Kimya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (akademik), «Şöhrət» ordenli, əməkdar elm xadimi Rəfiqə Əlirza qızı Əliyevanın doğum günü qeyd olunub.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin ideoloji işlər üzrə müşaviri, AYB və AJB üzvü, BMT yanında Ümumdünya Sülh Federasiyasının «Sülh səfiri», «Vedibasar» qəzetinin redaktoru, «El gücü» Beynəlxalq Humanitar Assosasiyasının şöbə müdiri, 15 kitab və 50 mahnının müəllifi şairə Nəsibə İsrafilqızı məlumat verib.

O, bildirib ki, Azərbaycan Sahibkar Qadınlar İçtimai Birliyinin (ASQ IB) sədri Zemfira xanım Ağayevanın təşkilatçılığı və təşəbbüsüylə görkəmli alimin ad günü münasibətiylə mərasim keçirilib.
Nəsibə İsrafilqızı qeyd etdi ki, mərasim iştirakçıları tərəfindən Rəfiqə Əliyevanın, həmçinin onun ömür-gün yoldaşı, görkəmli dövlət xadimi Rafiq Xələfovun da məzarları ziyarət edilmiş və gül qoyulmuşdur.
Bir alim kimi ölkəmizdə Rəfiqə Əliyeva, fotometrik metod vasitəsi ilə üzvi reaktivlərdən istifadə etməklə metalların təyini metodikasının işlənilməsi və mürəkkəb obyektlərdə tətbiqi, molein anhidridi və stirol əsasında sintez edilmiş sorbentlərdən istifadə etməklə bir sıra metalların sorbsiya imkanlarının oyrənilməsi sahəsində gərəkli tədqiqatlara imza atmışdır. Professor R.Ə.Əliyeva tərəfindən ilk dəfə olaraq β- diketonlar əsasında azobirləşmələr sintez edilmiş və fotometrik reagent kimi tətbiq edilməsi təklif edilmişdir. Onun rəhbərliyi altında sintez edilmiş üzvi reagentlərdə kvantkimyəvi hesablamalara görə elektron sıxlığı hesablanmış və alınan nəticəyə əsasən bu reagentlərin bir-birinə nəzərən nə dərəcədə analitik effekt verməsi qabaqcadan proqnozlaşdırılmışdır.
Nəsibə İsrafilqızı qeyd etdi ki, akademik Rəfiqə Əlirza qızı Əliyevanın xatirəsinə həsr etdiyi «Cənnətdə bir mələk artdı o gündən» adlı şeirin sözlərinə bəstəkar Humay Süleymanbəyli «Cənnət mələyi» adlı mahnı bəstələyib.
Ölüm aramızdan bir düha seçdi,
Nisgili ürəyə dərddi o gündən.
Burdan Haqq — dərgaha bir ana köçdü,
Cənnətdə bir mələk artdı o gündən…
Görkəmli akademik Rəfiqə Əliyevanın ad günü mərasimindən sonra Fəxriyyə Xələfova ehsan süfrəsi verdi.
Allah rəhmət eləsin!
Nurlan Məmmədli





