IV YAZI
“Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” əsərindəki faktlar əsasında
Bütün bunlarla yanaşı, ədalət naminə onu da vurğulayaq ki, Abbasi xəlifəsi ən-Nasir Çingiz xana məktub yazıb onu müsəlman türklər üzərinə hücuma təhrik etməsəydi belə, Xarəzmşahlar imperiyası ilə Yeke Moğol Ulusu arasında müharibə mütləq baş verəcəkdi. Çünki hər bir dövlət yerləşdiyi coğrafi-siyasi məkanın şərtlərinə və tələblərinə tabe olmağa məcburdur. Bəs nəticəni necə, yəni moğolların qələbəsini də “alın yazısı” hesab edə bilərikmi? Bu suala qətiyyətlə yox demək olar. Savaşın taleyinə hansı amillərin təsir göstərdiyini müəyyənləşdirmək istəyiriksə, aşağıdakı məsələlərə aydınlıq gətirməliyik:
- Xəlifə ən-Nasir Çingiz xana yalnız məktub göndərib onu Xarəzm üzərinə hücuma təşviq etməklə kifayətlənmişdi, yoxsa moğollara həm də bu işdə kömək göstərmişdi? Axı Çingiz xan müsəlman deyildi ki, xəlifənin fətvasından, bir kağız parçasına yazdıqlarından ruhlansın! Ona yalnız real imkanlara malik olan bir müttəfiq lazım idi;
- Xarəzmə qarşı aparılan hərbi əməliyyatların gedişində hansısa qüvvə moğolları doğru və dolğun kəşfiyyat informasiyası ilə təmin etmiş, mülki əhalini və döyüşçüləri ruhdan salan şayiələr yaymış, düşmənin xeyrinə təbliğat aparmışdı. Bu fəaliyyət kimin tapşırığı ilə həyata keçirilmişdi? – Çingiz xanın təbəəliyini qəbul etmiş müsəlman uyğurların arasından olan tacirlər və səyyahlar, sözsüz ki, bu missiyanın öhdəsindən tam şəkildə gələ bilməzdilər. Həmin işi keyfiyyətlə yerinə yetirmək üçün informasiya mənbələri birbaşa rəqibin sarayında, onun vəzirlərinin, böyük din xadimlərinin və sərkərdələrinin arasında olmalı idilər. Görünür, Çingiz xanın Orta Asiyanı cəmi 2 ilə (1219–1221) fəth etməsinin başlıca səbəbi də məhz budur. Müqayisə üçün qeyd edək ki, moğollar Cənubi Çini 44 il (1235–1279) sürmüş şiddətli bir müharibədən sonra istila etmişdilər. Onlar çox yaxşı bələd olduqları Şimali Çini 6 ilə (1209–1215) işğal etmiş, lakin müharibə 1234-cü ilədək uzanmışdı. Koreya ilə müharibə 28 il (1231–1259), Volqa Bulqarıstanı ilə savaş 10 il (1229–1239) çəkmişdi. Əgər rus knyazlarının xəyanəti və bulqar türklərinə arxadan vurduqları zərbələr olmasaydı, Bulqar–Moğol müharibəsi, şübhəsiz ki, daha bir neçə il davam edəcəkdi. Moğol ordusu Hindistanda (1221–1308), Yavada (1292), Vyetnamda (1257–1288) və Yaponiyada (1274, 1281) ağır məğlubiyyətlərə uğramışdı;

Qeyd. Bununla yanaşı, xəyanət hallarının hamısını Xəlifə ən-Nasirin tərəfdarlarının ayağına yazmaq doğru olmazdı. Məsələn, ən-Nəsəvinin məlumatına əsasən, Xarəzm ruhanisi Bədr əd-Din əl-Amid Çingiz xanın tərəfinə ona görə keçmişdi ki, onun din xadimləri olmuş atasını və əmisini Xarəzmşah Əlaəddin Muhəmmədin əmri ilə edam etmişdilər. Amma, sözsüz ki, şəxsi motivlər əsasında düşmənlə əməkdaşlıq edən bir neçə nəfərin fəaliyyəti belə nəticələrə gətirib çıxara bilməzdi;
- Xarəzmin bir sıra istedadlı sərkərdəsi və dövlət xadimi savaş ərəfəsində və müharibənin gedişində ismaililər tərəfindən qətlə yetirilmişdir. Həmin dövrdə Abbasilərin ən yaxın müttəfiqi, nə qədər qəribə görünsə də, məhz Ələmutun İsmaili imamı idi. Ələmut ismaililərinin VI imamı III Həsən ibn Muhəmməd (1210–1221) Abbasilərin hakimiyyətini hələ 1211-ci ildə tanımışdı. Bu iki dövlətin ittifaqı az qala sonadək (ən azı 1255-ci ilədək) pozulmamış, əksinə, ildən-ilə daha da möhkəmlənmişdir;
- Xarəzmin iri şəhərlərinin əksəriyyəti və bəzi qoşun hissələri heç bir müqavimət göstərmədən təslim olmuş və düşmənin tərəfinə keçmişdilər. Məsələn, Səmərqənd şəhərinin və onun qarnizonunun kapitulyasiyasında din xadimlərinin “böyük zəhməti” olmuşdu. Xatırladaq ki, xarəzmşahın bütün cəhdlərinə baxmayaraq ölkə ruhanilərinin əksəriyyəti Abbasi xəlifəsi ən-Nasiri “möminlərin əmiri” hesab edirdi. Lakin xəyanət və qorxaqlıq nə həmin şəhərlərin sakinlərini, nə də silahlarını yerə qoymuş döyüşçüləri xilas etmişdi. Onların demək olar ki, hamısı ailələri ilə birlikdə moğollar tərəfindən qətlə yetirilmişdi. Çingiz xan bu şəhərlərdə yalnız nüfuzlu şeyxlərin bir hissəsinə və sənətkarlara aman vermişdi;
- moğollar İraqdan şərqdə yerləşən ölkələrin hamısını ələ keçirsələr də, 1237-ci ildə baş vermiş kiçik toqquşma istisna olmaqla, 1256-cı ilədək Abbasilər dövlətinə hücum etmədilər. Halbuki Bağdad çox zəngin olmaqla yanaşı, həm də zəif və köməksiz idi.
Beləliklə, 1239-cu ildə Azərbaycan və İran, 1240-cı ildə isə indiki Rusiya torpaqları Yeke Moğol Ulusuna daxil oldu. Lakin qısa müddətdən sonra bu imperiya da parçalandı. Şimalda Qızıl Orda, cənubda isə İlxanlı dövlətləri quruldu və iki moğol xanlığı arasında qanlı müharibələr fasilələrlə 1262-ci ildən 1358-ci ilədək davam etdi. İranı və Azərbaycanı zəbt etmiş Əmir Teymurun 1395-ci ildə Qızıl Ordanı darmadağın etməsi ilə yeni sülh dövrü başlandı.
Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili
