Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyası növbəti mitinqlərə hazırlaşır.
Qafqaz.media Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, müxalilfət partiyası tərəfdarlarını bütün ölkə üzrə səfərbər olmağa çağırıb. Bildirilir ki, Vahid Milli Hərəkat Partiyasının tərəfdarları bu çağırışdan sonra artıq Azadlıq meydanında hazırlıq görülən mitinqi dəstəkləmək üçün regionlardan dəstələr şəklində Tiflisə gəlməyi planlayırlar.
Müxalifətin planlanan mitinqi fonunda Gürcüstanın baş naziri İrakli Qaribaşvili siyasi təşkilatları konstruktiv əməkdaşlığa çağırıb. O bildirib ki, siyasi spektrin ölkənin maraqlarını birinci yerə qoymasının zamanı yetişib. «İndi bizim üç illik sabit inkişaf mərhələmiz gündəmdədir və mən müxalifət də daxil olmaqla hamını ona çağırıram ki, dar partiya maraqlarını ölkə maraqlarından daha ön plana qoymasınlar», — deyə Qaribaşvili bildirib. Baş nazirin bu açıqlamasına reaksiya verən müxaliflər onu «Gürcü arzusu»nun maraqlarını ölkə maraqları kimi qələmə verməkdə ititham ediblər.
Gürcüstanın hazırkı siyasi hakimiyyəti içərisində Saakaşviliyə qarşı ən amansız mövqe sərgiləyən şəxslərdən biri də seçilən İrakli Kobaxidzedir. Belə ki, «Vahid Milli Hərəkat»ın ölkə üzrə anons etdiyi aksiyalara, yəni Saakaşvilinin təcili xəstəxanaya köçürülməsi tələbinə maksimum saymazlıq nümayiş etdirən Kobaxidze, bir tərəfdən konstruktivlik şüarlarını səsləndirən hökumətin, əslində, vətəndaşın tələbinə yanaşmasını ortaya qoyur. «Ultimatumunuzu özünüzə saxlayın. Əgər onlar hansısa destruktiv addım atsalar, ən sərt cavabı alacaqlar. Ölkəyə sülh lazımdır. Biz buna məsuliyyət daşıyırıq», — deməklə əslində Saakaşvilinin həyatına görə məsuliyyətdən yaxasını kənara çəkir. Üstəlik, Kobaxidze Saakaşvilinin aclıq aksiyasını «saxta» adlandırır.

