30 il ərzində Qarabağ uğrunda gedən separatist-işğalçı müharibə haqqında və bu müharibədə Rusiyanın rolu haqqında əsil ziyalı mövqeyi ortaya qoyması üçün Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) 83 minlik üzvləri adından görkəmli yazıçımızı dəstəkləyirik.
Xatırladaq ki, konteksdən çıxarılan fikirlər belə, anlayanlar üçün çox dəyərlidir: «Birinci Qarabağ Müharibəsi deməyin! Bu müharibə olmayıb, yalandır. Ermənilər Sovet qoşunlarına pul verib, tanklarından istifadə edib bizim torpaqlarımızı alırdılar. Bizim ordumuz olmayıb. Xocalıya girən 366-cı alayda komandirlərin hamısı erməni idi. Əsl müharibə indi olub. 44 günlük müharibə ki, bizim müstəqil ordumuz olub, komandiri olub”.
Bu barədə Xalq yazıçısı Çingiz Abdullayev “Birinci Qarabağ müharibəsi olmayıb, yalandır” fikrinə aydınlıq gətirib.
O, Facebook hesabında paylaşdığı videoda məsələ ilə bağlı bunları deyib: “Danışanda dedim ki, hələ bir il bundan öncə mən rus telekanallarında bizim qonşularımızdan danışanda onlar mənə dedilər ki, siz ticarət xalqısınız, biz isə əsgər xalqıyıq. Ona görə birinci müharibədə biz sizə qalib gəlmişik və nə qədər torpağınızı almışıq. İndi bəziləri qəsdən deyir ki, Çingiz şəhidlərə hörmətsizlik edir. Hamısı yalandır. Çünki şəhidlərin arasında mənim bir neçə qohumum var. Mənim Şuşada həlak olan qardaşım var.
Ümumiyyətlə, həmişə demişəm ki, biz neçə min şəhid itirmişik, Allah onların hamısına rəhmət eləsin. Ona görə ki, onlar hamısı qəhrəmandırlar.
Niyə görə? Onlar silahsız, tanksız, topsuz mübarizə aparırdı. Yalnız Ağdamda 6 min insan həlak olmuşdu. Amma mən niyə bununla razılaşmıram ki, eyni müharibə olub? Ona görə ki, 20, 30, 40 ildən sonra nəvələrimiz bizdən soruşacaq: “Xocalıya gələndə niyə ordumuz onu müdafiə etməyib?”. Baxmayaraq ki, Xocalıda 4 Milli Qəhrəman olub. Ona görə ki, o vaxt ordumuz olmayıb. Qəhrəmanlar çox olub. Neçə min insan itirmişik. Bir milyon qaçqın olub. Torpaqlarımızın 20%-ni itirmişik. Əgər o vaxt ümummilli liderimiz Heydər Əliyev gəlməsəydi, bəlkə, daha çox itirərdik. O, bizi xilas etdi, müharibəni dayandırdı. Biz isə o vaxt Bakıda yalnız hakimiyyət mübarizəsini fikirləşirdik və bizim könüllü batalyonlarımız cəbhədə vuruşurdu.
Ona görə mən qonşularımızla qəti razı ola bilmərəm. Biz ticarət xalqı deyilik, biz qəhrəman xalqıyıq. Nə qədər şəhid o müharibədə və 3 minə yaxın şəhid bu müharibədə vermişik. Amma bu axırıncı müharibədə bizim müstəqil ordumuz, bizim iqtisadiyyatımız, pulumuz, imkanımız, Prezidentimiz və onun iradəsi olub. Ona görə mən bunu dedim. Bunu hələ bir il bundan öncə demişdim və 1 ay bundan öncə yazmışdım. O vaxt oxuyanlardan heç kim buna fikir vermədi. Bu videonu qəsdən belə çəkiblər ki, birinci hissə orada olmasın. Amma baxın orada neçə yüz adam oturmuşdu. Onlardan soruşun ki, necə olub və necə danışmışam?”
Xatırladaq ki, Xalq yazıçısının Sumqayıtda oxucuları ilə görüşdə Birinci Qarabağ Müharibəsi haqda dediyi fikirləri müzakirələrə səbəb olmuşdu: “Birinci Qarabağ Müharibəsi deməyin! Bu müharibə olmayıb, yalandır. Ermənilər Sovet qoşunlarına pul verib, tanklarından istifadə edib bizim torpaqlarımızı alırdılar. Bizim ordumuz olmayıb”.
Məsələ ilə bağlı Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) NTK sədri Niyazi Quliyevə və qurumun Mətbuat Xidmətinin rəhbəri Xaqani Ədəboğluna müraciət etdik.

AVMVİB NTK sədri Niyazi Quliyev bildirdi ki, bu gün ölkədə müəyyən qüvvələr qəsdən xalqın duyğuları ilə oynamağa çalışırlar. Mən yazıçı Çingiz Abdullayevə etiraz edənlərin çoxundan soruşdum ki, o çıxışa qulaq asmısan? Məlum oldu ki, qulaq asmadan kimlərinsə fətvasıyla suyu bulandırır. Mən hörmətli yazıçımızın çıxışını dinlədim. Açıq mətnlə Rusiyanı bu cür ifşasıyla rastlaşmamışam. Bunu müzakirə etmək əvəzinə, kimlərinsə boş-boş fikirləriylə yazıçı Çingiz Abdullayevə hücumlar təşkil etmək görəsən kimlərə sərf edir?
Yəni çıxışda məqsəd Rusiyanın birbaşa əliylə ordusuz bir xalqa qarşı törədilmiş hərbi cinayətlərin sadalanmasına kimlərinsə narahat olması düşündürücü bir məsələdir. Düşmənin ən ucqar kəndinin müdafiəsinə tanklar, toplar cəlb edilmişdi. Ç. Abdullayev bunu deyir.
Bir döyüşçü kimi hörmətli yazıçımız Ç. Abdullayevə öz dəstəyimizi bildirməyi özümə borc bildim.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Mətbuat Xidmətinin rəhbəri Xaqani Ədəboğlu da N. Quliyevin fikirləriylə tam razı olduğunu bildirdi. Qeyd etdi ki, Xalq yazıçısı Çingiz Abdullayev, həqiqətən də ilk dəfə əsil vətənpərvər ziyalı kimi Rusiya ilə bağlı dediyi fikirlər, yəqin ki, 5-ci kolon mənsublarını narahat edib. Xalq yazıçısının Sumqayıtda oxucuları ilə görüşdə Birinci Qarabağ Müharibəsi haqda dediyi fikirlərə xeyli sonra bu cür yanaşmanı planlı şəkildə ortaya atdıqları aşikardır. Söylənən arqumentlərə əks münasibət bilirsiniz necə olar: Rusiya bu müharibədə tərəf olmayıb. Aydın oldumu, bu kolon nökərləri niyə səs-küy salırlar?
X. Ədəboğlu bildirdi ki, biz müharibəyə hazırlıqsız yaxalandıq. Ordumuz yox idi. 4 imperiya qarşısına ordu kimi deyil, ayrı-ayrı hərbi dəstələr şəklində çıxmışdıq və bu dəstələrdə hər kəs bir vətənpərvər və qəhrəman idi. Ç. Abdullayev elə bu günkü açıqlamasında bu məsələlərə, ordu quruculuğuna, Ali Baş Komandanın apardığı düzgün hərbi-strateji xəttə bir ziyalı kimi çox dəqiq qiymət verir.
Şəxsən bu cür ziyalı mövqeyinə görə Xalq yazıçımıza öz minnətdarlığımı bildirirəm.
Əli Nəsib Zərdabi
