“Qarabağın Tutusu”na ehtiram: Rüxsarə Cumayevanın 60 illiyi qeyd olundu

İyunun 19-da Bakı şəhərində Azərbaycanın ictimai-mədəni həyatında özünəməxsus yeri olan, “Qarabağın Tutusu” ləqəbi ilə tanınan Rüxsarə Cumayeva Bayraməli qızının 60 illik yubileyinə həsr olunmuş mərasim keçirilib. Tədbir ictimaiyyət nümayəndələrinin geniş iştirakı ilə yüksək səviyyədə baş tutub. Yubiley tədbirində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) tərəfindən göstərdiyi xidmətlərə və ictimai fəaliyyətinə görə Rüxsarə Cumayeva Fəxri Fərmanla təltif olunub. Təltif diplomunu AVMVİB rəhbərliyi şəxsən təqdim edib.

Tədbirdə millət vəkili Razi Nurullayev, şəhid anaları, qazilər, QHT rəhbərləri, eləcə də bir sıra ictimai xadimlər və media nümayəndələri iştirak ediblər. Çıxış edənlər Rüxsarə xanımın mübarizə dolu həyat yoluna, dövlətçiliyə sədaqətinə və ictimai fəaliyyətinə yüksək qiymət veriblər.

Qeyd edək ki, Rüxsarə Cumayeva 18 iyun 1965-ci ildə Zaqatala rayonunun Bəhmətli kəndində anadan olmuşdur. 1990-cı illərin əvvəllərində baş verən milli azadlıq hərəkatının fəal iştirakçılarından biri kimi tanınan Rüxsarə xanım o dövrdə həm mitinqlərdə, həm də informasiya cəbhəsində yorulmadan mübarizə aparmışdır. 1991–1994-cü illərdə Ağdam, Füzuli, Kəlbəcər, Goranboy və digər cəbhəyanı bölgələrdə ön cəbhəyə səfərlər etmiş, döyüş bölgələrində Azərbaycan həqiqətlərinin yayılması istiqamətində mühüm fəaliyyət göstərmişdir. Hazırda da vətənpərvərlik təbliğatına, gənclərin milli ruhda yetişdirilməsinə və sosial ədalətin müdafiəsinə yönəlmiş fəaliyyətini davam etdirən Rüxsarə Cumayeva, eyni zamanda müxtəlif sosial aksiyalarda, xüsusilə şəhid ailələrinin və qazilərin yanında yer alaraq mənəvi dəstəyini əsirgəmir. Tədbirin sonunda yubilyara gül dəstələri təqdim olunub, xatirə şəkilləri çəkilib.

AVMVİB-in Mətbuat xidməti

WhatsApp Image 2025 06 19 at 10.27.20 WhatsApp Image 2025 06 19 at 10.27.21 WhatsApp Image 2025 06 19 at 10.32.01 WhatsApp Image 2025 06 19 at 10.32.00
Bu xəbəri paylaşın: