103 il öncə bu gün — 15 SENTYABR

FÜZULİ RZAQULİYEV

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri

 Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev Bakının azad olunmasından yazdı.

Bu gün Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad olunmasının ildönümüdür. Babalarımızın bu Zəfər gününə daha bir Zəfərin qovuşduğu bir gündür.

Bakının azad olunmasından 103 il ötür.
Bu gün Nuru Paşanı, şəhid olan 1130 nəfər qəhrəman mehmetciyi, o cümlədən dörd minə yaxın Azərbaycan türkünü daim anırıq və anacağıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qəhrəman türk əsgərlərinin şücaəti və qanı bahasına Bakı və digər rayonların azad olunması ilə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti öz hakimiyyətini ölkənin bütün hüdudlarında təmin etdi. Bununla da, 1918-ci ilin martından başlayaraq erməni daşnaklarının və bolşeviklərin Bakıda və Azərbaycanın digər bölgələrində birgə həyata keçirdikləri qanlı qırğınlara və özbaşınalığa son qoyuldu. Möhtəşəm və tarixi qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncə şəhərindən Bakıya köçürüldü. Beləliklə, Azərbaycanda dövlət quruculuğunun əsas mərhələsinə start verildi, bir neçə ay sonra isə parlamentə demokratik qaydalar əsasında seçkilər keçirildi.



1918-ci il sentyabrın 15-də Azərbaycan və Türkiyə əsgərləri Bakını bolşevik-daşnak işğalından azad edərək Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazıblar. Bununla da müstəqilliyini təmin edən Azərbaycanda ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.

Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin şərəfli səhifələrindən biridir. 1918-ci ilin mayında Azərbaycanın müstəqilliyinin elan olunmasına baxmayaraq, ölkə ərazisinin bir hissəsi, Bakı və ətraf rayonlar erməni-bolşevik işğalı altında idi. Bunsuz isə Azərbaycanın dövlət müstəqilliyini təsəvvür etmək çətin idi. Müstəqilliyə təzə qovuşmuş, beynəlxalq aləmdə hələ tanınmayan gənc Azərbayacanın ərazi bütövlüyünü təmin etmək imkanları yetərincə deyildi. Belə bir şəraitdə özünün çox ağır durumuna rəğmən Osmanlı Türkiyəsi qardaş Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Nuru paşanın komandanlığı ilə hərbi qüvvələrini Azərbaycana göndərdi. Avropa dövlətlərinin türk qoşunlarının Azərbaycana gəlməsinə etiraz etməsinə baxmayaraq Osmanlı Türkiyəsi 1918-ci ilin avqust-sentyabr aylarında öz tarixi vəzifəsini şərəflə yerinə yetirdi.

103 il sonra yenə birgəyik. Böyük bir yolun başlanğıcındayıq və Allah bu birlik və bərabərliyimizi pozmasın. Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin və qardaş Türkiyənin Ali Baş Komandanı cənab Rəcəb Teyyub Ərdoğanın uzaqgörən və dəqiq siyasəti sayəsində kimsə bu birliyə xələl gətirə bilməyəcək. Ulu Öndərimizin «Bir millət iki dövlət» ideyası artıq zamanın reallığına çevrilməkdədir.

15 Sentyabr təkcə Bakının azad edilməsi günü deyil, həm də qardaşlıq bayramıdır. Bayramınız mübarək!

Bu xəbəri paylaşın:
  • 31
  •  
  •  
  • 3
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •