«Kağız üzərində terrorçular». 100-dən çox Krım müsəlmanı ekstremizmdə günahlandırılır

  • David Akselrod
  • BBC-nin Rusiya xidməti üçün

Krımın ilhaqından sonra Rusiyada terror qruplaşması kimi tanınan, Ukraynada isə qanuni statusa malik olan «Hizbut-Təhrir» təşkilatının üzvləri hakimiyyət tərəfindən təqib olunmağa başladılar.

Bu məqalədə 100-dən çox adamı müttəhimlər kürsüsünə aparıb çıxaran hadisələrdən bəhs edəcəyik.

«Atamı da tutdular, ərimi də, qardaşımı da»

Məryəm Kuku-Aşçı, «Hizbut-Təhrir» təşkilatının üzvü olmaqda günahlandırılaraq həbs edilmiş Əmir Hüseyn Kukunun həyat yoldaşı

2016-cı il oktyabr ayının 11-dən 12-nə keçən gecə Fatma İsmayılova mətbəxdə xeyli iş görməli olmuşdu. O, yuxuya gedəndə artıq səhər 4 idi. Cəmi 2 saat sonra ailə qapıya dəyən bərk zərbə səsinə oyanacaqdı. Gələnlər FTX əməkdaşlarıydı.

«Hasarı aşıb qapımızı qırdılar, öz çəkmələriylə həyatımıza soxuldular. Giriş qapısını bircə zərbəylə yerindən qopardılar — ya lom, ya da balyozla. Cəmi bir neçə saniyə sonrasa onlardan biri mən, Rüstəm və üç balaca uşağımız yatan otağın qapısını təpiklə açıb içəri girdi».

Həmin gecə baş verənləri belə təsvir edən Fatmanın sözlərinə görə, həyat yoldaşı Rüstəm İsmayılov çox çalışqan adam olub. Ali təhsili olsa da, çox vaxt fəhlə işləyib. Krım tatarlarının yaşadığı kiçik Kamenka qəsəbəsində ictimai məkanların abadlaşdırılmasına kömək edib, uşaq bayramları və dini tədbirlər təşkil edib, heç vaxt siyasətlə məşğul olmayıb.

Ancaq evlərinə edilən basqın İsmayılovlar üçün gözlənilməz olmayıb.

«Çoxları artıq anlayırdı ki, istənilən adamın dalınca gələ bilərlər,» — Fatma belə deyir.

Axtarışdan sonra Rüstəm İsmayılovu dindirməyə aparıblar, sonra məhkəmə olub və onun haqqında həbs qərarı çıxarılıb.

«Ərim tutulandan sonra mənim və uşaqlarımın qeydinə atam Ənvər Ömərov qaldı. Bizə həm maddi, həm mənəvi dayaq oldu. Həftədə bir neçə dəfə məni Rostova, Rüstəmin məhkəməsinə apardı (Rusiya Federasiyası Cinayət Prosessual Məcəlləsinə görə, antiterror üzrə işlərə ilk instansiya olaraq dairə hərbi məhkəmələri baxır. 2014-cü ildə ilhaq olunmuş Krım Şimali Qafqaz DHM-in yurisdiksiyasındadır — BBC)».

Rostova növbəti gedişlərində — Krım körpüsünün yaxınlığında yol polisi Ənvər Ömərovun maşınını saxlayaraq onun sənədlərini alıb və müxtəlif bəhanələrlə bir neçə saat qaytarmayıb.

Fatma İsmayılova və oğlu

Səhərə yaxın ora ağ rəngli «Folksvagen»də mülki geyimli iki nəfər gəlib. Fatmanın sözlərinə görə, onlar hər hansı sənəd təqdim etmədən Ömərovu Kerç DHM-nə aparacaqlarını deyiblər. Qadın narazılığını bildirəndə onu təhdid ediblər:

«Biri mənə tərəf əyilib dedi ki, bura bax, sənin neçə yaşın var? Çox ağıllısan? Çox danışsan, əllərini qandallayıb generatora bağlayacam».

Sonra Ömərovun halı pisləşib, təcili yardım çağırıblar, amma onu xəstəxanaya aparmağa icazə verməyiblər, öz maşınlarına oturdub Kerçə tərəf yola düşüblər. Ancaq Fatma atasını Kerçin nə polis idarəsində, nə də İstintaq Komitəsində tapa bilib. Polislərdən biri gizlicə ona deyib ki, atasını FTX əməkdaşları saxlayıb və onu Kerçdə yox, Simferopolda axtarmaq lazımdır.

Gənc qadın ora yollanıb, hələ yoldaykən dəfələrlə anası, qardaşı və qardaşı arvadıyla əlaqə saxlamağa çalışsa da, heç birinə zəng çatmayıb.

Sonra öyrənib ki, səhər tezdən həm valideynlərinin, həm də qardaşının evində axtarış başlayıb, Simferopolda isə atasına qarşı «Hizbut-Təhrir» təşkilatının özəyini yaratmaq ittihamı irəli sürülüb. Həmin gün qardaşı Rizanı da həbs ediblər.

18 iyun 2019-cu ildə Rostov HDM-i «Hizb ut-Təhrir» özəyinin üzvü olmaq ittihamıyla Rüstəm İsmayılovu 13,5 il müddətinə azadlıqdan məhrum edib. İl yarım sonrasa Ənvər və Riza Ömərovlara hökm oxunub — ataya 18, oğula 13 il həbs cəzası kəsilib.

Ənvər Ömərovun 60 yaşı var, Fatma qorxur ki, atasının həyatı həbsxanada sona çatsın.

«Mən həmişə himayə altında yaşamışam — əvvəl atamın, sonra ərimin himayəsi altında. Rüstəm həm işləyirdi, həm dükan-bazara gedirdi, həm ev tikirdi. İndi nə ərim var, nə atam, nə də qardaşım. Evimiz də yarımçıq qalıb,» — deyə Fatma şikayətlənir.

Doğmalarının həbsindən sonra o, maşın sürməyi öyrənməli olub. İndi uşaqlarını məktəbə də, idman məşqlərinə də özü aparır. Ailəni dolandırmaq üçün bizneslə məşğul olmağa başlayıb, axşamlarsa sifarişlə tort bişirir. Anası Lemara və gəlinləri Seviliyayla birlikdə onlar 8 uşağa baxırlar. Ailədə kişi qalmayıb.

«Bu, absurd deyilmi?»

«Hizbut-Təhrir əl-İslami» partiyası 1953-cü ildə Şərqi Yerusəlimdə, yerli şəriət məhkəməsinin hakimi Məhəmməd Takiyuddin ən-Nəbhani tərəfindən yaradılıb. Bütün «islam torpaqlarını» tədricən birləşdirmək və unitar-teokartik dövlət — Xilafət yaratmaq partiyanın əsas məqsədi elan olunub.

8 oktyabr 2013-cü il. «Hizbut-Təhrir»in Britaniyadakı rəsmi təmcilçisi Taci Mustafa, Niderlanddakı təmsilçisi Okay Pala (soldan sağa) partiyanın beynəlxalq forumunda

Rusiya illahiyyatçılarının çoxu qurumun adı keçən məlumatları həvəssiz şərh edir. Bu məqalənin hazırlandığı müddət ərzində BBC-nin Rusca xidməti islamı araşdıran altı alimlə əlaqə saxlamağa çalışıb. Onların, demək olar ki, hamısı messencerə göndərilən mesajları oxuyub, ancaq ya heç cavab yazmayıb, ya cavab verməkdən imtina edib, ya da zəngləri rədd ediblər.

Yazışma zamanı alimlərdən biri boynuna alıb ki, sualları cavablandıracağı halda «mütləq yaranacaq» problemlərdən ehtiyat edir, çünki bu mövzu «çox siyasiləşdirilib və ciddi şəkildə izlənir», hazırkı Rusiya qanunvericiliyi isə «fikir azadlığının xeyrinə deyil».

Rusiyada «Hizbut-Təhrir»in üzvləri uzunmüddətli həbs cəzalarına məhkum edilirlər.

Niyə?

İslam radikalizmi üzrə ixtisaslaşmış islamşünas Rais Süleymanov deyir ki, «Hizbut-Təhrir»in ideoloqları zorakı üsulların tərəfdarı olmadıqlarını desələr də, demokratik institutları kəskin tənqid etməklə məşğuldurlar. Qadağan olunmadığı ölkələrdə təşkilatın fəaliyyəti üzvlərinin sayını artırmağa, dünyəvi hakimiyyət orqanlarını gözdən salmağa və öz ideologiyasını təbliğ etməyə fokslanıb.

«Seçkilərə qatılmırlar, onları tənqid edirlər, amma həm də hakimiyyətə sülh yoluyla gəlmək istədiklərini bəyan edirlər. Sual yaranır: bu, absurd deyilmi?» — Süleymanov belə deyir.

Hərçənd ekspert onu da əlavə edir ki, «Hizbut-Təhrir»çilər digər partiyaların üzvləri arasında təbliğat apardıqlarını bildirirlər, hesab edirlər ki, bu və ya digər ölkənin siyasi isteblişmentin kritik çoxluğu onların təşkilatına üzvü olandan sonra partiya hakimiyyətə gələ biləcək.

Rusiyadan başqa, bu təşkilat Çində, ərəb ölkələrinin çoxunda və Mərkəzi Asiya ölkələrində də qadağan olunub. Partiyanın ictimai fəaliyyətinə qadağa qoymuş yeganə Avropa ölkəsi Almaniyadır.

Süleymanov deyir ki, buna təşkilat üzvlərinin kəskin antisemit və anti-İsrail ritorikası səbəb olub. Ancaq «Hizbut-Təhrir»in Almaniyadakı nümayəndələri sistematik şəkildə təqib olunmurlar.

Kopenhagen. «Hizbut-Təhrir»in üzvləri övladlarında radikal baxışlar formalaşdırmaqda günahlandırılan müsəlman atanın uşaqlarını ailənin əlindən almaq barədə Danimarka hökumətinin qərarına etiraz edirlər

Britaniyada təşkilata qadağa qoymağa 3 dəfə cəhd göstərilib. 2005-ci ildə Londonda baş vermiş terror aktlarından sonra bu haqda həmin dönəmin Baş naziri Toni Bleyer danışıb. 2010 və 2015-ci illərin parlament seçkiləri öncəsi Konservativlər Partiyası belə bir niyyəti olduğunu açıqlayıb. Amma hər dəfə hökumət ekspertləri qadağa qərarı üçün kifayət qədər əsas tapa bilməyiblər.

Rais Süleymanov qeyd edir ki, ümumən Qərb ölkələri «Hizbut-Təhrir»in fəaliyyətini ya görmürlər, ya da görməzliyə vurular, ancaq bu, partiyanın ideologiyasındakı radikallığı azaltmır.

«Partiyanın nümayəndələri mövcud konstutision quruluşu devirmək niyyətlərini açıq ifadə edirlər. Dünyanın istənilən ölkəsində bu, radikal ideologiya kimi təsnif ediləcək,» — ekspert belə deyir.

Kağız üzərində terroristlər, yoxsa radikal islamçılar?

Rusiyada «Hizbut-Təhrir»i Ali Məhkəmə 2003-cü ildə qadağan edib — dünya üzrə bir çox terror aksiyası törətmiş «Əl-Qaidə» və «Əl-Cihad» qruplaşmalarıyla birlikdə.

Siyasi ekstremiz üzrə araşdırmaçı Aleksandr Verxovski deyir ki, hüquq-mühafizə orqanları «Hizb ut-Təhrir»in üzvlərini həmin qərardan dərhal sonra təqib etməyə başlayıblar, 2004-cü ildəsə artıq rəsmən cəzalandırılanlar olub. İlk həbs edilənlər əsasən Moskva və Tümendən olsalar da, tezliklə Tatarıstan və Başqırdıstan «Hizb ut-Təhrir»çilərin aşkar edildiyi əsas regionlar kimi tanınıblar.

Krımın Rusiya tərəfindən ilhaqına qədər partiya orda leqal fəaliyyət göstərib. Müxtəlif hesablamalara görə, 2013-cü il üçün yarımadada 10 minə yaxın tərəfdarı olub, təşkilatın mitinqlərində 1,5 minə yaxın adam iştirak edib. Hərçənd elə o vaxt da «Hizbut-Təhrir»çilər şübhəli reputasiyaya malik olublar və Ukraynanın hüquq-mühafizə orqanları qeyri-leqal siyasi fəaliyyətlərinə görə onları vaxtaşırı cərimələyib.

Krım Tatarları Milli Hərəkatının fəallarıyla da bu partiyanın münasibətləri mürəkkəb olub.

«Aramızda ekzistensial fikir ayrılıqları var. Biz hesab edirik ki, insanlar özlərini ilk növbədə etnik mənsubiyyətlərinə görə identifikasiya etməlidirlər. «Hizbut-Təhrir»çilərsə bəyan edirlər ki, əsas dini mənsubiyyətdir, milliyyət, ümumiyyətlə, vacib deyil,»- milli hərəkatın liderlərindən biri olan Nəriman Cəlal belə deyir.

İlhaqdan sonra hər ikisi qadağan edilib — «Hizbut-Təhrir» terrorçu təşkilat elan olunub, Krım tatarlarının milli özünüidarə orqanı olan Məclisi isə Rusiya Ali Məhkəməsi ekstremist qurum kimi tanıyaraq, onların yarımadadakı fəaliyyətlərini qadağan edib.

«Terror aktı törətməmiş insanlara belə dəhşətli cəzalar verilməsi doğru deyil,» — Cəlal belə deyir və əlavə edir ki, hətta milli fəallar arasında da bu təqibləri dəstəkləyən şəxslər var.

Krım müsəlmanlarının təqib olunmasını hakimiyyət nümayəndələri də təqdir edirlər. Rusiya Dövlət Dumasının Krımdan olan deputatı Ruslan Balbek həbs edilənləri Krım tatarı kimliyini məhv etmək istəyən radikallar adlandırır.

«Hizbut-Təhrir»in üzvü olduğu güman edilən beş nəfərin saxlanması üçün FTX və Rosqvardiyanın Baxçasaraydakı birgə əməliyyatından kadrlar. İddiaya görə, saxlananlar Krım müsəlmanlarını təşkilata cəlb etmək və terror ideologiyasını yaymaqla məşğul olublar

«Onların ənənəvi islama heç bir aidiyyatı yoxdur. Şübhəsiz ki, belə radikal özəklər cəmiyyətin və Rusiyanın sabitliyinə təhlükə törədirlər,» — Balbek «RİA Novosti» agentliyinə müsahibəsində belə deyib.

Krım Müsəlmanlarının Ruhani İdarəsinin (KMRİ) nümayəndələri də eyni fikirdədirlər. Krım müftisinin müavini Əsədullah Bairov yarımadada dini motivlərə görə təqibin olmadığını deyir. Krım tatarlarının siyasi təqibi barədə ritorikanı isə o, «kənardan sırınan isterika» hesab edir.

KMRİ təmsilçiləri deputat Balbeklə birlikdə «Hizbut-Təhrir»in təsiri altına düşmüş şəxslər üçün Krımda reabilitasiya mərkəzi açmağı planlaşdırıblar. Məqalə dərc olunan ana qədər BBC bu ideyanın reallaşıb-reallaşmaması barədə məlumat əldə edə bilməyib.

Rusiya Müsəlmanları Mərkəzi Ruhani İdarəsi Krım tatarları barədə cinayət işlərini şərh etməyib. BBC Rusiya müftisinin Mətbuat Xidmətinə sorğu göndərib və cavab gözləyir.

Krımlı vəkil Emil Kurbedinov terrorizmdə günahlandırılan həmvətənlərini müdafiə etməyə ilk təşəbbüs göstərənlərdəndir. O öz müvəkkillərini «kağız üzərində terrorçular» adlandırır, deyir ki, onlar heç bir terror aktı törətməyiblər; bir dəfə də olsun, nə silaha, nə də partlayıcı maddəyə toxunublar.

2017-ci ildən etibarən istintaq terror maddələrinə hakimiyyəti ələ keçirmək cəhdi ittihamını da əlavə edir. Kurbedinov bunu daha böyük absurd sayır.

Məhkəmə proseslərində krımlılar «Hizbut-Təhrir»lə əlaqələrini nə təsdiq, nə də təkzib edirlər. Kurbedinovun sözlərinə görə, onlar belə deyirlər: biz terror aktları törətməmişik, ona görə də terrorçu deyilik.

«Bu davranış modeli imkan verməyib ki, istintaq insanları öz oyunlarına cəlb edib ard-arda oxşar işlər quraşdırsın,» — vəkil belə deyir.

Kurbedinov əmindir ki, 2015-ci ildən bəri hökm sürən şəxsi cəzasızlıq həm istintaqı, həm də bu prosesə dəstək verənlərin hamısını deqradasiyaya uğradıb. O deyir ki, gündəlik həyatında islamın tələblərinə əməl edən, fəal vətəndaş mövqeyi olan istənilən şəxs «antiterror vərdənəsinin» altında qala bilər.

«Krımın qaytarılmasına görə» medalı

2015-ci il aprel ayının 15-də hüquq müdafiəçisi Əmir Hüseyn Kuku işə getmək üçün səhər evindən çıxıb avtobus dayanacağına yollanıb. Tini dönəndə kimsə onu kürəyindən itələyib, sonra başına ard-arda zərbələr endirib.

«Əmir Hüseyn müqavimət göstərməyib, ucadan qışqırmağa başlayıb. Yoldan keçən maşınlar dayanıb, sürücülər düşüb nə baş verdiyini, onu niyə döydüklərini öyrənməyə çalışıblar. Çoxu onu şəxsən tanıyan adamlar olub,» — altı il əvvəl baş vermiş hadisəni Əmir Hüseynin həyat yoldaşı Məryəm Kuku-Aşçı belə təsvir edir.

Qəflətən hadisə yerində ağ rəngli «Qazel» peyda olub. Hüquq müdafiəçisini maşının arxa oturacağında oturdub böyrəkləri olan hissəyə ard-arda zərbələr endiriblər, adamların yola toplaşmasına görə onu günahlandırıblar. Sonra maşın Simferopola tərəf yol alıb, Əmir Hüseyni dindirmək üçün FTX-yə aparıblar.

Kuku uzun illər yerli idarəetmə orqanlarında çalışmışdı: əvvəlcə Yalta şəhəri yaxınlığındakı qəsəbənin kənd sovetində, sonra şəhər administrasiyasında. O, paralel olaraq hüquq müdafiəçisi kimi də fəaliyyət göstərirdi.

Məsələn, Krımın ilhaqına qədər müsəlman qadınların rəsmi sənədlər üçün baş örtüyü ilə şəkil çəkdimək hüququnu müdafiə etmişdi. 2014-cü ildəsə Kuku Krımın insan haqları üzrə Kontakt Qrupunun həmtəsisçisi olmuşdu.

Qrup iki Krım tatarının — 17 yaşlı İslyam Cepparovla 22 yaşlı Cövdət İslyamovun Krımın Beloqor rayonunda yoxa çıxmasından sonra yaradılmışdı. Hüquq müdafiəçilərinin sözlərinə görə, bu, ilk belə hadisə deyildi. Kontakt Qrupu hakimiyyət orqanlarıyla kommunikasiya üçün təsis edilmişdi.

Yevpatoriya. Deportasiya qurbanı olmuş Krım tatarlarının anım gününə həsr olunmuş matəm mitinqi
Şəklin alt yazısı,Yevpatoriya. Deportasiya qurbanı olmuş Krım tatarlarının anım gününə həsr olunmuş matəm mitinqi

Əmir Hüseynin atası Kamal Kuku xalqın deportasiya yerlərindən vətənə qayıtması uğrunda mübarizə aparan Krım Tatarları Milli Hərəkatının məşhur veteranlarından olub. Bu fəaliyyətinə görə həyatının üç ilini sovet düşərgələrində keçirib.

Məryəm deyir ki, qaynatası Krımın Rusiyaya birləşdirilməsini sevinclə qarşılayıb, 2014-cü ilin aprel ayında Rusiya Müdafiə Nazirliyinin «Krımın qaytarılmasına görə» medalıyla təltif olunub.

Əmir Hüseyn Yaltada və ətraf ərazilərdə tanınan biri olub. FTX əməliyyatçıları hələ 2014-cü ildə onu əməkdaşlığa cəlb etmək istəmişdilər. Hüquq müdafiəsiylə məşğul olan «Aqora» qrupunun, eyni zamanda Kukunun da vəkili Aleksandr Popkovun dediyinə görə, ilhaqa qədər Ukrayna Təhlükəsizlik Xidmətinin zabiti olmuş Aleksandr Kompaneytsev bu işdə xüsusi canfəşanlıq göstərirmiş.

İlk dindirmədən sonra axtarış aparmaq üçün Əmir Hüseyni yenidən Qaspraya qaytarıblar. Saxlanma üçün formal bəhanə «Feysbuk» və «Odnoklassnik» sosial şəbəkələrində yazdığı bir neçə status olub. Amma buna görə heç administrativ iş də açılmayıb. Evindən bir neçə kitab, noutbuk və mobil telefonlar götürüblər.

Növbəti gün FTX nümayəndəsi Əmir Hüseynlə əlaqə saxlayıb, telefonunu qaytarmaq üçün görüşməyi təklif edib. Kuku bədənindəki ağrılara görə çətinliklə hərəkət etdiyini, ona görə də onun yerinə atası Kamal Kukunun gedəcəyini deyib.

Məryəmin sözlərinə görə, müstəntiqin otağında ata pencəyinin döşündəki «Krımın qaytarılmasına görə» medalını çıxarıb masanın üstünə ataraq «Siz hakimiyyəti biabır edirsiz» deyib. Sonra müstəntiq binanın dəhlizlərində Kamal Kukunun ardınca qaçaraq medalı ona qaytarmağa çalışıb.

«Amma qaynatam götürməyib,» Məryəm deyir.

Oğlu döyüləndən sonra atanın xroniki xəstəliklərində kəskinləşmə baş verib və bir neçə ay sonra o vəfat edib.

Amma FTX Əmir Hüseyni əməkdaşlığa məcbur etmək cəhdlərindən əl çəkməyib. Sonrakı altı ay ərzində onu daha iki dəfə bu quruma dəvət edib müxtəlif adamlar haqqında məlumat verməsini istəyiblər. Əmir Hüseyn ancaq özü haqqında danışa biləcəyini deyib.

«Axtarış zamanı da Əmir Hüseyndən bir nəfər haqqında soruşmuşdular, o cavab verməmişdi və əməliyyatçı demişdi ki, «Onda terrorçuluqda ittiham olunacaqsan». Məhz belə demişdi, öz qulaqlarımla eşitmişdim. Dediyi kimi də oldu».

2016-cı ilin fevralında əməliyyatçılar təkrar Kukunun evinə gəliblər.

Məryəmin sözlərinə görə, Əmir Hüseyni yerə yıxıb qollarını qandallayıblar:

«Bu dəfə xüsusi ciddi-cəhdlə axtarış apardılar. Hər yerə baxdılar, hətta əməliyyatçılardan biri yarmanı masanın üstünə tökdü».

Həmin günün axşamı Kuku həyat yoldaşına zəng vurub — «sağ olduğunu demək üçün». O gündən bəri o, həbsdədir.

Vəkil Popkov müvəkkili Kukuyla danışır
Şəklin alt yazısı,Vəkil Popkov müvəkkili Kukuyla danışır

«Aqora»nın vəkili Popkov FTX əməliyyatçısı Kompaneytsevin bu işdəki rolunu «şəxsi vendetta» hesab edir. Vəkilin sözlərinə görə, məhkəmədə ittiham tərəfinin əsas şahidi məhz bu şəxs olub, hüquq müdafiəçinə qarşı təqiblər məhz onun yazdığı raportlardan sonra başlayıb.

Əmir Hüseynin 2015-ci ilin aprel ayında onu döyənləri məsuliyyətə cəlb etdirmək cəhdləri də onun işinə mənfi təsir edən amillərdən olub. Onda Popkov müvəkkilinə repressiya təhlükəsi barədə xəbərdar edib, amma hüquq müdafiəçisi mübarizə aparmaq niyyətində olduğunu bildirib.

BBC Aleksandr Kompaneytsevlə əlaqə saxlaya bilməyib. Məqalə dərc olunan ana qədər FTX-nin ictimaiyyətlə əlaqələr mərkəzi sorğuya cavab verməyib.

2019-cu ilin iyun ayının 12-də məhkəmə Əmir Hüseyn Kukuya 12 il azadlıqdan məhrum etmə cəzası verib. Bir il sonra bu qərarı Apellyasiya Məhkəməsi də təsdiqləyib.

«İstəyir, lap çayçı olsun»

«Hizbut-Təhrir»lə əlaqəyə görə məsuliyyətə cəlb olunanların hamısına uzunmüddətli həbs cəzaları verilsə də, Emil Kurbedinov vəkillərin bu işlər üzrə fəaliyyətini uğurlu hesab edir.

Onun fikrincə, həmin uğurlardan biri məsələnin ictimailəşməsidir. 2015-ci ildə keçirilən ilk məhkəmə proseslərində cəmi üç-dörd adam iştirak edibsə, sonrakı proseslərdə iclas zalında oturmağa yer olmayıb.

Bundan başqa, Kurbedinov hesab edir ki, vəkillər Rusiya ictimaiyyətinin müsəlmanlara münasibətini qismən də olsa dəyişməyə nail olublar — əgər əvvəllər hətta tanınmış hüquq müdafiəçiləri də «Hizb ut-Təhrir» haqqında eşitmək belə istəmirdilərsə, hazırda təqsirləndirilənlərin, demək olar ki, hamısı siyasi məhbus hesab olunur.

«Dolayısıyla da olsa, Krım vəkillərinin fəaliyyəti Tatarıstan və Başqırdıstandakı analoji işlərin də ciddi rezonans doğurmasına təsir etdi,» — Kurbedinov belə deyir.

Vəkil Emil Kurbedinov
Şəklin alt yazısı,Vəkil Emil Kurbedinov

Vəkilin qənaətincə, müdafiə tərəfinin əsaslı uğurlarından biri sözügedən işlərdə geniş yayılmış işgəncə təcrübəsinə son verilməsidir. Ancaq bu qaydada istisnalar da var.

2019-cu il aprel ayının 17-də Krım tatarı Raim Ayvazov FTX-nin Simferopol şöbəsindən qohumlarına zəng edib. Artıq 10 saat idi ki, doğmaları onun harda olduğunu bilmirdilər.

Vəkil Mariya Eysmontun Ayvazova istinadən dediyinə görə, əvvəlki gecə onu Krım və Ukrayna arasındakı faktiki sərhəddə həbs edərək maşınla adamsız bir yerə aparıblar. Orda onu diz üstə çökdürüb güllələmə səhnəsini imitasiya ediblər, atəş səsləri altında təhdid ediblər ki, əzizləri meyitini yaxınlıqdakı su hövzəsindən tapacaq.

Raimi məcbur ediblər ki, «Hizbut-Təhrir» üzvü olduğunu desin və bir neçə gün əvvəl həbs olunmuş 24 nəfərin əleyhinə ifadə versin. Hazırda onu ömürlük həbs təhlükəsi gözləyir.

«Terrorizmin 3 əlaməti var: zorakılıq, qorxutma və dövlətə qarşı çıxma. Krım müsəlmanlarının işlərində bunların heç biri yoxdur,» — Mariya Eysmont belə deyir.

Mövcud qanunvericiliyə görə, çox sayda başqa hərəkəti də terrorçuluq fəaliyyətinə aid etmək mümkündür. Aleksandr Verxovski deyir ki, bu hərəkətlərin çoxunun terror aktı törətməklə heç bir əlaqəsi yoxdur:

«Ona görə də «terror aktı törətməmişəmsə, terrorçu deyiləm» formulu korrekt deyil. Terror xarakterli fəaliyyətə qiyam və ya genosid kimi cinayətlər də daxildir. Bunların terror aktıyla əlaqəsi yoxdur və ya bu əlaqənin olması vacib deyil».

Cinayət Məcəlləsinə görə, terror xarakterli bəzi cinayətlərdə zorakılıq faktının özünün və ya zorakılığın tətbiqiylə bağlı hədə-qorxunun olması vacib deyil. Verxovski deyir ki, Krım tatarlarının ittiham olunduğu 205.5 maddəsi də (terror təşkilatının yaradılması və ya terror təşkilatının fəaliyyətində iştirak etmək) bu qəbildəndir.

«Həmin adamın terror təşkilatı hesab olunan qurumda konkret nəylə məşğul olması istintaqı maraqlandırmır, istəyir, lap çayçı olsun. Məhkəmənin terrorçu təşkilat kimi tanıdığı qurumun üzvü olmaq belə artıq cinayət məsuliyyəti yaradır. Ona görə də müstəntiq silah, partlayıcı maddə və ya terror aktı hazırlığı haqqında yox, təşkilatın üzvü olmaq haqqında fakt toplayır. Qanunun hərfinə əməl etmək baxımından o, haqlıdır,» — deyə Verxovski vurğulayır.

Vəkil üçün 15 sutka

Krımda «Hizbut-Təhrir» işlərinə çıxan vəkillərin özləri də xüsusi xidmət orqanlarının diqqətini çəkirlər.

2012-ci ildə sosial şəbəkədə yazdığı statusa görə 2017 və 2019-cu illərdə Emil Kurbedinov üst-üstə 15 sutka administrativ həbs cəzası alıb, evində və ofisində axtarışlar olub.

Vəkil deyir ki, 2017-ci ildə cinayət işi təhlükəsindən «qıl payı» qurtulub, sutkalıq həbsdən çıxandan sonra hüquq müdafiəçilərini müdafiə təşkilatı — İrlandiyanın «Front Line Defenders» fondu ona mükafat verib.

«Bu, İstintaq Komitəsini bir az sakitləşdirdi. Mükafat xəbərinə qədər artıq mənə zəng vurub dindirməyə gəlməyi tələb etmişdilər».

Qarşılıqlı yardımlaşma praktikası Krım müsəlmanlarının sistematik təqib olunmasında özünəməxsus cavab formasına çevrilib. Fəallar deyirlər ki, proses əsasən qeyri-formal «Krım həmrəyliyi» təşkilatı ətrafında cərəyan edir. Bu icma həbs olunan müsəlmanların qohumları tərəfindən 2016-cı ildə yaradılıb, amma sonra təşkilatın əhatə dairəsi genişlənib.

Bu gün «Krım həmrəyliyi»nin fəalları evlərdəki axtarış əməliyyatlarından və məhkəmələrdən yayımlar edirlər, digərləri təcridxanalarda və ya həbsxanalarda verilişlər hazırlanmasına kömək edirlər, administrativ cərimələrin ödənilməsinə yardım məqsədilə marafonlar təşkil edirlər, hüquq şöbəsi isə vəkillərin fəaliyyətini koordinasiya edir.

Kütləvi həbslər fonunda yaranmış yeganə təşkilat bu deyil. Məsələn, çoxuşaqlı ailələrə kömək edən «Bizim balalar» təşkilatı məhbusların övladlarıyla məşğul olur.

«Krım həmrəyliyi» təşkilatının fəalları deyirlər ki, qarşılıqlı yardımlaşma prinsipi Krım tatarlarının qədim ənənələrindən biridir, ona görə də «xalqın repressiyalar fonunda təşkilatlanması təbii görünür».

Bu xəbəri paylaşın:
  • 15
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •