Son illər istər Azərbaycan xalqının, istər ADPU-nun, istərsə də filologiya fakültəsinin həyatında yaddaqalan hadisələr baş verir.
2020-ci ilin 44 günlük Vətən müharibəsi zamanı qazandığımız tarixi qələbə dövlətimizi, xalqımızı və müzəffər ordumuzu dünyaya tanıtdı. Universitetdə, xüsusilə də filologiya fakültəsində bu qələbənin qazanılması uğrunda canından keçən şəhidlər, qazilər anılır, onların şücaətinə həsr edilən silsilə tədbirlər keçirilir. Bu tədbirlərin keçirilməsində Fakültə ilə əməkdaşlıq edən I Qarabağ müharibəsinin iştirakçıları, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin üzvü olan müharibə veteranları yaxından iştirak etdilər.


2021-ci il 4 noyabr tarixində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev və Nəsimi rayon şöbəsinin sədri, “Azərbaycan bayrağı” ordenli polkovnik Elmar Hüseynov Universitetdə qonaq oldular. Veteran-hərbçilər 44 günlük Vətən müharibəsində öz kəsərli qələmi ilə düşmənlə savaşan, vətənpərvər şeirləri ilə əsgərlərimizdə, tələbə-gənclərimizdə ruh yüksəkliyi yaradan, universitetin Beynəlxalq Əlaqələr üzrə propektoru, alim-şairə, professor Mahirə Nağıqızını doğum günü münasibəti ilə təbrik etməyi özlərinə borc bilmişdilər.

Polkovnik E. Hüseynov 44 günlük müharibə zamanı Mahirə xanımın təşəbbüsü ilə gənc tələbələrin Orduya dəstək kampaniyası təşkil edərək tələbələrin əsgərlərə məktub yazmalarını və veteranlar vasitəsilə məktubların əsgərlərə çatdırılmasının təşkil edildiyini diqqətə çatdırdı. Yazdığı şeirlərlə özünün müsəlləh əsgər olduğunu isbat edən Mahirə xanıma dərin təşəkkürünü bildirdi. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Fəxri fərmanı ilə təltif olunduğuna görə təbrik etdi.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev Professor Mahirə xanımı təbrik edərək ona işlərində uğurlar arzuladı. Azərbaycan Respublikası Veteranlar Təşkilatının Fəxri üzvü seçilməsi münasibəti ilə təbrik edərək Mahirə xanıma təşkilatın üzvlük vəsiqəsini təqdim etdi. Daha sonra isə hörmətli professorumuza “Milli Ordu-100” xatirə medalı təqdim edildi.

Tədbirdə ADPU-nun Elm və İnnovasiyalar üzrə prorektoru Asəf Zamanov, Beynəlxalq əlaqələr üzrə prorektor Mahirə Hüseynova, AVMVİB-nin sədri Füzuli Rzaquliyev, AVMVİB-nin Nəsimi rayon şöbəsinin sədri polkovnik Elmar Hüseynov, filologiya fakültəsinin müəllim və tələbələri iştirak etdilər.

Həm Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) adından, həm də Azərbaycan dilçiliyi kafedrası adından hörmətli professorumuza, dəyərli ziyalımıza can sağlığı, işlərində uğurlar, müvəffəqiyyətlər arzu edirik.
Təbrik edirik!
Elnur Səlim



