Mötəbərliyi təsdiqlənməmiş mənbələrdən yayılan məlumata görə, SEPAH adından belə bir xəbər yayılıb: «Guya Azərbaycan və Türkiyə Zəngəzura qəfil hücum etmək niyyətində imişlər. İslam İnqilabı Keşikçiləri Korpusuna (Sepah) yaxın bir məlumat mənbəyi, Azərbaycan Silahlı Qüvvələrinin Türkiyənin diplomatik dəstəyi ilə Zəngəzurdan Naxçıvana gedən bir dəhlizi zorla kəsmək niyyətində olduğu barədə məlumat yayıb.

Guya Zəngəzura gözlənilməz hücumdan sonra İranla Avropa arasındakı rəsmi sərhəd keçidi bağlana bilərmiş. İran rəhbərliyi buna əsaslanaraq Azərbaycanın cənub sərhədlərinə ordu göndərdiyi qeyd olunub”.
İran ordusunun quru qoşunları Azərbaycanın işğaldan azad etdiyi Zəngilan, Cəbrayıl əraziləri ilə sərhədlərimizdə genişmiqyaslı hərbi təlimlərə start verəcək. Artıq bölmələr və hərbi texnikalar sərhədə yaxın ərazilərə yerləşdirilir. Əlbəttə ki, İran müstəqil, suveren ölkədir və öz əraziləri çərçivəsində istədiyi kimi hərbi təlimlər keçirə bilər. Lakin keçiriləcək hərbi təlimlərin İran-Azərbaycan münasibətlərində soyuquğun yaşandığı bir dövrdə keçirilməsi və təlimlərə «Xeybəri fəth edənlər” adının verilməsi heç də təsadüfi deyil. Birincisi, bir neçə gün öncə İran XİN Səid Xətibzadə Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi Tehranı sərt tənqid etməsi və iradlarına münasibət bildirərək «İslam Respublikası öz sərhədləri yaxınlığında sionist rejimin (İsrail – red.) varlığına dözməyəcək və təhlükəsizlik tədbiri olaraq lazım bildiyi hər şeyi edir” deyib. Mahiyyət etibarilə bu çox ciddi və bir o qədər də təhlükəli açıqlamadır. Xətibzadə bununla faktiki olaraq Azərbaycan hakimiyyətini sionist rejim adlandırıb. Rəsmi Tehranın indi də hərbi təlimə «Xeybəri fəth edənlər” adının verməsi bunu bir daha təsdiqləyir.
Xəbər verildiyi kimi, bu gün Azərbaycanın İran İslam Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadə İranın xarici işlər naziri Xoseyn Əmir Abdollahiana öz etimadnamələrini təqdim edib.

İranlı nazir azərbaycanlı səfirə Tehrandakı missiyasında uğurlar arzu edib və mehriban qonşuluq siyasəti çərçivəsində ikitərəfli münasibətlərin vacibliyini vurğulayıb. Bununla yanaşı Xoseyn Əmir Abdollahian Azərbaycanın ərazisində İranın iki sürücüsünün saxlanılması ilə bağlı narazılığını da bildirib.
Abdollahian həmçinin ölkəsinin öz ərazisində hərbi təlimlərin keçirilməsi məsələsinə də toxunub. O bu cür təlimlərin keçirilməsini hər bir dövlətin suveren haqqı olduğunu vurğulayaraq deyib ki, “İran onun milli təhlükəsizliyinə qarşı yönəlmiş sionist rejiminin ərazisində qalmasına imkan verməz və bununla bağlı lazımı tədbirlər həyata keçirər”.
Öz növbəsində, Əli Əlizadə Azərbaycanla İran arasında ikitərəfli münasibətlərin əhəmiyyətini vurğulayıb.
Xatırladaq ki, İran İslam Respublikasının Quru Qoşunlarının komandanı Kiyumers Heydəri bəyan etmişdi ki, İranın Silahlı Qüvvələrinin quru qoşunları ölkənin şimal-qərb bölgəsində (Ərdəbil, Şərqi Azərbaycan və Zəncan) təlim keçirməyə başlayır. Onun sözlərinə görə, təlimlərdə İran Silahlı Qüvvələrinin haubitsa, pilotsuz uçuş aparatları, vertolyotlar və zirehli texnikasından istifadə ediləcək.
Davamlı baş verən hadisələrdən İranın qonşu və İslam adına səmimi olmadığı ortadadır.
Birincisi, təlimlərə verilən ad diqqəti çəkir: “Xeybəri fəth edənlər”. Xeybər Səudiyyə Ərəbistanının Mədinə şəhərinin şimalında yerləşən bir ərazidir. VI-VII əsrlərdə bu ərazidə Qüdsdən qovulan sefarat yəhudiləri yaşayıblar. İslam tarixində bu qala və qala sakini olan yahudilər uzun müddət Məhəmməd Peyğəmbərə qarşı ətrafdakı tayfalardan ibarət koalisiya yaratdıqları üçün xüsusi yer tutub. 628-ci ildə Məhəmməd peyğəmbərin rəhbərlik etdiyi qüvvələr Xeybərə daxil olaraq bu koalisiyanı məğlub edib. Yəni buradan çıxan nəticə belədir: İran üçün Azərbaycan 21-ci əsrin Xeybər qalasıdır. Kaolisiya hədəfi isə, heç də İsrail deyil, Türkiyə — Azərbaycan — Pakistan olması görünməkdədir.

İkincisi, İranın müharibə dövründə tutduğu xəyanətkar yol, nə qonşuluğa, nə müsəlman və məzhəbə, nə də elementar hüquq normalarına uyğun deyildi.
Üçüncüsü, işğaldan azad edilmiş dağıntılarda İranın iştirakı, təbii sərvətlərin talanması və narkotik qaçaqmalçılığına bulaşmasına dair yetərli faktlar tapmaq mümkündür. İstər bank köçürmələri, istər qanunsuz daşımalar bu faktları təsdiqləyir.
Dördüncüsü, İranın dindoş siyasətçi mollaları İranın Azərbaycana daim yaxşı olması iddiasını irəli sürərək bütün bacardıqları pislikləri etməklə yalan siyasi bəyanatlarla pərdələnməyə çalışırlar. Amma bu sürüşkən molla siyasəti hər gün molla rejimini ifşa edir.
Əslində İran bu cür sakitləşdirici bəyanatları iki başlı ehtiyacdan verir. Birincisi, Şimali Azərbaycanını sakitləşdirmək və ikincisi isə Cənubda yaşayan 50 milyonluq türk nüfuzunu və Cənubi Azərbaycanda oyanışa hazır soydaşlarımızı sakitləşdirmək məqsədi daşıyır. Bu gün İran ictimaiyyətini aldatmaq üçün daxili auditoriyaya hesablanan uydurduqları «sionizm haqqında» nağılın mahiyyəti də bundan ibarətdir.
Bu gün bu gərginləşmədə maraqlı görünən tərəflərin başında, əlbəttə Ermənistan başda gəlir. Amma bütün saxta informasiyaların informasiya məkanına ötürülməsində ardıcıl olaraq Rusiyanın informasiya vasitələri aktiv hala gətirilib və hər 5 informasiyadan az qala 3-ü yanlış informasiyalardan ibarətdir. Ona görə də bu vəziyyətdə informasiya təhlükəsizliyinə diqqət artırılmalıdır.
Son olaraq İran odla oynayır, o qədər çaşıb ki, cənubdakı Xeybəri şimalda axtarır…

Əli Nəsib Zərdabi
