İT ƏL ÇƏKİR, AMMA…

ELBARİZ MƏMMƏDLİ

Şair, jurnalist

Son günlərdə Azərbaycan və qardaş Türkiyə Respublikası hərbçilərinin işğaldan azad edilmiş Laçında birgə təlim keçməsi, eləcə də «Azərbaycan-Türkiyə- Pakistan hərbi birləşmələrinin Bakı — 2021 hərbi təlimləri»nə qoşulması çoxlarının yuxusuna haram qatıb.

Bu çoxluğun içində ən çox özünü didib parçalayan isə, bizim ücün qəribə görünməsə də, başına müsəlman əmmaməsi pərçimləmiş İrandır. Hətta cənub qonşumuz bir qədər irəli gedərək, Xəzər dənizinin Azərbaycan sektorunda Azərbaycan və Türkiyə dəniz qüvvələrinin təlim keçməsinin dənizin sektorlara bölünməsi ilə bağlı razılaşmaya zidd olduğunu dilə gətirməkdən belə çəkinməyib. Bu yerdə xatırladaq ki, bu razılaşma Azərbaycan, Qazaxıstan, Türkmənistan, Rysiya və İran arasında imzalanıb. İran belə hünər sahibidirsə, Türkiyəni kənar dövlət kimi qabartmaqdansa, Rusiyanın Xəzərdəki işğalçı niyyətlərinə səsini çıxarsın.

İkincisi, 30 ilə yaxın işğal altında olan torpaqlarımızı su yoluna çevirən, viran yurdların ağacını-daşını yağmalayıb daşıyan İran, bir dəfə də olsun, Azərbaycanın sahibliyinə hörmət qoydumu? Əlbəttə ki, yox.

Uzun illərdi ki, dövlətçiliyimizə düşmən kəsilən molla rejimi bir an belə bu niyyətlərindən əl çəkməyib. Necə olur ki, Qərbə, xüsusilə də Amerikaya düşmənçilik mövqeyi sərgiləyən İranın istəkləri Azərbaycan məsələsində ABŞ, Fransa, Rusiya, Ermənistanla üst-üstə düşür. Əslində burda qaranlıq heç nə yoxdu. Əsrlərlə qanlı siyasət yürütmüş, dünyada faşizmin yeni obrazına çevrilmiş Rusiya və İran kimi dövlətlərin artıq tarixə çevrilməsinin vaxtı çatıb. Azərbaycanın güclənməsi onların bölgədəki maraqlarına uyğun gəlmir.

Baxın, ötən ilin noyabr ayında ermənilərin xilası üçün imzalanmış sənəddə götürülən öhdəliklər Rusiya və Ermənistan tərəfindən hələ də yerinə yetirilmir. Zəngəzur dəhlizinin açılması ilə bağlı razılaşmaya Ermənistandan daha çox İran müqavimət göstərir. Növbəli şəkildə hər üç dövlət Azərbaycanın haqlı tələblərinə qarşı çıxırlar. Belə olan halda, Azərbaycanın Türkiyə və Pakistanla hərbi əməkdaşlıq qurması, İsraildən ən müasir silahları alması, bunları niyə əndişələndirir? Ruslar bu birliyə maraq göstərməsin deyə, Qazaxıstana torpaq iddiası irəli sürür, İran öz daxilində Türk-kürd qarşıdurması yaradır, Ermənistandan hər gün bir sarsaq bəyanat gündəmə çıxır və.s. Əslində bütün qonşularımız anlamalıdır ki, Türkiyənin yenidən Qafqaza gəlişi XX əsrin əvvəlindəki gəliş deyil. Beynəlxalq işğalçı güclərin burda hansı oyunu oynadığını və bu oyunların Türkiyəyə təsirini qardaş dövlətin siyasi elitasında yaxşı anlayırlar. Artıq 44 günlük ilk əks həmlədə bir çox niyyətlər çılpaqlığı ilə ortaya çıxıb.

Bütün bunları dərk edən və bu oyunda bizə qarşı tərəfə çevrilən İran indi də dolayı və açıq şəkildə düşmən Ermənistanı qidalandırmaqdan çəkinmir. Eynilə ermənilər kimi, çoxüzlü və riyakar siyasət yürüdür. Ermənilərin Qarabağda son ümid yollarından olan Qafan-Gorus yolunda İran yük maşınlarının hərəkəti azalmaq bilmir. Düşmənlər üçün yanacaq və bizim bilmədiyimiz çox şeylər daşıyırlar. Ola bilsin ki, bunu rus qardaşları ilə razılaşdırıb, erməniləri yenidən gücə çevirmək istəyirlər. Hərçənd ki, bütün bunlar uğursuz cəhdlərdi. Biz Böyük Türkün və bizə dost olan dövlətlərin Birliyinin qurulmasında,TURANın reallaşmasında maraqlıyıq. Bu istiqamətdə müəyyən addımlar da atılıb. Hətta düşmən ermənilər belə bu gerçəyi anlayıb, münasibətləri düşmənçilikdən daha fərqli müstəviyə daşımaq fikrinə düşüblər.

Sadəcə ölkədəki rus və qərb yönümlü seperatçı qüvvələr onlara bu imkanı vermirlər. İran və Rusiya öz İmperiya maraqları qarşısında erməniləri qula çeviriblər. Necə deyərlər, «it əl çəkir, motal əl çəkmir» Sonda bir faktı xatırladım.

2001- ci ildə İran təyyarələri Xəzər dənizi üzərində Azərbaycana aid hava məkanını pozmuşdu. Bakıya gələn Türk Şahinləri fövqəladə göstərilərlə göy üzünü sevgiyə ünvan etdilər. Onlar bu gün də burdadırlar və göstəri üçün yox. Qardaşının yanında və arxasında dayanmaq üçün.

Ne mutlu, Türküm diyene !!!

Bu xəbəri paylaşın: