Nə tez gəldi igidim, gənç yaşda sənə xəzan,
Şəhidə su isitdi, ağlaşdı qara qazan.
Sənin baş ucunda daş, bizim gözümüzdə yaş,
Sən borcunu ödədin, sıra bizdə Ülküdaş…
İhsan Şahin

Şəhid Rəşad Ağabəy oğlu Babayev 4 iyun 1992-ci ildə Bakı şəhərində anadan olub. 1998 -ci ildə Nizami rayonu 109 saylı orta məktəbin I sinfinə gedib. 2006-cı ildə isə təhsilini idman təmayüllü 277 nömrəli məktəbdə davam etdirib. İdmanın cüdo növüylə məşğul olub.
Məhz bu idman növü üzrə yeniyetmələr arasında Azərbaycan çempionu olub. 20-dən artıq qızıl, gümüş və bürünc medallara layiq görülüb. İdmana olan həvəsi onu Azərbaycan Dövlət İdman Akademiyasına gətirib və 2013-cü ildə bu Akademiyanı bitirib 2013-cü ildən XTQ kursunu bitirərək kəşfiyyatçı kimi N saylı hərbi hissədə xidmətə başlayıb. Müxtəlif hərbi hissələrdə snyperçi, XT manqa komandiri və s. kimi xidmətdə olub.
Gizir Rəşad Babayev Türkiyənin İzmir şəhərində keçirilən «EFES 2016» beynəlxalq təlimlərində fəal iştirakına görə sertifikat ilə təltif olunub. 2017-ci ilin 30 aprel ayında N saylı hərbi hissənin yaranmasının 18-ci ildönümü münasibətiylə döyüş hazırlığında yüksək nailiyyətlər əldə etdiyinə görə hərbi hissə komandanlığı tərəfindən Fəxri fərmana layiq görülüb. 2020-ci ildə cüdo, Yunan — Roma və sərbəst güləş üzrə yarışlarda yüksək nəticələr əldə etdiyinə görə də Fəxri fərmanla təltif olunub.
Həmçinin R. Babayev nümunəvi xidmətə görə «Qüsursuz xidmətə görə» 3-cü dərəcəli medalla, «Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)» yubiley medalıyla təltif olunub.
27 Sentyabr 2020-ci ildə Vətənin çağrışına səs verən Rəşad Babayev 44 günlük Vətən müharibəsi günlərində torpaqlarımızın düşmən tapdağından azad edilməsində Kəlbəcər, Murovdağ, Suqovuşan, Cəbrayıl, Füzuli, Xocavənd uğrunda gedən döyüşlərdə iştirak edərək şücaətlər göstərib.
Ağoğlan (Hadrut) qəsəbəsi uğrunda gedən döyüşlər isə cəsur kəşfiyyatçı üçün son döyüş olur.
Qəhrəman şəhidimiz Rəşad Babayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamıyla şəhidimiz ölümündən sonra «Vətən uğrunda», «İgidliyə görə», «Kəlbəcərin azad olunmasına görə», «Xocavəndin azad olunmasına görə» medallarıyla təltif olunub.
Qəhrəman şəhidin atası Ağabəy Babayev, anası Təranə Babayeva, qardaşı Rüfət və Rəsul Babayevlər onun müqəddəs və qəhrəmanlıqlarla dolu qısa ömür yolunu qürurla xatırlayırlar.
Şəhidimizin anası Təranə Babayeva, Rəşad kimi qəhrəman oğul böyütməsiylə fəxr edir. Bu gün bu qəhrəmanlarımızla bütün Azərbaycan xalqı qürur duyur və fəxr eləyir. Bu qəhrəmanların sayəsində bir xalqın tapdanmış qüruru, ləkələnmiş şərəfi özünə qaytarıldı.
Bu gün anaların övladları üçün göz yaşı tökdüyünə görə sındığımızı düşünməyin, lazım olsa o analar cəbhəyə gedər, amma azadlığa əl vurmanıza imkan verməzlər.
Bu günkü körpələr sabah azad bir ölkədə yaşasın deyə, bu gün can verən fidanlar, məqamınız şəhidlikdir, yeriniz isə qəlbimizdədir.
Allah şəhidlərimizə rəhmət eləsin!
Türkay Xaqan