ATATÜRK, İMAM ƏZƏM ƏBU HƏNİFƏ VƏ FARS DİLİNDƏ AZAN

Türk dövlətçiliyinin xilaskarı və müasir Türkiyənin qurucusu Qazi Mustafa Kamal paşa Atatürkün ünvanına hələ onun sağlığında səsləndirilən ittihamlardan birinə görə, o, İslam dininin tələblərini və şəriət qaydalarını açıq-aşkar şəkildə pozaraq azan və iqamənin türk dilində verilməsini tövsiyyə etmişdir. Qeyd etmək lazımdır ki, həqiqətən də 1932–1950-ci illərdə Türkiyədə azan məhz türk dilində verilmişdir. Bununla da Atatürk həqiqətənmi İslam qanunlarını pozmuşdur? Zahirən belə görünsə də nəticə çıxarmağa tələsməyək.

Məsələ burasındadır ki, Osmanlı imperiyasının rəsmi məzhəbi hənəfilik idi. Hənəfi məzhəbinin əsasını İslamın böyük alimlərindən sayılan İmam Əzəm Əbu Hənifə Numan ibn Sabit (699–767) qoymuşdur.

İmam Əzəm Əbu Hənifənin ən məşhur fətvalarından biri belədir: “Azan və iqaməni fars dilində vermək, eləcə də namazı fars dilində qılmaq caizdir”.

Yuxarıda göstərilənləri nəzərə alaraq ehtimal edə biləik ki, Atatürkün türk dilində azan tövsiyyəsi məhz Əbu Hənifənin yuxarıdakı fətvasına əsaslanırdı. Bu fikirlə razılaşmayan qarşı tərəf bəzən aşağıdakı arqumentlərə müraciət edir:

  1. “Hənəfi məzhəbinin, əslində, üç imamı vardır. Digər iki imam Əbu Hənifənin tələbələri – Əbu Yusif Yaqub ibn İbrahim (731–798) və Əbu Abdullah Muhəmməd ibn Həsəndir (749–805). Əbu Yusiflə Muhəmməd hər biri ayrılıqda Əbu Hənifədən üstün sayılmasa da, onların ikisinin birgə rəyi müəllimlərinin hökmünü qüvvədən sala bilər. Həmin imamlar isə fars dilində ibadətin caizliyi barədə heş bir fətva verməmişlər”.
  2. Vurğulamağı lazım bilirik ki, bu bəhanəni adətən dərin dini bilikləri olmayan şəxslər gətirirlər. Çünki əhli-sünnəyə görə, bir müctəhid digər müctəhidin fətvasını ləğv edə bilməz.
  3. “Əbu Hənifə bu fətvanı fars dili barəsində vermişdir. Onun türk dilinə aidiyyəti yoxdur”.
  4. Əslində, ciddi məntiqi olmayan bu bəhanə çox asanlıqla inkar edilir. Belə ki, Hənəfi məzhəbində ictihadın mənbələrindən biri qiyas, yəni müqayisədir. İmam Əbu Hənifənin fars dili haqqında verdiyi fətvanı qiyas (bənzətmə) yolu ilə türk dilinə və digər dillərə də tətbiq etmək mümkündür.
  5. “İmam Əbu Hənifə bu fətvanı verərkən müəyyən amilləri, o cümlədən, İslamın yenicə yayılmağa başladığını, bu dini qəbul edən farsların əksəriyyətinin ərəb dilini və ərəb əlifbasını bilmədiyini nəzərə almışdır. Bu hökm o dövr üçün keçərli idi. Hazırda isə şərtlər fərqlidir. Ona görə də həmin fətvaya istinad etmək düzgün deyildir”.
  6. Amma İmam Əbu Hənifənin özü heç bir yerdə qeyd etməmişdir ki, bu fətva yalnız müəyyən bir dövrə aiddir, yaxud onu verərkən farsların əksəriyyətinin ərəb dilini və ərəb əlifbasını bilmədiyini nəzərə almışdır. Bu isə o deməkdir ki, üçüncü “dəlil” bəhanədən və heç bir əsası olmayan gümandan başqa bir şey deyildir. Digər tərəfdən, sözügedən iddia ilə bağlı belə bir sual da yaranır: 1933-cü ildə bu qərar veriləndə Türkiyə müsəlmanlarının neçə faizi ərəb dilinə (VII əsrin Qureyş ləhcəsinə) heç olmasa minimal dərəcədə yiyələnmişdi? Yaxud, bugün dünyanın qeyri-ərəb müsəlmanlarının neçə faizi ərəb dilini (VII əsrin Qureyş ləhcəsini) qənaətbəxş səviyyədə bilir?
  7. “İmam Əbu Hənifə sonradan anlamışdı ki, yanlış hökm verib və buna görə də öz fətvasını geri götürmüşdü”.
  8. İmam Əbu Hənifənin fars dilində ibadətlə bağlı hökmü dəqiq və birmənalıdır. Onun bu ictihadı Hənəfi məzhəbinin fiqhinə aid kitablarda təsbit olunmuşdur. Lakin imamın öz sözündən guya dönməsi və səhvini iqrar etməsi barədə ən çoxu iki yolla nəql olunmuş rəvayət kifayət qədər şübhəlidir. Bir sözlə, səhihliyi böyük bir sual altında olan bu rəvayət İmam Əzəmin fətvasını qüvvədən salmaq üçün yetərli deyildir.
  9. “Atatürk türk dilində azan tövsiyyəsini verərkən İmam Əbu Hənifənin fətvasını və ümumiyyətlə bu məsələyə dinin münasibətini nəzərə almamış, öz istəyi və millətçilik hisslərinin təsiri altında qərar qəbul etmişdir. Onun məqsədi camaatı İslam dininin ehkamlarından uzaqlaşdırmaq idi. Lakin anlayırdı ki, bu işi birdən-birə deyil, mərhələli şəkildə görmək lazımdır. Atatürkün niyyəti Türkiyə vətəndaşlarını dünya müsəlmanları arasında körpü rolunu oynayan Quran dilindən uzaqlaşdırmaq, yaxud İslam dinini milliləşdirmək, türkləşdirmək olmuşdur”.
  10. Sözsüz ki, bu iddia nə qədər əsaslandırılsa da, əslində, yenə də gümandan başqa bir şey deyildir. Eyni ittihamı eyni uğurla İmam Əzəm Əbu Hənifənin də ünvanına səsləndirmək olar. Belə ki, İmam Əbu Hənifənin ata babası Zuta Sasani mərzbanının (valisinin) nəslindən idi. Bir fərziyyəyə görə, həmin Zuta sonuncu Sasani şahı III Yezdigərdin nəvəsidir. Elə təkcə bu faktı nəzərə alaraq belə bir fərziyyə irəli sürmək olar ki, əslində, Sasani şahzadəsi olan Əbu Hənifə İslam dinini tədricən farslaşdırmaq və ərəb istilası nəticəsində süquta uğramış İran dövlətçiliyini bu yolla bərpa etmək istəmişdir. Lakin belə bir fikrə düşmək böyük İslam aliminə qarşı bədgüman olmaq deməkdir. Elə isə gəlin türk dövlətçiliyinin xilaskarı və müasir Türkiyənin qurucusu Qazi Mustafa Kamal paşa barəsində də zənnə qapılmayaq. Onu da nəzərə alaq ki, tövsiyyəni Atatürk versə də, 18 iyul 1933-cü il tarixli, 636 №li müvafiq qərarı Türkiyənin Diyanet İşleri Riyaseti qəbul etmişdir. Bu qurumda isə o dövrün tanınmış fəqihləri, ilahiyyatçıları və hafizləri çalışırdılar.

Ədalət naminə onu da qeyd edək ki, Atatürkün tövsiyyəsi və Türkiyə Diyanet İşleri Riyasetinin qərarı namazın vacibatına aid deyildi. O yalnız azanla bağlı idi. Azan və iqamə isə məzhəblərin hamısına görə, sünnə və ya müstəhəbdir. Sözsüz ki, Atatürk haqq din olan İslamı həqiqətən də aradan aparmaq, yaxud onu türkləşdirmək istəsəydi, daha radikal addım ataraq İmam Əbu Hənifənin farsca namaz fətvasına əsaslanıb göstəriş verərdi ki, namaz da türk dilində qılınsın. Ən azı səsli qılınan sübh, şam və işa (camaatla məsciddə qılındıqda), eləcə də Cümə və bayram namazlarına bu yolla müdaxilə edə bilərdi. Amma göründüyü kimi, Mustafa Kamal paşa bunu etmədi.

Beləliklə, gəldiyimiz nəticə budur ki, azanın türkcə verilməsi barədə qərar özü-özlüyündə İmam Əzəm Əbu Hənifənin məşhur fətvasına və Hənəfi məzhəbinin ehkam və qaydalarına qətiyyən zidd deyildi. Lakin onun məcburi həyata keçirilməsi, ilk vaxtlarda azanın türk dilində oxunmasına etiraz edənlərin, Türkiyə Cümhuriyyətinin ikinci prezidenti İsmət İnönünün dövründə isə (1941–1950) ərəbcə azan oxuyanların sərt bir şəkildə cəzalandırılması dindar hənəfilərin mütləq əksəriyyətinin həmin məsələyə münasibətini dəyişdirdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bəyan etdiyi kimi, “azanın türkcə oxunması tək partiya dövrünün rəmzinə çevrilmiş zülmlərdən biri oldu”.

P.S. Atatürk dövründə qəbul edilmiş türkcə azan qərarını tənqid edərkən bir məsələni də nəzərə almaq lazımdır. Əhli-sünnə fiqhinin əsas prinsiplərindən biri müqəddəs “Qurani-Kərim”in bu ayəsinə əsaslanır: “Allaha, Onun Rəsuluna və içinizdən olan əmr sahiblərinə itaət edin”. Əhli-sünnə hüququna görə, əmr sahiblərinə itaətin müəyyən hədləri vardır. Həmin hədləri konkret meyarlar müəyyən edir. Bu meyarlardan ən əsası odur ki, əmr sahibinin verdiyi qərar, göstəriş şəriətə (yəni, qanunlara, hüquqa) uyğun olmalıdır. Yuxarıdakı misallardan göründüyü kimi, Atatürkün adı ilə bağlı olan türkcə azan qərarı da məhz Hənəfi məzhəbinin fiqhi – konkret olaraqsa İmam Əzəm Əbu Hənifənin müvafiq fətvası əsasında verilmişdir.

1932-1950-ci illərdə verilmiş  türkcə azanın mətni

Tanrı uludur, Tanrı uludur,

Şüphesiz bilirim, bildiririm – Tanrıdan başka yoktur tapacak,

Şüphesiz bilirim, bildiririm – Tanrıdan başka yoktur tapacak,

Şüphesiz bilirim, bildiririm – Tanrının elçisidir Muhammed.

Şüphesiz bilirim, bildiririm – Tanrının elçisidir Muhammed.

Haydi namaza, haydi namaza,

Haydi felaha, haydi felaha,

Namaz uykudan hayırlıdır, namaz uykudan hayırlıdır (yalnız sübh azanında).

Tanrı uludur, Tanrı uludur,

Tanrıdan başka yoktur tapacak.

Qeyd. Türkcə azanın ilk variantında “felah” sözü “kurtuluş” kimi tərcümə olunmuşdu. Amma aşağıdakı iki səbəbə görə ondan imtina edilmişdi:

1) Kurtuluş İstanbuldakı məşhur yəhudi məhəlləsinin adı idi;

2) Kurtuluş sözü uzun olduğuna görə, azanın ahəngini pozurdu;

“Felah” sözünün azanda olduğu kimi saxlanılması ilə bağlı üçüncü iddia son dövrlərdə irəli sürülmüşdür: «Haydi kurtuluşa» çağırışı xalqa göstərə bilərdi ki, namaz qurtuluşdur. Maraqlıdır ki, Atatürkün əleyhdarları bu fikri ortaya atmaqla, əslində, onun türkcə azan tövsiyyəsinə dolayısı ilə haqq qazandırırlar. Amma, görünür, bunu anlamırlar.

Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili

Bu xəbəri paylaşın: