Ermənilərdən ibarət Rusiya «sülhməramsızları»

Xocavənd (Martuni) bölgəsindəki sərhəd xəttinin yaxınlığında yerləşən qədim xristian monastırını dağlıq Qarabağ, Ermənistan Respublikası və digər ölkələrdən olan zəvvarlar ziyarət edirlər.


Marqarita Simonyanın rus puluyla ermənilərə xidmət edən «Sputnik»inin yazdığına görə, Qarabağdakı Rusiya sülhməramlı kontingentinin əsgərləri Ermənistan Respublikasından gələn 100-ə yaxın zəvvarın Amaras monastırına təhlükəsiz ziyarətini təmin ediblər. Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.


«Biz Ermənistandan gəlmişik, çoxdan gəlmək istəyirdik, amma qorxurduq. Sülhməramlılara təşəkkür edirəm ki, bizi bura sağ-salamat gətirə bildilər. Sülhməramlılar bizə çox hörmətlə yanaşırlar. Onlar öz vəzifələrini yerinə yetirirlər. Çox səxavətlidirlər, hətta erməni dilində də bizim rifahımızla maraqlanırdılar. Bunun üçün onlara təşəkkür edirəm»-deyə dindarlardan Qayane Mxitaryan adlı biri qeyd edib.


Sülhməramlılar kilsə ibadətləri zamanı hərəkətdə olarkən və Amaras monastır kompleksini ziyarət edərkən zəvvarların təhlükəsizliyini təmin edirlər.


«Rusiya sülhməramlıları Amaras monastır kompleksinə gələn zəvvarların təhlükəsizliyini təmin edir. Bu ziyarətgah təmas xəttinin yaxınlığında yerləşdiyindən sülhməramlıların iştirakı zəruridir», — deyə Rusiya sülhməramlı kontingentinin sözçüsü Aleksandr Korolyov bildirib.


Əslində bu rus işğalçı güclərinin növbəti həyasızlığından biri deyib üstdən ötə bilərdik. Amma mətndə erməni axmaqlığı bir quş buraxaraq deyib: «Çox səxavətlidirlər, hətta erməni dilində də bizim rifahımızla maraqlanırdılar».

Yadıma 366-cı hərbi cinayət törətmiş rus-sovet polku və Rusiya, Ermənistan və Azərbaycan dövlət başçıları Vladimir Putin, Nikol Paşinyan və İlham Əliyev tərəfindən 9 noyabr 2020 -ci il tarixində Qarabağda atəşkəslə bağlı birgə qəbul etdikləri bəyanat düşür.

Rusiya bu günədək bu sazişin bir punktuna da əməl etməyib. Rayonların boşaldılması da onun deyil, Ermənistanın adıyla bağlıdır. Rusiya özü yaratdığı qondarma və qanunsuz «artsax müdafiə ordusu» adlı terrorçu-separatçı dəstələri çıxarmalı və Yuxarı Qarabağda yaşayan məcburi köçkünlərin geri qayıdışını təmin etməyi öhdəsinə götürsə də heç bir iş görməyib. Hələ ki Vartanın arağından içib, Siranuşa su daşıyır və Haykanuşu hamilə qoyub qaçmaqla məşğuldur.


Bu gün Qarabağda yerləşən hərbi kontingentin tərkibi və milli mənşəyi barədə Rusiya MN Azərbaycana və Ağdamda yerləşən Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə məlumat və hesabat təqdim etməlidir. Çünki maliyyə baxımından Rusiya yerli xainlərin orduya cəlb edilməsini daha məqsədəuyğun sayır. Bu Gümrüdəki 4-cü bazada, Tacikistandakı 7-ci bazada, Dnestryanı, Abxaziya və Osetiyada da belədir. Ehtimal olunur ki, separatçı-terrorçu hərbi birləşmələr artıq «sülhverenlik» missiyası ilə rus hərbi kontingentinə daxil edilib. Elə ona görə də bu qanunsuz hərbi dəstələrin ərazimizdən çıxarılması məsələsini Rusiya daim qulaqardına verir.


Ümid edirik ki, aidiyyatlı qurumlar antiterror əməliyyatını daim gündəmdə saxlamalı və bu məsələ daim nəzarətdə saxlanmalıdır.


Xaqani Ədəboğlu
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Mətbuat Xidmətinin rəhbəri

Bu xəbəri paylaşın: