Ərdoğan ilə Baydenin görüşü başa çatdı

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Co Baydenin «G20» Liderlər Zirvəsi çərçivəsində görüşü başa çatıb.

Liderlər arasında görüş 1 saat 5 dəqiqə davam edib.

Görüşdə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ dövlət katibi Antoni Blinken iştirak edib.

ABŞ Prezidenti Co Bayden Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Romada keçirdiyi görüşdə Türkiyənin S-400 zenit-raket kompleksləri ilə silahlanmasından narahatlığını bildirib.

Ağ Evin mətbuat xidməti görüş barədə ilk açıqlamasını yayıb.

“Prezident Bayden müdafiə sahəsində tərəfdaşlığımızı və Ankaranın NATO müttəfiqi kimi əhəmiyyətini bir daha təsdiqləyib, lakin Türkiyənin Rusiyanın S-400 sistemlərinə malik olması ilə bağlı ABŞ-ın narahatlığını da qeyd edib”, — məlumatda qeyd olunub.

Məlumatda bildirilib ki, görüş zamanı iki ölkə liderləri Qafqaz, Suriya, Liviyadakı diplomatik səyləri və Şərqi Aralıq dənizindəki vəziyyəti müzakirə ediblər. Bayden, həmçinin avqustda başa çatan Əfqanıstanda ABŞ əməliyyatına verdiyi dəstəyə görə Ərdoğana minnətdarlığını bildirib.

Bu xəbəri paylaşın: