Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) üzvü, xalq hərəkatının fəalı, müharibə veteranı, Qarabağı tanınmış ziyalısı və ağsaqqallarından olan Vaqif Əlisoyun 67 yaşı tamam olur.
Vaqif Əlisoy ona pay düşən ömür adlı qismətini özü üçün yaşamayan qəhrəman müharibə veteranlarımızdandı. Çünki Vətəni özündən öndə bilirdi. Müharibədə silahıyla, dinc dövrdə isə qələmi və pedoqoji fəaliyyətiylə döyüşürdü, Vaqif Əlisoy.
65 illiyi ilə bağlı saytların birinə verdiyi açıqlamada V. Əlisoy demişdi: “Bu gün məktəbdə şagirdlərim məni təbrik edərkən dedim ki, mənə ən böyük arzunuz o olsun ki, Qarabağda, Cəbrayılda dəfn olunum. Torpaqlarımızı ordumuzun, özümüzün gücü ilə, əldə silah azad edək. Mən də yüz minlərlə torpaq dərdli didərgin kimi gedim o torpaqları görüm, sonra rahat dünyadan köçüm. Ən böyük arzum budur. O torpaqlarsız, Cəbrayılsız mənim üçün həyat yoxdur. Artıq səbrimiz də tükınib. Mən xalqıma, dövlətimə, orduma torpaqlarımızın azadlığı yolunda uğurlar diləyir, amma bu işdə səbirsizlik arzulayıram. Yəni torpaqlarımızı tezliklə azad edək və mənim kimi artıq ahıl yaşına çatmış on minlərlə vətəndaş da Qarabağın, öz doğma yurd-yuvalarının azadlığını görsün. Bu dövlət bizlərin çiyinlərində qurulub. Yaşımıza baxmayaraq yenə də əldə silah onun müstəqilliyi, ərazi bütövlüyü uğrunda döyüşməyə də, düşməni öldürməyə də, şəhid olmağa da hazırıq…

Allah uğrunda vuruşduğumuz müstəqil Azərbaycanı var etsin!..”
Allah Vaqif Əlisoyun arzusunu çin elədi. 2020-ci ildə şanlı ordumuz öz tarixi missiyasını yerinə yetirərək, bu xalqın qırılmış qürurunu bərpa etdi. Vaqif bəy canı qədər sevdiyi doğma Cəbrayıla, hər qarışında iz qoyduğu o torpağı ziyarətə qazi kimi getdi.
Savaşlar hər zaman acılarla dolu xatirələr ilə insanların yaddaşına hopar. Çünkü savaş sadəcə itkilərdən ibarətdir. Sonucu zəfər olsa da, savaşın qazanılması da çox böyük itkilərlə başa gəlir. Bu itkilərdən yaranan ağrı, acıları əsil döyüşçü qələmiylə Vaqif bəy «Kaş gözlərim kor olaydı»… adlı kitabın səhifələrinə köçürüb. Silahla vidalaşıb geri döndüyü anı döyüşçü yazar belə xatırlayır: «Növbətçi kapitan Familə “AGM” avtomatını və 3 ədəd F-1 qumbarasını qaytarıb, kitaba qol çəkib yola çıxdım.
Bir yük maşınına mindim. Beyləqana qədər nələr görmədim. Öz-özümə deyirdim ki, niyə bir gülləyə rast gəlmədim? Niyə həlak olmadım ki, bunları indi mən görürəm? Ancaq bir şeyə arxayın idim, gec-tez xalqı bu bəlaya düçar edənlər layiqli cəzalarını alacaqlar. Onların adlarını mən bilirəm. Heç kəsdən qorxmuram. Onların adları: R. Qazıyev, S. Hüseynov, Ə. Hümbətov. Məhz R. Qazıyevin səbəbinə Milli Ordu bu iki nəfərin əlində cəmləşmişdi»…
Komandir sərrastlığı və dəqiqliyi ilə yaşanmış faciələrlə dolu tarixi anları lakonik dillə anladan veteranımız Vaqif Əlisoyun Vətən əxlaqı bir nəslə örnəkdir. O da ayaqlarım, qollarım, gözlərim olmadan yaşaya bilərəm. «Ancaq Vətənim olmadan, yaşaya bilmərəm», deyən qazilərimizdəndi və bu Vətən sizə minnətdardır.
Öncə öz adımdan doğma Cəbrayılımızın igid oğlunu ad günü münasibətiylə təbrik edir və bildirirəm ki, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Sizi ad günü münasibətiylə və gənc nəslin vətənpərvər ruhda tərbiyyəsindəki müstəsna xidmətlərinizə görə Fəxri fərmanla təltif edib.
AVMVİB Rəhbərliyi və Fedai.az kollektivi Vaqif bəyi ad günü münasibəti ilə təbrik edir, uzun ömür can sağlığı və doğma yurdda doyunca bir ömür arzulayır.
Bütün gözəlliklər sizin olsun və 100 yaşa, Vaqif bəy!
X. Ədəboğlu










