Telefonunuzun kamerasını söndürməyi unutmayın…

XAQANİ ƏDƏBOĞLU

Son günlər ölkəmizdə baş verən (əslində ayrı şey verən) hadisələr bir daha göstərdi ki, bu adamlar nəinki öz ailələrini, heç özlərini də idarə etmək qabiliyyətində deyillər. Bunun siyasətçisi də belədir, dinsizi də, dindarı da. Biri bəndənin cibindən onun haqqını, o birisi isə Allahın adına verilmiş nəziri oğurlayır.

Hələ bu azmış kimi dindarlarımızın cənnətə öz yataqlarından (Quba) «yol» çəkdiyi, yaxud da telefonla eşqbazlıq etməsi (Naxçıvan) azmış kimi yazıq İblisə lənət oxudular. Yəni Naxçıvandan Qubaya üzdə olanların əxlaqına baxıb susa bilmədim. Elə siyasilər də bu dindarlara qoşulub İblisin ünvanına daş atdılar. Amma vallahi ki, İblis bizim bu çox saylı bəzi məmurlarımızın əməllərinə baxıb çoxdan din-imana gəlib, bunlara baxıb salavat çevirməklə məşğuldur. Biri «əl çəkir», biri «dil çıxarır», biri ana bülbül içdiyi «viaqradan» ah-zar edir, Allah bəlanızı versin…

Sizinkilərin son zamanlar qəribə şakərləri var. İşi görəni buraxıb görənin gözünü çıxarırlar. İndi vur-hayla bu görüntüləri yayanları axtarırlar. Elə bil bu «zavallıların» zorla şalvarlarını çıxarıblar. Amma bir soruşan yoxdur ki, ay manyak, bir telefon zəngiylə bu hoqqadan çıxırsınızsa, vay bu millətin canlı-canlı sizlərə işi düşənlərinə.

Allah sənə rəhmət eləsin, Mirzə Cəlil. Cəlil Məmmədquluzadə yazırdı («Çiçək»): Gəncədə Kərbəlayi Səkinə ömründə iki yüz adama siğə olub. Hacı Seyid Bağır küçədə hansı dul övrətin baldırını yoğun görəndə, övrətə belə deyirdi: «Əgər mənə siğə olmasan, cəddim ciyərini çıxardacaq». İndi elə həmin Hacı Seyid Bağırın siğədən olan cocuqları millətin gününü göy əskiyə düyüblər. Bu Sonanın uşaqları artıq hər yerdədirlər. Ağıllı pulları və ağıllı məqamları öz iyrənc istəklərinə əsir ediblər. Bu ölkədə o əxlaq sahibinin başında ağıl olduğuna inanan varmı? 


Qocası belə, cavanı ondan betər. Çünki bunlar eyni quyudan çıxıblar. Yetəni gecə yatağında da uzanıb bu xalqa edəcəkləri pisliyin dərəcəsini düşünürlər. Adını sosial dövlət çağırıb, sosial sahənin baş hərfini bilməyən birisini nazir qoyub, uşaq pulu vermə, pensiya yaşını əl çatmaz et, müharibə əlilinin kompensasiyasını 27 ilə vermə ki, biz sosial dövlətik. Hələ minlərcə əlilin təqaüdünü kəs ki, biz sosial dövlətik. Təqaüdlərin indeksasiyasını bu günədək etməyən bir dövlət necə özünü sosial dövlət adlandıra bilər? Gedin telefonların qabağında şalvarınızı başınıza keçirin. Ən yaxşı bacardığınız iş elə budur. Bunun da adı bir az biyabırçıdır.

Əslində lüt insanların cəmiyyətində hər kəs paltar geymiş adama təəccüblə baxar. TƏBİB — in şefi istefa versə, nə olasıdır ki? Onun yerinə deməli ondan daha pis olanı hazırdır. Bizdə yaxşıya doğru deyil, inkişaf pisə doğru gedir. Napoleona Jozef Fuşeni vəzifədə saxlamaq barədə irad bildirəndə o, demişdi ki, nə edim, bu boyda Fransa imperiyasında ondan pisini tapa bilmirəm.

Napoleona baxmayın, biz imperiya olmasaq da, hamı Jozef Fuşeni əvəzləməyə çalışmaqdadır. Ömər Faiq Nemanzadə («Çinovniklərimiz») yazırdı: «Hətta elə çinovniklərimiz (məmurlarımız) var ki,gecə-gündüz çalışırlar ki, müsəlmanlığa, müsəlmanlara bir zərər, bir töhmət vursun, hökumətə xilaskarlıq göstərsin, millətini rəzil və həqir etsin». Yaxud: «Bir gürcü və ya erməni çinovniki isə bu rəzalətdən, bu səfalətdən uzaqdır: bunlar hökumətə qanun dairəsində xidmət etməklə bərabər yeri düşəndə öz millətinə də kömək etməkdən, camaat işinə, dərdinə qarışmaqdan boyun qaçırmırlar»…


Aradan 100 ildən çox vaxt keçib. Dəyişən nəsə varmı? Boşuna yazıb, sizlərin boş vaxtınızı almayım. Əgər oxuyub nəticə çıxarsaydınız, biz bu günlərə düşməzdik. Gedin «şalvarınızı soyunun», yatın.

Amma Telefonunuzun kamerasını söndürməyi unutmayın…

Bu xəbəri paylaşın:
  • 44
  •  
  •  
  • 4
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •