44 GÜNLÜK MÜHARİBƏNİN 45-Cİ GÜNÜ — Onlar Vətəni, biz də onları qorumalıyıq!

Xəbər verdiyimiz kimi, Vətən müharibəsi qazisi Səid İskəndərov “Xocavəndin azad olunmasına görə” aldığı medalı satışa çıxarıb. O, diqqətdən kənarda qaldığı üçün belə bir addım atdığını bildirmişdi.

Hər gün cəmiyyətə adaptasiya olunmadan ortada buraxılış minlərlə əsgər və zabitimiz var.

Gündə yüzlərlə əsgər və zabitlərimizdən fəryad dolu şikayətlər, müraciətlər almaqdayıq. Mənə elə gəlir ki, bu mənfur bir zümrənin, mənfur əməllərinin nəticəsində baş verir. Bu gənc döyüşçülərin birinə məsləhət, birinə imkan daxilində kömək, digərinə səbir arzulayaraq yaradıldığı gündən ölü doğulmuş «Veteran komissiyasının» axtarışına çıxırıq. Bu şəxsi gördüm deyən yoxdu. Bəlkə ölkənin Baş naziri onu tapıb bu problemə aydınlıq gətirməyi tələb edə.


Azərbaycan insanının döyüşkən ruhuna total bir hücum var. Cənab Müzəffər Ali Baş Komandanımız bu sahəniciddi nəzarətə götürün. Məlum 5-ci kolona bağlılıqları üzdə olanlar eyni bir siyasəti yürüdürlər. Bu xalqdan, bu Ordudan və bu döyüşçülərdən QİSAS alınır. Bu dəqiqdir. Bunu prezidentin İrəvanla bağlı çağırışında da, Aprel döyüşləri sonrası baş verənlərlə izahını vermişik. Hər bir adam özü elə bu Zəfər sonrası baş verənləri nəzərdən keçirsə hər şeyi özü görə bilər.

Bunların hər biri məlumdur. Sadəcə cəzasızlıq qazi və şəhid ailələrinə qarşı məqsədyönlü antipatiya Ali Baş Komandanın yürütdüyü sosial və hərbi siyasətə xələl gətirməyə hesablanıb.


Yetən məmur, «Vətən qarşısında vəzifə borcundu» deyə döyüşçünü qapıdan qovur. Bəs bu zatların bu Vətən qarşısında heçmi borcları yoxdu?!


Bəli, döyüşlərdə qəhrəmanlıqla savaşanlar kasıb balalarıydı, yarısı işsiz, yarısı evsiz, yarısı da bir ailənin tək ümidiydi. Problemsiz olan tək zümrə imkanlı məmur balalarıydı və onlar da müharibə başlayan kimi «köçəri quşlar kimi uçub isti ölkələrə getdilər». Döyüşlər bitən kimi də bu Zəfəri paytaxtın küçələrində avtoşluq etmək şəraiti kimi qiymətləndirərək siqnalla «atəşfəşanlıq» etdilər…


Yaradılmış Veteran komissiyası işləmir. TƏBİB məlum. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi «vaksinsizlərin», ümumiyyətlə insanların, daha dəqiq desək azərbaycanlıların şikayətlərinə baxmır. Müharibə gedən ölkədə təqdim etdiyi bir «əlilliyin təyin edilməsi meyarları haqqında» qanunda «müharibə» təmrini yoxdursa, «xalaqızı» diaqnozuyla döyüşçü problemi həll olunmaz.


Bu gündən başlayaraq «44 GÜNLÜK MÜHARİBƏNİN 45-Cİ GÜNÜ» rubrikasında döyüşçülərin problemlərini ictimailəşdirməyə çalışacağıq. Bu ölkədə ən tərəfsiz və ən operativ sosial şəbəkə istifadəçilərini də köməyə çağırırıq. Onlar bizim Vətənimizi qorudular, biz də onları qoruyaq!


Bizə müraciət edən Vətən müharibəsi qazisinin yazdığını olduğu kimi sizlərin diqqətinizə çatdırıram:

Mən — Mirzəyev Əlihüseyn Rövşən oğlu, 02.01.2002-ci ildə Lerik rayonu Gəncəmiran kəndində anadan olmuşam. Bakıda yaşayıram və sentyabrın 27-sindən axıra kimi döyüşdə olmuşam. 2 dəfə yaranlmışam. Müalicə aldıqdan sonra isə yenə döyüşə qatılmışam və Füzuli, Xocavənd, Cərbayıl və Şuşa uğrunda gedən döyüşlərdə iştrak eləmişəm.


6 ədəd medalım var. Hərbi xidmətdən tərxis olunduqdan əvvəl də, sonra da isə Bakıya qayıtdım. Bu günədək yaşadığım ünvana heç kimsə gəlib mənimlə maraqlanmayıb. Nə yaşadığım Xəzər rayonu İH-nin Binə qəsəbəsi üzrə İcra nümayəndəliyi, nə də ki, sakini olduğum Lerik rayon İcra Hakimiyyətindən bir şəxs mənimlə maraqlanmayıb.


Kimsənin maraqlanmadığını görüb yaşadığım Xəzər rayon İH-nin Binə qəsəbəsi üzrə icra hakimyyəti nümayəndəliyinə müraciət etdim. Mənimlə ağır danışdılar. Dedilər ki, öz vəzifə borcundu, eləmilsən. Amma biz sənə kömək edə bilmirik.

Çıxardıb baxdılar, düz 20 ildi Binədə yaşayıram, evim yoxdu, kirayədə qaliram. Bu günədək bir nəfər də olsun belə, mənə kömək etmədi.
Mualicəyə ehtiyacım var. Onu belə etmirlər. Özüm də yaralandığıma görə işləyə bilmirəm.


Bizi çox tez unutdular. Yalançı hay-küyçülər, bol-bol vədlər verən dövlət qurumları bizləri görməzdən gəlirlər.

Xahiş edirəm ki, mənə kömək edin!


Heç olmasa, mənə yardim etsinlər kirayədən qurtulum. Canımdakı ağrılar işləməyə imkan vermir. Ağır heç bir şey qaldıra bilmirəm.


Sizə köhnə döyüşçülər olaraq müraciət etdim. Biz Sizlərin yoluyla döyüşlərə atıldıq. Bizi tək qoymayın. Sizdən artıq dərəcədə xahiş edirəm ki, mənə köməyinizi əsirgəməyin…


Əlaqə nömrəsi: 050 797 50 41
. Hər kəsi qazimizə yardım etməyə çağırırıq!


Bu, döyüşlərdə iki dəfə yaralansa da, sonadək döyüşmüş Əlihüseyn Rövşən oğlu Mirzəyevin bizə ünvanladığı bir müraciətdir. O, qəhrəmancasına döyüşərək «Füzulinin azad edilməsi uğurunda», «Cəbrayılın azad edilməsi uğurunda», «Xocavəndin azad edilməsi uğurunda», «Şuşanın azad edilməsi uğurunda», «Cəsur döyüşçü», «Vətən Müharibəsinin iştirakçısı» medalları ilə təltif edilmiş bir qəhrəmandır.

Aidiyyatlı qurumlar da yaxşı üsul tapıblar. Lerikdə deyirlər ki, sən Bakıda yaşayırsan, Bakıda da deyirlər ki, sən Lerikdə yaşayırsan. Zalımı çıxmışlar, bu adam artıq yaşaya bilmir. Canındakı ağrıları, işsizlik, evsizlik, imkansızlıq və daha nələri bu gənclərin çiyninə yükləyib, yaşadığı yeri axtarırlar. Biri təzə şəhid, köhnə şəhid, təzə veteran, köhnə veteran deyib döyüşçülərlə oyun qurmaları azmış kimi gündə məmurların yeni-yeni fəndlərini eşitməkdəyik. Xalq bacardığını edir. Amma onun da imkanları tükənib.


Türklərdə bir deyim var: «Qazilərimizi yalnız Savaş günündə deyil, həm də hər gün dualarımızda xatırlamalıyıq. Şəhid qanı ilə sulanan bir torpağa xəyanət edə bilmərəm və şəhid olmaq üçün dua etmiş bir qazinin də haqqını ödəyə bilmərəm!»

Amma bizim ölkəmizdə arvadına söz keçirə bilməyən kişiciklər qazilərə dil uzadacaq qədər harınlayıblar. Hər şəhidin, hər qazinin arxasınca «Vətən sağ olsun!» dedik. Unutmaq olmaz ki, qaziləri və şəhidlərin bizlərə əmanət etdikləri ailələrini baxımsız və tək buraxsaq bu Vətən sağ olmaz. Şəhidin və qazinin qanı, sümükləri üzərində bərqərar olan məmələkətin hər qarışı üzərində atdığın hər bir addımda onları anmırsınızsa, Vətən sağ olmaz.


AVMVİB Mətbuat Xidməti

Bu xəbəri paylaşın:
  • 35
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •