Türkiyə ilə Azərbaycanın birgə gücü daha da təsirli olacaq!..

 2021-ci il 15 iyun tarixində Şuşa şəhərində imzalanmış məlum Şuşa Bəyannaməsi tarixi bir sənəddir. Strateji tərəfdaşlığın tükənməz perspektiv göstəricisi olan bu Bəyannamə, Türkiyə və Azərbaycan arasında əlaqələri müttəfiqlik səviyyəsinə qaldırmışdır. Eyni zamanda, 2021-ci il 26 oktyabr tarixində Füzuli Beynəlxalq Hava Limanının birgə açılışı da, bu birliyin gücünün nümayişidir. Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi hər zaman bir-birinin yanındadır. Füzuli Beynəlxalq Hava Limanının inşası cəmi səkkiz ay davam etdi.

Səkkiz ay ərzində beynəlxalq hava limanı inşa edildi. Bu hava limanının inşasında Azərbaycan və Türkiyə şirkətləri iştirak etmişlər. Bütün işlərdə, o cümlədən işğaldan azad edilmiş torpaqlarda gedən quruculuq, bərpa işlərində də iki ölkə çiyin-çiyinə bir yerdə fəaliyyət göstərir. Artıq, böyük gücə çevrilmiş bu birlik, sürətlə bütün sahələri əhatə edir. Şuşada və Zəngilanda rəsmi mərasimlərin keçirilməsi, Türkiyə və Azərbaycanın Dövlət himnlərinin səslənməsi tarixi hadisələrdir. Bu tarix birlikdə yazılır. Necə ki, bütün müharibə dövrü ərzində birlikdə idik, bu gün də bir yerdəyik. Bu gün regional işlərdə, hətta dünya miqyasında Türkiyə və Azərbaycan əməkdaşlığı, qardaşlığı önəmli amilə çevrilib.

Bütün dünya bilir ki, İkinci Qarabağ savaşının ilk saatlarından son dəqiqələrinə qədər Türkiyə Azərbaycanın yanında olmuşdur. Müharibənin ilk saatlarında Türkiyə bəyan etdi ki, Azərbaycan tək deyil və Türkiyə Azərbaycanın yanındadır. Bu addım Azərbaycan üçün çox böyük siyasi və mənəvi dəstək, əlavə güc verdi. Sirr deyil ki, Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycana növbəti səfəri dünyaya bir mesajdır. Azərbaycan xalqı Türkiyənin dəstəyini hər zaman yüksək qiymətləndirmişdir və bu gün də bu proses davam etməkdədir. Belə səfərlər əsl qardaşlıq, dostluq və birlik nümunəsidir. Bu, həm Azərbaycan xalqına, həm Türkiyə xalqına, həm də bütün dünyaya bir mesajdır ki, biz bir yerdəyik, bizim birliyimiz sarsılmazdır və əbədidir. Bildiyimiz kimi, Türk Şurası güclü təsirə malik, nüfuzlu bir beynəlxalq təsisatdır. Gələn ay Azərbaycan Türk Şurasında sədrliyi Türkiyəyə təhvil verəcək. Türk dövlətləri arasındakı əməkdaşlıq və qardaşlıq əlaqələri daha da güclənəcək və bütün Türk dünyası üçün yeni imkanlar açılacaq.

Onu da vurğulamaq istəyirəm ki, Zəngəzur dəhlizinin çox böyük strateji əhəmiyyəti vardır. Zəngilan Şərqi Zəngəzur bölgəsində yerləşir və buradan keçən Zəngəzur dəhlizi bütün Türk dünyasını birləşdirəcək. Həm Azərbaycan, həm Türkiyə Zəngəzur dəhlizinin gerçəkləşməsi üçün əməli addımlar atır və bu addımlar yaxın gələcəkdə öz bəhrəsini verəcəkdir. Cari ilin 26 oktyabr tarixində təməli qoyulmuş avtomobil yolu da Zəngəzur dəhlizinin bir hissəsidir. Avtomobil yolunun və dəmir yolunun çəkilişi nəticəsində ölkələrimiz istəklərinə nail olacaqdır. Azərbaycanın azad edilmiş torpaqlarında fəaliyyət göstərən bir çox Türkiyə şirkətləri yorulmadan çalışırlar. Türkiyə şirkətlərinin səyləri nəticəsində bu gün bu bölgədə yollar salınır, dəmir yolları çəkilir, tunellər tikilir, infrastruktur layihələri gerçəkləşir. Bu, bir daha bizim birliyimizin, qardaşlığımızın təcəssümüdür. Bundan sonra da Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi bir yerdə irəli gedəcək, xalqlarımız bir-birinə daha da yaxın olacaq, dövlətlərimiz bundan sonra da uğurlu əməkdaşlıq edəcək.

Bu gün dünyada Azərbaycanla Türkiyə qədər bir-birinə yaxın olan, bir-birinə güvənən, qarşılıqlı dəstək verən və regionun inkişaf dolu gələcəyi üçün birgə çalışan başqa iki ölkə yoxdur. Bu, ilk növbədə, təbii ki, mənəvi bağlılıqlarımızdan, ortaq tariximizdən, mədəniyyətimizdən gəlir. Amma etiraf edək ki, dünyada tarixi bağlılıqlar etibarilə bir-birinə çox yaxın olub, amma müasir reallıqlardan irəli gələn hansısa maraqlara görə bir-birinə düşmən kəsilən, hətta qanlı müharibələr aparan xalqlar, dövlətlər də var. Ona görə hazırda Azərbaycanla Türkiyə arasındakı münasibətlərin bu səviyyədə olmasının bir əsas səbəbi də iki ölkənin dövlət rəhbərlərinin dostluq, qardaşlıq münasibətləridir. Azərbaycan və Türkiyə münasibətləri maraqlara deyil, dəyərlərə əsaslanır. Və bu bütün dünya üçün bir nümunədir. Öz maraqları üçün min oyunlar oynayan, hər cür addımlara gedən, mənəviyyatsızlıqları sərhəd tanımayan xarici siyasi dairələr qarşısına Azərbaycan və Türkiyə Prezidentləri bu dəyərlərin gücü ilə çıxırlar. Onlara öz yerlərini göstərirlər. Bu iki liderin uca şəxsiyyətinə, mənliyinə, mənəviyyatına, dəyərlərə bağlılığına yaraşan da elə məhz budur!

Azərbaycanla Türkiyə arasında uzun illərin sınağından çıxmış dostluq və qardaşlıq münasibətləri bir daha onu göstərir ki, iki ölkə arasındakı əlaqələr əbədidir və heç bir qüvvə Azərbaycan — Türkiyə dostluğunun, qardaşlığının qarşısını ala bilməz. İki qardaş ölkənin yaxından iştirakı ilə reallaşdırılan qlobal layihələr regionun mənzərəsini dəyişir. Cənubu Qafqazda sülh və təhlükəsizliyin təmin olunması, bu bölgənin yaxın gələcəkdə dünyanın inkişaf mərkəzlərindən birinə çevrilməsi üçün əsaslı zəmin formalaşdırır. Bu prosesə töhfə verən hər kəs bundan yalnız faydalanacaq. Azərbaycan-Türkiyə münasibətləri günü-gündən daha da möhkəmlənir. Ölkələrimiz arasında əlaqələrin inkişaf səviyyəsi regional tərəqqiyə mühüm töhfələr verir. Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir.

Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. Ulu öndər Heydər Əliyevin: “Bir millət, iki dövlət” olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir. Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Eyni zamanda, türk dünyasının daha sıx şəkildə bir araya gəlməsini bu gün şərtləndirən ən mühüm amillərdən biri də məhz Azərbaycan və Türkiyənin münasibətlərinin inkişafından keçir!…

Yaşasın müstəqil Azərbaycan və Türkiyə dövləti!..

Eşq olsun Azərbaycan-Türkiyə qardaşlığına!..

Eşq olsun Azərbaycan-Türkiyə birliyinə!..

Biz, Birlikdə Güclüyük!..

Müşfiq Əliyev

Azərbaycan Respublikası Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin sədri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin humanitar məsələlər üzrə səlahiyyətli nümayəndəsi

BAKI ŞƏHƏRİ, XƏZƏR RAYON SAKİNİ

                                                                                                                                                              

Bu xəbəri paylaşın: