AVMVİB-nin bəyanatı: «Ruslar ya Qarabağı tərk etməli, ya da terrorçunu Azərbaycana təhvil verməlidir»

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Qarabağda baş verən son olaylarla bağlı bəyanat verdi.


Bəyanatda deyilir:


-Son ay ərzində özünü «Sülhməramlı» adıyla Qarabağa pərçimləmiş Rus ordu birliklərinin müvəqqəti nəzarətində olan Laçın koridoru vasitəsiylə Azərbaycanıın suveren hüquqları dəfələrlə pozulub. Bu pozuntularda öz missiyasını buraxıb inşaatla, pinəçiliklə, çaxır çəkməklə və s. məşğul olan Rusiya «sülhməramlıları» daim öz öhdəliklərini pozmaqla ortada olur.


Ermənistan Müdafiə nazirinin ölkəmizə qanunsuz səfəri, separatçı hərbi canilər Koçaryan və Sarqsyanın səfəri, axtarışda olan yaramaz bloqqer Peqovun səfərinin təşkil edilməsi, haqqında cinayət işi qaldırılmış Araik Aruyunyanla birgə fəaliyyət, separatçıların ölkəmizdə qanunsuz olaraq hərbi çağırış həyata keçirməsi, Şuşa və Kəlbəcər istiqamətindəki mövqelərimizin atəşə tutulması və ən son faktiki hərbi cinayətlərdə iştirak edən Norayr Mirzoyanın separatşılara təhvil verilməsi rus hərbi birliklərinin sonunu yaxınlaşdırmaq üçün kifayətdir. 1 il ərzində bir nəfər də olsun azərbaycanlı köçkünün onların nəzarətində olan ərazilərə köçürülməsinin təşkil edilməməsi Rusiyanın «sülh» istəklərinin olmaması ilə bağlıdır.


Artıq ordumuz qarşısına qoyulan vəzifəni yerinə yetirmək üçün antiterror əməliyyatlarının ikinci mərhələsinə başlamalıdır. 44 günlük Qarabağ savaşının qalibi kimi hərbçilərimizə qumbara atan terrorçunun əməlinə və Kəlbəcərdə davam edən atışmaya cavab olaraq həm bölgənin silahsızlandırılmasına nail olmalıyıq, həm də Laçın dəhlizinə nəzarəti birdəfəlik təmin etməli və bu istiqamətdə sərhəd postları qurmalıyıq.

Ya bölgəyə sülhü təmin etmək adıyla soxulmuş ruslar Qarabağı tərk etməli, ya da terrorçunu Azərbaycana təhvil verməlidir. Çünki terrorçu ilə bağlı ermənilər artıq «Biz hamımız Norayr Mirzoyanıq!» kompaniyası aparması və qanuni proseduru icra etməyə məcbur olan rus hərbi kontingentini terrorla təhdid etmələri heç də səbəbsiz deyil. Bu terrorçunun cəzasız qalması bu cür presidentlərin artmasına və ənənəvi hal almasına gətirib çıxara bilər.


Separatçı terroristlər bilməlidilər ki, Azərbaycan Ordusuna atəş açan hər kəsin terrorçu kimi məhv edilməsi beynəlxalq qanunlarla təsbit edilmiş hüquq normasıdır.

83 minlik Vətən müharibəsi veteranları adından bu günədək «Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş naziri və Rusiya Federasiyasının Prezidentinin Bəyanatı»nın 4-cü maddəsini elə ilk addımıyla pozan «Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilməsi» öhdəliyini yerinə yetirməyən və separatçılarla qol-boyun fəaliyyət quran bir hərbi kontingentə qarşı hər kəsi köhnə döyüşçülər adından mübarizəyə qalxmağa səsləyəcəyimizi bəyan edirik!


Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) İdarə Heyəti

Bu xəbəri paylaşın: