Bayraq. Səni nə qədər öysək də azdır. Bu üç rəngli Azərbaycan Bayrağı uğrunda öz canından keçən qəhrəmanları unutmayın. Nihat Asiya dediyi kimi:
Ey, mavi göylərin bəyaz və qızıl süsü!..
Bacılarımın gəlinliyi, şəhidimin son örtüsü,
Işıq- ışıq, dalğa- dalğa bayrağım,
Sənin dastanını oxudum, sənin dastanını yazacağam.
Sənə mənim gözümlə baxmayanın
Məzarını qazacağam!
Səni salamlamadan uçan quşun
Yuvasını pozacağam.
Dalgalandığın yerdə, nə qorxu, nə kədər…
Gölgəndə mənə də, mənə də yer ver !
Bayraq Günü NATİQ QASIMOVUN günüdür. Bu şanlı qəhrəmanlar o bayrağın uğrunda düşünmədən can verdilər. Bu Şanlı Bayraq kölgəsinə sığınıb öz nəfslərinin istəkləri ilə bu millətə töhmət gətirən bəzi üzdəniiraqların deyil, düşmənə nifrətiylə və Bayrağa sevgisiylə şəhid düşənlərin, qazi olanların Bayrağıdır.

Bu bayraq NATİQ QASIMOVLARIN bayrağıdır. Gec və ya tez bu Bayraq aid olduğu bütün yerlərdə əbədi dalğalanacaqdır…
Natiq Qasımovu son dəfə görən azərbaycanlı, əsirlikdə olan Xocalı sakini Cəfər Cəfərov adlı dil-ədəbiyyat müəllimi olub və o hadisəni bir çox mənbələrdə bu cür nəql edib: “1992-ci ilin martında Əsgəran qalası yaxınlığında Azərbaycan döyüşçülərinin vuruşduğu bir alban məbədinə ermənilər dəfələrlə hücum etsələr də, xeyli itki vermiş, lakin oranı ələ keçirə bilməmişdilər. Nəhayət, əsir götürülmüş biz- Xocalı sakinlərinə bildirdilər ki, əgər oradakı döyüşçüləriniz təslim olsalar, sizi sağ saxlayacağıq, əks halda hamınızı güllələyəcəyik. Bu məqsədlə məni məbədə danışığa göndərdilər. Məbədin yuxarısında Azərbaycan bayrağı asılmışdı. Məbədə yaxınlaşıb içəri girdikdə gördüm ki, orada 1 meyit var, daha irəlidə isə haldan düşmüş və meşok üzərində uzanıb özünə mövqe seçmiş hündürboy gənci – Natiqi gördüm. Dedim ki, təksənmi? Cavab verdi ki, bir yoldaşım şəhid oldu, qalanları isə digər yaralıları apardılar, ona görə də neçə gündür təkbaşına vuruşuram.
Soruşdum axı sən də gedə bilərdin, niyə getmədin? Cavab verdi ki, komandirə söz vermişdim ki, bu mövqeni sonadək qoruyacam, ona gerə heç yana getmədim. Bura hücum edən erməniləri öldürdükcə onların avtomat daraqlarını götürüb döyüşməyə davam etmişəm.
Dedim güllən qalıbmı? Yoxladı ki, cəmi 2 gülləsi qalıb. Dedim məni danışığa göndəriblər ki, əgər buradakı döyüşçülər təslim olsalar, əsirləri öldürməyəcəklər. Cavab verdi ki, burada yeganə döyüşçü mənəm və əgər ermənilər əsirləri sağ buraxmağa hazırdırlarsa, mən təslim olmağa razıyam, təki onlar sağ qalsınlar. Sonra məndən onu qaldırmağıma kömək istədi. Belindən tutub onu qaldırdım və kömək edib məbədin çıxışına doğru apardım. Bu zaman dayandı və o cür halsız vəziyyətdə olmasına baxmayaraq, məbədin yuxarısına qalxdı və oradan bayrağımızı götürdü. Daha sonra birlikdə çölə çıxdıq.

Ermənilər burada yalnız bir döyüşçünün olduğunu görəndə şoka düşdülər. O zaman orada olan italyan fotomüxbir onun şəklini çəkmək istədi. Ermənilər istədilər cəld bayrağımızı onun əlindən alsınlar. Amma Natiq bayrağı buraxmadı. Nəticədə Natiqin bayraqla o məşhur şəkli çəkildi. Sonra Natiqi ermənilər apardılar danışdırmağa və onun sonrakı taleyindən xəbərimiz olmadı”.
Ötən il Gədəbəyli gənclərin təşəbbüsü ilə başladılan “O Bayrağı yaşatdı, Biz də Onu yaşadaq!” aksiyası və aksiya nəticəsində Natiq Qasımovun yaşadığı Mingəçevir şəhərindəki Xatirə bulağı təmir edildi.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına əsasən, ermənilər tərəfindən əsir və girov götürülmə faktı danılan şəxslərin siyahısında Natiq Qasımovun da adı vardır. Dövlət Komissiyasının dəfələrlə etdiyi müraciətlərə baxmayaraq, erməni tərəfi indiyədək Natiqin sonrakı taleyini Azərbaycandan və beynəlxalq təşkilatlardan gizlətməkdədirlər.
Neçə ki, Azərbaycan üzərində Üçrəngli Bayrağımız dalğalanır, qəhrəman döyüşçümüz Natiq Qasımovu da anın…