyə üçün daha bir təhlükə ocağı alovlandırılırdı. Qəhrəman hərbçilərimiz ağır işgəncələrə dözməklə bax, böyük güclərin, tarixi düşmənlərin hazırladığı bu planları pozublar.

Azərbaycan əsgər və zanitinə təcavüz etmək, əslində Türk kimliyinin zorlanması cəhdi kimi sorğulanmalıdır. Bu gün qardaş Türkiyənin Qarabağda var olmasını düşmənlər heç də gözləmirdilər. Bizimlə diqtə dilində danışır, tələblər irəli sürürdülər. Vəziyyətin onların istəyinin əksinə olduğunu görən ruslar aqressivləşib, İran və Ermənistan şər əməllərinin yeni metodlarına əl atıblar. Cənubi Azərbaycandakı son Sulduz olayları bunun əlamətidir. Bunu Türkiyə yaxşı anlayır və olaylardan kənara çəkilmək fikri də yoxdur.

Bizim cəmiyyət həmişə hadisələrin arxasınca getməyə alışqan olub. Namərd qonşular başımızda bazarlıq açdıqları halda, yatıb yuxuya qalmışıq. 44 günlük Vətən savaşında bir az özümüzə gəlib, ayıq başla səfərbər oluna bildik. Hərçənd ki, savaş hələ bitməyib. Ölkənin içində FSB, PKK, Feto, Ettelat yönümlü kifayət qədər xain var. Sosial şəbəkələrdəki fikirlərindən onların niyyətləri açıq aydın hiss olunur.

Hamı anlamalıdır ki, əsas davalar hələ öndədir. Bilmirəm, bunları önləmək üçün canımızda ayılmaq «təhlükəsi » varmı?

Kaş olaydı…

Bu xəbəri paylaşın: