Vətən müharibəsi qazisi Abbasov Qismət Abbas oğlu müraciəti…
“3 ay dalbadal dərman içməliyəm, hər dərmanın qiyməti 335 manatdır. Bir ildən artıqdır ki, işə gedə bilmirəm, gəlir yerim yoxdur. Mən ailəmə necə baxmalıyam, övladlarımı necə saxlamalıyam?! Qəlpə arterial damarı, oturaq siniri qoparıb, əzələlər, vətərlər qopub.
Hazırda ayağımda əzələ yoxdur. Hazırda damarlarım çox zəiflədiyinə görə həkimlər əməliyyatı saxlayıblar. Deyirlər damarı dəyişsək, yenə partlayacaq, gözləmək lazımdır.

Qeyd edim ki, Ağdam istiqamətində döyüşlərdə ağır yaralanıb. Çoxlu qan itirdiyindən Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında əməliyyat olunub. Xəstəxanada bədəninə 2,5 litrə yaxın qan köçürülən qazi ona qanla bərabər Hepatit C də «köçürüldüyünü» deyir.
Aylardır bədənindəki qəlpə yaraları ilə yanaşı, həm də Hepatitin müalicəsi ilə məşğuldur. Lakin hələ də ona əlillik dərəcəsi təyin olunmayıb.
Qismət Abbasovun sözlərinə görə, müharibənin ilk günündən ön cəbhədə — Ağdam və Xocavənd istiqamətində döyüşlərdə iştirak edib.
Oktyabrın 9-da düşmənin atdığı mərmi sol ayağında budun üçdə birini kəsib. Qazi müharibəyə qədər şirkətlərin birində operator işləyib. Dediyinə görə, 8 saat ayaqüstə işlədiyindən daha ora qayıda bilməyib. Əvvəllər aldığı maaş Bakıda kirayədə yaşamasına imkan versə də, müharibədən yarımcan qayıdan qazi imkansızlıqdan valideynlərinin yanına — bir otaqlı evə köçüb.
Qismət Abbasov İkinci Qarabağ müharibəsində göstərdiyi xidmətlərə görə “Cəsur döyüşçü” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
Leyla Həsənova
