DAHİ SEVGİSİ

Bu gün Azərbaycan musiqi sənətinin, ictimai fikrimizin , elm və jurnalistikamızın zirvələrindən olan BÖYÜK Üzeyir Hacıbəylinin doğum günüdür. Üzeyir bəy bu millətin həmişə varlığına ehtiyac duyduğu şəxsiyyətlərdəndir. Təkcə onun «Üvertura»sı Azərbaycan sənət və mübarizə tarixinin ən əhəmiyyətli incilərindəndir.

Hamıya məlumdur ki, dahi bəstəkarın bütün varlığı millətinə, onun dövlətçilik mübarizəsinə, bu gününə və gələcəyinə həsr olunub.

Tarix nə qədər dəyişkən və amansız olsa da, onu yaradanlar və yazanlar möhürbənd kimi onun yaddaşında qalır. Üzeyir bəy Azərbaycanın şərəf tarixində özünə ləyaqətli yer tutmuş şəxsiyyətlərdəndir və dünyamız var olduqca , bu ucalıq hamımızın sevgi yeri kimi əbədiyyətdəki yerini tutacaqdır. Dahi bəstəkarın doğum günündə bütün gəncəlilərin hörmətlə andığı Asim Asimanın ona həsr etdiyi bi şeiri diqqətə çatdırmaq istəyirəm.

Əvvəla onu deyim ki, şeir ötən əsrin 70- ci illərinin əvvəllərində yazılıb və Üzeyir bəyin sənətkar, eləcə də vətənpərvər mövqeyini özündə əks etdirir. Həmin illərin ədəbi mühitinə nəzər salsaq, bu tipli ədəbi nümunələrin heç də çox olmadığının şahidi olarıq. Amma mərhum Asim müəllimin dahi bəstəkara həsr etdiyi şeirin ruhu bu günümüzlə səsləşir.

Hər iki sənətkarın ruhuna sayğı ilə həmin şeiri təqdim edirəm:

Elbariz Məmmədli

ÜZEYİR NƏĞMƏSİ

Böyük bəstəkar Üzeyir Hacıbəyova

Xalqımızın sazı, tarı məharətli əllərdədir,
Ömrümüzün arzuları, nəşidəsi tellərdədir.
Hər avazda, incə xalda cəh-cəhi var hər bir quşun,
Qalibiyyət himnini də sən yazmısan, Qurtuluşun!
Hər zamanda çiçəklidir sənət bağım, o Bahardır!
Heç solmayan bir incidir, ən dəyərli yadigardır!
Hər musiqin igidlərin Zəfərlərlə öyünməsi,
İlk görüşə gedənlərin ürəyinin döyünməsi,
Daşdan gələn bulaqların axşam-səhər zümzüməsi,
Aşiqlərin gözəl yarın hüzurunda titrəməsi,
Saf duyğular aləmdir, şirin həyat həvəsidir!
Anaların layla səsi, arzu səsi, nəfəsidir!
Bu musiqi, bu şən nəğmə zaman-zaman səslənəcək!
ÜZEYİRİN ƏN SEVİMLİ BALASITƏK BƏSLƏNƏCƏK!

ASİM QAZIYEV/Atam/ 1972

Bu xəbəri paylaşın: