POEZİYA ÇƏLƏNGİ: AĞLAYIB DURASAN KİRİYƏNƏCƏN…

ELBƏYİ

YAŞANAN GÜNÜ SAYILI

Dünyam deyib qucaqlama,
Bucağı, tini sayılı.
Başa sığal çəkər, amma
Sorağı, ünü sayılı…

Səhralara boş-boşuna,
Zəmisində göz yaşına,
Ev quşuna, çöl quşuna,
Səpdiyi dəni sayılı.

Qovan qaçar, qaçan yetməz,
Qonaq varmı, gəlib getməz,
Ömür bitər, yolu bitməz,
Hər izin sonu sayılı.

Bu körpüdən kimlər keçdi,
Bu bulaqdan kimlər içdi?
Ömür deyil, köçəköçdü,
Yaşanan günü sayılı…

AĞLAYIB DURASAN KİRİYƏNƏCƏN…

Tanınmış yazarımız, Ağdərənin ziyalı oğlu, söz xridarı, şəhid atası, döyüşçü Allahverdi Dərd (Gündoğdu) bəyə Allah şəfa versin!

Bir dağın bağrından qopan daş kimi,
Üzü uçrumlarda sındım, qırıldım.
Savaş görməmişdim bu savaş kimi,
Mən yaman yoruldum, yaman yoruldum.

Qarğamam Fələyi, mən öz əlimlə,
Qismət deyiləni yazıb gəlmişəm.
Kimsənin dərdi yox, daha mənimlə,
Sanki bu dünyaya azıb gəlmişəm.

Baxdım ki, urası yığılmış bağdı,
Dərib gediblərmiş, nəyə tuş oldum.
Seyr etdim, dörd yana baxdıqca baxdım,
Gözlərim axtardı, əlim boş oldu.

Ağacından düşən çürük qoz imiş,
Bu nə vur-həşirdi, nə qapaqapdı?
«Axtaran taparmış» yalan söz imiş,
Dərdi də tapmadım, dərd məni tapdı.

Sönmüş ocağında qor axtarmaram,
Ocaq köksümdədir, közü can yaxır.
Yanan dodaqlara qar axtarmıram,
Daha güvəndiyim dağa qar yağır…

Daha «gəl» deyirəm, hər gələn səsə,
Bir istək işləyər, ürəyiməcən:
-Varıb biyabana çıxıb gedəsən,
Ağlayıb durasan kiriyənəcən…

Bu xəbəri paylaşın: