Hərbi alyansın çöküşü ABŞ-ı SİLKƏLƏDİ – İmperiyanın süqutu YAXINLAŞIR

Amerika cəmiyyəti dərin parçalanma dövrünü yaşayır, ABŞ iqtisadiyyatının isə Ağ Evin dünya hökmranlığına bağlı xərclərinə duruş gətirmək resursları tükənmək üzrədir; Buna paralel olaraq, yeni dünya düzəninin ilkin əlamətləri fərqli reallıqları ön plana çıxarır, Rusiya, Türkiyə, Çin və s. bu kimi ölkələr güclənərək, daha iddialı mövqelərə sahiblənirlər…

Dünyanın yenidən bölüşdürülməsi prosesi növbəti mərhələyə keçməyə başlayıb. Bu mərhələ yeni dünya düzəninin formalaşmasında həlledici dövrə də çevrilə bilər. Və bəzi beynəlxalq hərbi-siyasi proseslərin qaçılmaz xarakter ala biləcəyi də qətiyyən istisna deyil.

Məsələ ondadır ki, hazırda NATO-ya yanaşma tərzi ciddi şəkildə dəyişməyə başlayıb. İndi bəzi üzv dövlətlər bu hərbi-siyasi alyansın fəaliyyət prinsiplərindən məmnun deyillər. Və bu narazılıqlarını da qətiyyən gizlətmirlər.

Əsas narazılıq ondan ibarətdir ki, NATO üzv dövlətlərin milli təhlükəsizlik maraqlarını eyni səviyyədə müdafiə etmir. Bütün NATO dövlətləri milyardlarla dollar üzvlük haqqı ödəsələr də, bu hərbi-siyasi alyans yalnız ABŞ-ın beynəlxalq maraqlarının təmin olunmasına indeksləşib. Və Ağ Evin hərbi-siyasi təlimatlarının icrasından kənara çıxa bilmir.

Bəzi NATO ölkələri, xüsusilə də, Avropa Birliyini təmsil edən dövlətlər mövcud situasiyadan çıxış yolunu alternativ hərbi-siyasi alyansın yaradılmasında görürlər. Artıq gündəmdə Avropa ordusunun yaradılması ilə bağlı ideya müzakirə edilməkdədir. Və bu, yaxın gələcəkdə NATO-nun süqutuna səbəb ola biləcək ideya sayılır.

Maraqlıdır ki, NATO olmadan ABŞ-ın beynəlxalq təsir gücünün böyük ölçüdə “əriyəcəyi” ehtimal edilir. Bu hərbi-siyasi alyans ABŞ-ın əsas hərbi-siyasi hegemonluq mexanizmi hesab olunur. Və Ağ Ev NATO ətrafında baş verənlərdən ciddi şəkildə narahatdır.

Məsələ ondadır ki, NATO-nun ömrünün sonuna o qədər də çox qalmadığını artıq Ağ divarları arasında da proqnozlaşdırmağa başlayıblar. ABŞ-ın hərbi-siyasi elitası da NATO-ya alternativ mexanizmlərin sınaqdan çıxarılmasına çalışır. Bir müddət öncə yaradılan AUKUS (Avstraliya, Böyük Britaniya, ABŞ) ortaqlığı bu istiqamətdə ilk cəhd hesab oluna bilər.

Ancaq bəzi beynəlxalq ekspertlər bütün cəhdlərə baxmayaraq, ABŞ-ın dünya üzərində təsir gücünün ənənəvi keyfiyyətdə qorunub-saxlanmasının artıq mümkün olmadığını iddia edirlər. Onların fikrincə, dünyada çox şey dəyişib. Və Ağ Evin təkbaşına hegemonluq dövrü də yekunlaşmaq üzrədir.

Məsələn, Stenford Beynəlxalq Araşdırmalar İnstitutunun baş elmi əməkdaşı Frensis Fukuyama ABŞ-ın dünya hegemonluğunu artıq itirdiyini indi edir. Onun fikrincə, Ağ Ev ABŞ-ın beynəlxalq hegemon dövlət statusunu bərpa etmək imkanlarından çox uzaqdır: “Bu statusu bərpa etmək cəhdləri ABŞ-a xeyirdən çox ziyan vura bilər. Ona görə də, buna can atmaqdan imtina etmək daha doğru yanaşma olardı”.

F.Fukuyama əmindir ki, müasir dünyanın reallıqları ABŞ-a hegemonluq şansı tanınacaq ənənəvi şərtlərdən sürətlə uzaqlaşır. Belə vəziyyətdə ABŞ-ın dünya hegemonluğu statusunun bərpa etmək israrı Ağ Evi daha ağır beynəlxalq zərbələrə və itkilərə məruz qoya bilər. Ona görə də, ABŞ öz sərhədləri içərisinə çəkilib, heç olmasa, mövcudluğunu qorumağa çalışmalıdır.

Onu da qeyd etmək lazımdır ki, ABŞ-ın dünya hegemonluğu təxminən 20 ilə yaxın bir müddət ərzində özünün zirvə dövrünü yaşayıb. Bu yüksəliş dövrü 1989-cu ildə Berlin divarının yıxılması ilə başlayıb, 2007-2009-cu illəri əhatə edən beynəlxalq maliyyə böhranına qədər davam edib. Və bu zaman intervalında ABŞ bütün dünyada hərbi, iqtisadi, siyasi və s. bir çox sahələrdə demək olar ki, şəriksiz hökmranlıq edib. Və hər şeyin başlanğıcı kimi, sonu da mütləq olur.

İndi isə dünya artıq fərqli reallıqlara boyun əyməyə başlayıb. Təkqütblü dünya sistemi böyük sürətlə dağılır. Və ABŞ-ın beynəlxalq rəqiblərinin güclənməsi fonunda ilkin əlamətləri artıq müşahidə olunan çoxqütblü dünyanın mexanizmləri eyni sürətlə ön plana keçərək, möhkəmlənir.

Təbii ki, bütün bunların baş verməsinin kifayət qədər ciddi səbəbləri var. Onlardan bəziləri isə məhz ABŞ-ın özü ilə birbaşa bağlıdır. Belə ki, ABŞ-ın daxili siyasi sistemi əvvəlki dövrlərdə olduğu kimi, monolit deyil. Yəni, əsas problemlərdən birisi məhz ABŞ-ın daxilində yaranıb. Amerika cəmiyyəti ciddi şəkildə parçalanıb.

Bu dərin parçalanma ABŞ siyasi sistemində demək olar ki, heç daxili və xarici məsələyə münasibətdə anlaşma şansı buraxmır. Bütün bunlara paralel olaraq, ABŞ iqtisadiyyatı bu ölkənin dünya hegemonluğunun xərc yükünü qarşılamaqda çətinlik çəkir. Yəni, beynəlxalq hərbi-siyasi hökmranlığın maliyyələşdirilməsinə yönəldilə biləcək iqtisadi resurslar tükənmək üzrədir.

Amerika cəmiyyətində marginal qruplar arasında davam edən qarşıdurma isə ABŞ-ı böyük sürətlə daxili siyasi böhrana doğru sürükləyir. Bu qruplar bir-birinə güzəştə getmək istəmirlər, ABŞ-ı dağılma dövrünə yaxınlaşdırmaq bahasına olsa belə, rəqiblərindən daha üstün mövqelər qazanmağa can atırlar.

Ənənəvi mənəvi-siyasi dəyərlərdən imtina edən Amerika cəmiyyətindəki dərin parçalanmanın ABŞ-ı bir dövlət kimi deqradasiya mərhələsinə gətirdiyi inkaredilməz reallıqdır. Bunun nəticələri isə yəqin ki, yaxın gələcəkdə daha aydın şəkildə ortaya çıxmağa başlayacaq. Və mümkün nəticələr barədə artıq müəyyən proqnozlar verənlər də olmamış deyil.

Maraqlıdır ki, ABŞ-ın gələcək taleyi ilə bağlı ən məyusedici ehtimallara məhz bu ölkənin keçmiş prezidenti Donald Tramp müəlliflik edir. Onun iddiasına görə, yaxın 3 il ərzində ABŞ-ın sonu gələcək. Əlbəttə, bəziləri keçmiş prezidentin bu iddiasını onun Ağ Evin indiki sahibi Co Baydenə olan dərin nifrəti ilə də əlaqələndirə bilər.

Ancaq D.Trampın keçmiş prezident və nəhəng maliyyə resurslarına sahib olduğunu da nəzərdən qaçırmaq olmaz. Çünki mövcud vəziyyəti daha dəqiq dəyərləndirməyə imkan verən məlumatlara malik belə nüfuzlu şəxslər adətən, boşuna iddialar irəli sürmürlər.

Üstəlik, onu da nəzərə almaq lazımdır ki, ABŞ-ın dünya üzərində təsir gücünün ciddi şəkildə zəiflədiyi də inkaredilməz reallıqdır. Ağ Evın dünya üzərindəki hegemonluğunun tamamilə yox olacağı təqdirdə, itiriləcək maliyyə-iqtisadi və s. önəmli resurslar olmadan ABŞ-ın uzunmüddət ayaqda qala biləcəyinə inanmaq da çətindir.

Buna paralel olaraq, Rusiya, Türkiyə, Çin və s. kimi ölkələr güclənərək, beynəlxalq siyasi məkanda daha iddialı mövqelərə sahiblənməyə başlayıblar. Bu baxımdan, yeni dünya düzəninin formalaşması prosesi ABŞ-a oxşar məzmunlu “sürprizləri” bəxş etməyi sürdürərsə, həqiqətən də beynəlxalq siyasi məkan tarixin növbəti imperiyasını itirə bilər.

Mənbə: musavat.com

Bu xəbəri paylaşın: