Xüsusi Komandanlıq: türk generalları Azərbaycanda nə edəcəklər?

Türk Silahlı Qüvvələrini Azərbaycanda təmsil edən Xüsusi Komandanlığına 4 türk generalı təyin olunub. Bunlar Bahtiyar Ersay, Abdullah Qatırcı, Ender Güner və Zekeriye Yalçındır.

Xüsusi Komandanlıq Azərbaycanda 1992-ci ildən fəaliyyət göstərir. Lakin yerli mediada onun bu günə qədər daha aşağı rütbəli zabitlərlə təmsil olunduğu qeyd edilir.

BBC News Azərbaycancaya danışan hərbi təhlilçi Üzeyir Cəfərov bildirir ki, türkiyəli hərbçilər Azərbaycan Silahlı Qüvvələrinə müxtəlif sahələrdə məsləhət verəcəklər.

Azərbaycan ordu quruculuğunda Türkiyə modelinə istinad etdiyini bildirir. Bu barədə ötən il Azərbaycan dövlət başçısı da birmənalı bəyanat verib. «Biz də Türkiyə ordusunun daha kiçik modelini qururuq və inşallah, bərabər quracağıq,» — TRT kanalına müsahibəsində İlham Əliyev deyib.

Hərbi təhlilçi Azad İsazadəyə görə, hazırda türk hərbçilərinin gəlişi də məhz Azərbaycan ordusundakı yeni proseslərlə bağlıdır: «Zənnimcə, bu, Azərbaycan silahlı qüvvələrində aparılan islahatlarla əlaqədardır».

Hazırda Azərbaycan öz Quru Qoşunlarının struktur islahatını aparır, hərbi təhlilçilər deyir. Üzeyir Cəfərovun fikrincə, general-mayor Bahtiyar Ersay məhz bu istiqamətdə çalışacaq, «sırf quru qoşunlarının» hazırlığında məsləhətçi kimi rol oynayacaq.

O, Azərbaycanda təmsil olunan digər yüksək rütbəli türk hərbçilərinin də məsləhətçi qismində fəaliyyət göstərdiyini deyib.

«Onlar Azərbaycanda ayrı-ayrı qoşun növlərində, müşavirlər səviyyəsində çalışırlar. Onlar [ötən əsrin] 90-cı illərdən bəri [orduda] təmsil olunublar».

Üzeyir Cəfərov türk generallarının Azərbaycan ordusunda məsləhətçi kimi təmsilçiliyində qeyri-adi hal görmür, onun qənaətincə, yeni təyin edilən hərbçilərin rütbəsi bu məsələyə diqqət çəkib.

Azərbaycan və Türkiyə Silahlı Qüvvələri müntəzəm olaraq birgə təlimlər keçirirlər. Son dəfə belə təlimlər Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan Laçın dəhlizi yaxınlığlnda keçirilib.

Azərbaycan, həmçinin türk silahlarının, o cümlədən 2-ci Qarabağ Müharibəsi vaxtı istifadə olunaraq məşhurlaşan Bayraktar kimi pilotsuz uçan aparatların alıcısıdır.

İyunun 15-də imzalanan Şuşa Bəyannaməsi iki ölkə arasında hərbi sənaye sahəsində əməkdaşlığın dərinləşməsini nəzərdə tutur. Sənəddə deyilir ki, tərəflərdən hər hansı birinə üçüncü ölkə tərəfindən təhlükə olarsa, bu ölkələr bir-birini qorumaq üçün birgə addım atacaqlar.

Azərbaycan ərazisində İkinci Qarabağ müharibəsindən sonra Qarabağ bölgəsində Rusiya-Türkiyə birgə Monitorinq Mərkəzi də fəaliyyət göstərir.

Mənbə: BBC

Bu xəbəri paylaşın: