Bəzi onlayn kütləvi informasiya vasitələrində guya Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun avtomobillə adam vurması ilə bağlı məlumat dərc olunub.
Məsələ ilə bağlı Neftçala rayon İcra Hakimiyyətindən bildirilib ki, qeyd olunanlar həqiqəti əks etdirmir. Ümumiyyətlə, belə bir hadisə baş verməyib və kökündən yanlışdır.
İcra hakimiyyəti mətbuat nümayəndələrini dəqiqləşdirməmiş məlumatları yaymamağa çağırıb.
«Bu cür qərəzli informasiyaları dərc etmək qanun qarşısında məsuliyyət yaradır və həmin kütləvi informasiya vasitələri haqqında hüquqauyğun tədbirlər görüləcək».
Xatırladaq ki, verilən məlumata görə, dünən axşam saatlarında Neftçala rayon İcra Hakimiyyətinin baçşısı Mirhəsən Seyidov yol qəzası törədib. Bu barədə Neftçaladan PİA.az-a verilən məlumatda qeyd olunub. Məlumata görə icra başçısı axşam saatlarında Aşağı Surra və Kürqarabucaq kəndləri arasında idarə etdiyi «Toyota Camry» markalı maşınla yol kənarı ilə gedən Aşağı Surra kənd sakinini vurub. Vurulan şəxs ağır bədən xəsarəti alıb. Eyni zamanda hadisə yerində vurulan şəxsa aid olan qoyunlara da xəsarət yetirilib, qoyunlardan ikisi isə ölüb.
