Şəhid Ülvi Hacıyevin xatirəsinə həsr edilmiş Şəhid Bulağının açılışı olub

Bakıxanov qəsəbəsində Vətən müharibəsi şəhidi Hacıyev Ülvi Şirin oğlunun doğum günündə şəhidin xatirəsinə həsr olunmuş bulağın açılışı oldu.

Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev, AVMVİB NTK sədri Niyazi Quliyev və müharibə veteranları ilə yanaşı Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu Rayon İdarəsinin rəisi polkovnik Polad İbrahimov, Dövlət Gömrük Komitəsinin əməkdaşları, şəhidin ailə üzvləri, döyüş yoldaşları, oxuduğu 141 №li məktəbin müəllim və şagird kollektivi, ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Ülvi Şirin oğlu Hacıyev 13.11.1994-cü ildə Bakı şəhərində anadan olub. 2012-ci ildə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən 141 nömrəli tam orta məktəbi bitirib. 2016-cı ildə Azərbaycanda Dövlət İqtisad Universitetini və 2018-ci ildə həmin universitetin magistraturasını bitirərək, Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin inspektor vəzifəsində işləyirdi.

Vətən müharibəsi başlayan kimi könüllü ordu sıralarına yazılmış, Füzuli Xocavənd, Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 19.10.2020-ci ildə Xocavənd rayonu istiqamətində gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur.

06.12.2020-ci ildə Bakı şəhəri, Yasamal rayonunda yerləşən “İkinci Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Rəhbərliyi şəhidin keçdiyi döyüş yolunu və göstərdiyi şücaətləri nəzərə alaraq AVMVİB-nin təsis etdiyi Xatirə medalı ilə şəhidimizi təltif edib və AVMVİB sədri Füzuli Rzaquliyev Xatirə medalını şəhidin ailəsinə təqdim edib.

Elnur Səlim

Bu xəbəri paylaşın: