Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanlığı Azərbaycan və Ermənistanla birlikdə Şuşada baş vermiş insidentlə bağlı araşdırma aparır, Rusiyanın Müdafiə Nazirliyi açıqlayıb.
Nazirliyin çərşənbə axşamı günü yaydığı məlumatda iki gün öncə Şuşada atəşkəsin pozulduğu, Azərbaycan tərəfinin atəş açdığı deyilir. İnsident nəticəsində bir nəfərin öldüyü, 3 nəfərin yaralandığı bildirilir.
Azərbaycan Xarici İşlər Nazirliyi bildirib ki, adətən, bu ərazidə hər hansı fəaliyyət həyata keçirilmədən öncə Rusiya sülhməramlılarına məlumat verilir və fəaliyyət sülhməramlıların müşayiəti ilə keçirilir, amma qarşı tərəf bu dəfə belə bir məlumat verməyib.
Noyabrın 8-də Şuşada Azərbaycan Prezidentinin iştirakı ilə Zəfər bayramı qeyd olunurdu.
«Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında atəşkəs rejiminin bir dəfə pozulması qeydə alınıb. Noyabrın 8-də, Moskva vaxtı ilə saat 13:40-da Şuşa rayonu ərazisində Dağlıq Qarabağdan olan 4 nəfərdən ibarət işçi qrupu Azərbaycan tərəfdən atəşə tutulub, nəticədə 3 nəfər yaralanıb, 1 nəfər ölüb»,- Rusiyanın Müdafiə Nazirliyi açıqlayıb.
Noyabrın 8-də Ermənistan KİV-ləri Şuşa şəhəri yaxınlığındakı su boru kəmərində işləyən mülkilərə «Azərbaycan tərəfindən açılan atəş» nəticəsində bir nəfərin həlak olduğunu, daha üç nəfərin yaralandığını bildirib.
Azərbaycan Xarici İşlər Nazirliyi bildirib ki, Ermənistan tərəfinin yaydığı məlumat «ciddi suallar doğurur».
«Belə ki, Ermənistan tərəfinin verdiyi açıqlamalarda qeyd olunur ki, bu şəxslər guya 8 noyabr tarixində Xankəndi-Şuşa yolu yaxınlığında su xəttinin təmiri məqsədilə fəaliyyət göstəriblər. Qeyd etmək istərdik ki, adətən, bu ərazidə hər hansı fəaliyyət həyata keçirilmədən öncə Rusiya sülhməramlılarına məlumat verilir və fəaliyyət sülhməramlıların müşayiəti ilə keçirilir. Bu dəfə isə Rusiya sülhməramlılarına hər hansı məlumat verilməmiş və fəaliyyət prosesində onların iştirakı olmamışdır. Bu isə əlbəttə, ciddi suallar doğurur», — çərşənbə axşamı günü Azərbaycan XİN-in yaydığı açıqlamada deyilir.
XİN bildirib ki, noyabrın 8-də Azərbaycan Prezidenti və dövlət rəsmilərinin iştirakı ilə Şuşada tədbir həyata keçirilirib.
«Məlumdur ki, belə hallarda ərazidə gücləndirilmiş təhlükəsizlik tədbirləri görülür. Bunu bilərəkdən, əraziyə yaxın məntəqədə hər hansı su xəttinin təmirinin həyata keçirilməsi hər hansı məntiqə sığmır», açıqlamada deyilir.
Azərbaycan Müdafiə Nazirliyi Şuşada baş vermiş insidentdən bir gün sonra, noyabrın 9-da Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan ordusunun Kəlbəcər rayonu, Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqelərinə yol çəkən mühəndis texnikalarını atıcı silahlardan atəşə tutduğunu bildirib.
Nazirlik Azərbaycan tərəfindən itkinin olmadığını açıqlayıb.
Ötən il sentyabrın 27-də başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsi noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı bəyanatla başa çatıb. Bəyanatın imzalanmasından sonra Azərbaycanın Qarabağ bölgəsinə və Laçın dəhlizinə rus sülhməramlıları nəzarət edir. Bu ərazidə erməni əhali yaşayır.
Ötən ay sülhməramlıların məsuliyyət zonasında atəşkəsin pozulması ilə bağlı ölüm və xəsarətlə nəticələnən bir neçə hadisə qeydə alınıb.
Mənbə: BBC
