Kəlbəcər rayon 84 nömrəli məktəbində Zəfər zəngi

Sentyabrın 22-də Kəlbəcər rayon 84 nömrəli məktəbdə yeni dərs ilinin başlanması və Bilik Günü münasibəti ilə tədbir keçirilib. Əvvəlcə torpaqlarımızın azadlığı və suverenliyi uğrunda şəhid olmuş həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Dövlət himni səsləndirildi.


Tədbiri giriş sözüylə açan Şəhid bacısı məktəbin direktoru Həqiqət Məmişova tədbirə toplaşanları yeni dərs ilinin başlaması münasibətilə təbrik etdi. Direktor ötən tədris ilində qazanılmış uğurlardan və qarşıda duran vəzifələrdən danışdı. Bildirdi ki, Ali Baş Komandanın rəhbərliyi, əsgərlərimizin döyüş bacarığı və xalqın qələbəyə sarsılmaz inamı sayəsində torpaqlarımızı işğaldan azad edilib. Bu gün Vətənimiz mənfur düşməndən igid, vətənpərvər oğullarımızın rəşadəti nəticəsində geri alınıb. Azərbaycan Ordusunun xalqımızın qürur mənbəyi, güvənc yeri olduğunu şagirdlərin diqqətinə çatdırdı.


H. Məmişova qeyd edib ki, bu ilki tədris ilini xalqımız Zəfər ab -havasında keçirir. Azərbaycan xalqı müdrik dövlət rəhbəri İlham Əliyevin rəhbərliyi ilə 30 illik erməni təcavüzünə son qoyaraq tarixi ədaləti, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyilə Vətən müharibəsində qəhrəman əsgərlərimizin şücaəti, Silahlı Qüvvələrimizin 44 günlük müharibə zamanı rəşadətlə həyata keçirdiyi əməliyyatlar Haqq işimizdə qələbəni bizlərə nəsib etdi.


Sonra H. Məmişova birinciləri təbrik edərək, bildirdi ki, sizlərin də vətənpərvər ruhda böyüyəcəyinə və vətənimizə layiqlə xidmət edəcəyinizə əminəm.


Yeni dərs ilində əldə olunmuş nailiyyətləri daha da artırmaq, təhsilin keyfiyyətini yüksəltmək üçün bütün qüvvələr həmişə olduğu kimi yenə səfərbər ediləcək.

Yeni dərs ilinin başlanması ilə əlaqədar keçirilən tədbirdə direktorun müavinləri, müəllimlər, valideynlər və ictimaiyyətin nümayəndələri iştirak edirdilər.


Elnur Səlim

Bu xəbəri paylaşın: