Görünür İranın caynaqları bir regionda nəzarəti itirən kimi dərhal hansısa başqa regionda nəzarəti əlinə alır.
Ermənilər tərəfindən işğal edilmiş Dağlıq Qarabağ belə ərazilərdən biridir.
Bu barədə yazıçı-tədqiqatçı Herold Keynin “İslam Respublikası” məqaləsində bəhs olunub.
Fedai.az Oxu.Az-a istinadən bu paylaşımın məzmununu təqdim edir.
Ötən həftə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi katerləri ABŞ Hərbi Dəniz Donanmasını və sahil mühafizəsinin gəmilərini Fars körfəzində izləyib.
General Cek Kin televiziya vasitəsilə izləyiciləri bu sözlərlə sakitləşdirib: “Narahat olmayın, bizim donanmamızın İranın nəzarətdən çıxmaq halı ilə bağlı hazırlanmış öz qarşılıqlı fəaliyyət qaydaları var”.
Həmin həftə xalq üçün keçirilən koronavirusla bağlı gündəlik brifinqlərin birində Prezident Donald Tramp bu sözlərlə öz əminliyini nümayiş etdirib: “Mən vəzifəyə gələndə İran bütün Yaxın Şərqi tutmağa hazırlaşırdı, ancaq indi sadəcə sağ qalmaq istəyirlər, … çox güman ki, indi onlar bizimlə qarşılaşmaq istəmirlər”.
Daha sonra mən Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş Qarabağ regionuna yanacaq çatdıran İrana məxsus, SEPAH-ın dəstəklədiyi yük maşınları ilə bağlı düşünməyə vadar edən məlumatlara rast gəldim. Burada verilməli olan sual ondan ibarətdir ki, nəyə görə dünyanın bütün müsəlmanlarının qondarma qoruyucusu onun dünyəvi şimal qonşusu, əhalisinin əksəriyyəti müsəlman-şiələr olan Azərbaycan Respublikasına məxsus ərazilərin ermənilər tərəfindən davam edən işğalını dəstəkləyir.
İran Azərbaycanla 611 kilometr sərhədə malikdir, 1988-1994-cü illər Dağlıq Qarabağ müharibəsi nəticəsində bu sərhəd bölgəsinin əhəmiyyətli hissəsi Azərbaycanın qanuni nəzarətindən çıxarılıb. Ermənistan təcavüzkar şəkildə soxularaq Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonun daxil olduğu 20 faiz suveren ərazisini işğal etdi.
Müharibə nəticəsində 800 mindən çox Azərbaycan vətəndaşı bu işğal olunmuş ərazilərdən qovuldu. Və bu günə qədər də onlar hələ də bütün Azərbaycana səpələnmiş məcburi köçkünlərdir.
İşğaldan sonra Ermənistan Azərbaycanın qeyri-qanuni işğal olunmuş ərazilərində indi “Arsax Respublikası” adlandırılan qondarma “Dağlıq Qarabağ Respublikası” yaratdı. Qeyd etmək vacibdir ki, Ermənistan tərəfindən işğal edilmiş region beynəlxalq səviyyədə Azərbaycanın tərkib hissəsi hesab olunur və qondarma “Arsax Respublikası” dünyanın heç bir ölkəsi tərəfindən tanınmır.
Beləliklə, Ermənistanın Meğri şəhəri ilə Azərbaycanın Horadiz şəhəri arasında uzanan İran-Azərbaycan sərhədinin Ermənistan tərəfindən nəzarət edilən 132 kilometrlik hissəsi Tehranın qondarma “Dağlıq Qarabağ Respublikası” ilə birləşdiyi yerdir.
13-cü əsrdə inşa edilən, Araz çayı boyunca uzanan və İranı Azərbaycanın işğal edilmiş Cəbrayıl bölgəsi ilə birləşdirən Xudafərin körpüsünə İran riyakarlığının nümunəsi kimi baxmaq olar. Yazıçı-tədqiqatçı Herold Keyn özünün “İslam Respublikası” məqaləsində İranın ləyaqət və nizam-intizam ölkəsi olduğunu iddia etməsinə baxmayaraq, eyni zamanda narkotik maddələri, silah və yanacağı bu qanunsuz sərhəd keçidi vasitəsilə daşıdığını qeyd edir.
İranla Dağlıq Qarabağ arasındakı əsas keçid məntəqəsi olan Xudafərin körpüsü beynəlxalq hüquqa əsasən qanunsuz hesab olunur. Beləliklə, dünyanın hüquq-mühafizə orqanlarının əhatə dairəsindən uzaq olan ərazi bəzən faydalı olur.
SEPAH-ın nəzarətində olan Tehran uzun müddət bu marşrutdan Əfqanıstandan son təyinat məntəqəsinə — Avropaya qanunsuz narkotik trafiki üçün istifadə edib.
İranda dövlət nömrə nişanlı yük maşınları sürən İran qaçaqmalçıları açıq şəkildə narkotik maddələri Araz çayı üzərindən Dağlıq Qarabağa və arxa giriş vasitəsilə Avropaya daşıyır.
Çılğın islam teokratiyası olan İran və xristian millətli Ermənistan qəribə cütlük təşkil edir. Ancaq görünür, pullar danışır…
Etnik azərbaycanlılara əsaslanan “Araz News” müstəqil informasiya mənbəyinin məlumatına görə, SEPAH qanunsuz narkotik dövriyyəsi ilə yanaşı həmçinin Ermənistan tərəfindən işğal edilən Qarabağ bölgəsinə yanacaq, ərzaq məhsulları, tikinti materialları və s. daşınmalarına da cavabdehlik edir.
Ermənistana və Qarabağın işğal olunmuş ərazisinə göndərilən yük maşınlarının əksəriyyəti İranın şimal-qərb şəhərləri olan Sufiyan və Təbrizdə yerləşən “Nasr Novin Mishu” şirkətinə məxsusdur. “Nasr Novin Mishu” şirkəti İranın şimal-qərbində SEPAH-ın egidası altında fəaliyyət göstərən “Nasr” şirkətinin törəmə şirkətlərindən biridir.
Mənbələrimə əsasən, İranın şimal-qərb hissəsindən gələn yük maşınları ən azı iki fərqli marşrutdan istifadə edərək Qarabağ bölgəsinə daxil olur, bununla yanaşı peyk görüntülərində iki kəsişmə nöqtəsi göstərilir. Ən çox yayılmış marşrutlardan biri Təbrizdən Ermənistanla İranın sərhədinə, Meğriyə tərəf gedən və “Dağlıq Qarabağın paytaxtı” Stepanakertə aparan Gorus-Laçın şossesidir.
İkinci marşrut İranın Ərdəbil əyalətindəki Xumarlının şimal-şərqindən 1990-cı illərin əvvəllərindən bəri Ermənistan tərəfindən nəzarət edilən İran-Azərbaycan sərhədinin bir hissəsini keçən Azərbaycanın Cəbrayıl rayonuna aparır. Bu keçid məntəqələri İran tərəfdən M12 avtomobil yoluna bağlıdır.
Səs-küy yaradan videokadrlar
Rüfət Əhmədzadənin bir məqaləsini oxuduqdan sonra izlədiyim son görüntülərdə işğal olunmuş Azərbaycan ərazilərinə yanacaq və ərzaq məhsulları daşıyan İran nömrəli yük və minik avtomobilləri göstərilir.
Bakı görüntülərə sərt reaksiya verdi və İrandan rəsmi araşdırma tələb etdi. İran bu iddiaları qəti şəkildə rədd etdi.
Bu video İranın Qarabağdakı qanunsuz erməni rejiminin həyati-vacib resurslarla təmin edilməsində davam edən iştirakından bəhs edir.
Təəssüf ki, Tehran Bakıya münasibətdə ikibaşlı siyasət aparır. Bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini iddia edir, eyni zamanda İranın yük maşınları və avtomobillərinin bölgəyə daxil olmasına icazə verir, BMT tərəfindən pislənən Ermənistanın Azərbaycan torpaqlarını işğalını susaraq dəstəkləyir.
Sanksiyalar
Prezident Tramp Amerika Birləşmiş Ştatlarını İranla nüvə sazişi kimi tanınan Hərtərəfli Birgə Fəaliyyət Planından (JCPOA) çıxardı və İrana qarşı sərt sanksiyalar tətbiq etdi.
İran rejiminin yaxşı hiss etdiyi artan təzyiqlər şəraitində İran rəsmiləri sanksiyalardan yayınmaq üçün alternativ yollar axtarır.
İslam Respublikası ABŞ və beynəlxalq ictimaiyyətin sanksiyalardan qaçmaq üçün Ermənistanda və işğal altındakı Qarabağ bölgəsindəki banklardan çoxdan istifadə edir.
2019-cu ilin avqustunda ABŞ Ticarət Departamenti qara siyahıya alınmış İran şirkətləri ilə əlaqəli erməni və gürcü şirkətlərinə qarşı sanksiya tətbiq etdi. Ermənistanın xarici siyasəti Moskva və Tehranla üst-üstə düşür. Onun İrandan asılılığı Qərbin Cənubi Qafqazda və Xəzər bölgəsində maraqlarına ciddi təhlükə yaradır.
Arenadakı geosiyasi faktorlar
Azərbaycan və Ermənistanla münasibətlərdə Tehranın geosiyasəti dəyişkən xarakter daşıyır: onun milli maraqlarına əsaslanan rəsmi siyasi xətt olduqca praqmatikdir. Tehran, şimal sərhədində çox sayda azərbaycanlı əhalisi olan güclü bir Bakının İrandakı azərbaycanlıların hüquqlarının fəal müdafiəçisi ola biləcəyindən qorxur. İslam Respublikası yaxşı bilir ki, etnik azlıqların hüquqlarının pozulması onlarla Tehran arasında inamsızlıq yaradıb. İranın azərbaycanlı əhalisi — əsasən İranın şimal-qərb əyalətlərində yaşayan təxminən 30 milyon insan buradakı ən böyük qeyri-fars etnik qrupdur. Sovet İttifaqının dağılmasından və Şimali İranla həmsərhəd olan dünyəvi Azərbaycan Respublikasının qurulmasından sonra İranın öz ərazisində potensial “Azərbaycan separatizmindən” qorxması tamamilə mümkündür.
Ermənilər tərəfindən işğal edilmiş Dağlıq Qarabağ
İranın şimal-qərb bölgəsi ilə həmsərhəd olan Azərbaycan torpaqlarına Ermənistanın nəzarət etməsi Tehran üçün faydalı görünür. Bu, Azərbaycanla İranın azərbaycanlıların yaşadığı şimal-qərb bölgələri arasında “bufer zona” yaradır. Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın lehinə istənilən həlli İranın da maraqlarına cavab verməyə bilər. Ermənistanın işğal etdiyi İranla həmsərhəd olan Azərbaycanın rayonlarındakı mövcud status-kvo Tehranın milli təhlükəsizlik problemini “həll edir”.
1990-cı illərin əvvəllərində özünün ikinci müstəqillik elanından bu yana Azərbaycan İranın düşmən hesab etdiyi ABŞ və İsrail də daxil olmaqla Qərblə strateji əlaqələrə diqqət yetirməyi seçib. İran daxilindəki Azərbaycan separatizmi qorxusu, Bakıda hakimiyyətin dünyəvi xarakteri və Qərblə sıx tərəfdaşlığı İran və Ermənistan arasında davamlı bir ittifaqın yaranmasına şərait yaradıb. “Düşmənimin düşməni mənim dostumdur” atalar sözü İran ilə Ermənistan arasındakı əlaqəni aydın şəkildə təsvir edir. İran hətta o qədər irəli gedib ki, Azərbaycandakı radikal şiələrə və separatçı qruplara dəstək verir.
İndiyə qədər Azərbaycan ABŞ və İsraillə açıq strateji tərəfdaşlığını bir qədər tarazlaşdırıb, İranla normal mehriban qonşuluq münasibətlərini elə qoruyub saxlayıb ki, hətta müsəlman çoxluğa malik cəmiyyətlər arasında İsrailin ən yaxın müttəfiqi olmasına baxmayaraq, bu günə qədər orda diplomatik nümayəndəlik açmayıb.
İranın artan təcavüzkarlığını nəzərə alaraq, hesab edirəm ki, Bakı yaxın günlərdə İsraildə səfirlik açmalı və qarşılıqlı faydalı İsrail-Azərbaycan hərbi kəşfiyyat tərəfdaşlığı və əməkdaşlığının intensivləşdirilməsi üçün növbəti addımlar atmalıdır. İranın hazırkı fəaliyyəti mənə bu məsəli xatırladır: “Pişik yoxa çıxanda, siçanlar oynamağa başlayacaq”. Dünya pis aktyorlara mənfəət əldə etmək imkanı verdiyi düşünülən koronavirusdan müdafiə ilə məşğuldur.
Nəzarət olmasa, xüsusən onlar qaydaları görməzdən gələrsə və pozurlarsa, ağıllarına gələn hər şeyi edəcəklər. İran və Ermənistan arasındakı əlaqə buna parlaq nümunədir.