Xəlil paşanın bolşevik ordusunu Azərbaycana buraxması üçün Şıxlinskiyə müraciəti

«Qızıl Ordu sərhədimizə dayandığı zaman hökumətimiz Quba valisinə sərhəddəki dəmiryolu relslərinin bir kilometrə qədər sökülməsi əmrini verdi. Vali ertəsi gün əmri yerinə yetirdi.

Ancaq bu dəfə yalançı nümayəndə olan Xəlil bəy general Şıxlinski ilə görüşərək təlaşla, – “Paşam, hökumət sərhəddəki dəmiryolu relslərini sökmüşdür. Qızıl Ordu Anadoluya gedə bilməyəcəkdir və nəticədə kömək gecikəcəkdir. Xahiş edirəm, təcili tədbir görün”, – dedi.

General onun sözünə aldanaraq əmr etdi və relslər təzədən yerinə taxıldı. Aprelin 27-də Qızıl Ordu Bakıya girdi və hər tərəfdə mühüm dövlət məntəqələrini işğal etdi. İlk tədbir olaraq Mühafizə alayının adını dəyişib “Yardım alayı” qoydular. İki gün sonra, yəni üçüncü günü Qızıl Ordu alayı mühasirəyə aldı və sıravilərin əllərindən silahlarını alaraq özlərinə də, – “Marş, marş evinizə”, – deyib qovdular.

Alayın ələ keçən zabitləri güllələndilər. Ələ keçməyənlər isə bir müddət gizləndikdən sonra canlarını qurtararaq hərəsi bir tərəfə dağılışdlar. Artıq bolşeviklərə görə bu avantüristlərin vəzifələri bitmiş hesab olunurdu. Bunlardan Xəlil paşa, Baba Səid, Nail və digər bir neçə nəfər canlarını qurtararaq özlərini Gürcüstana çatdıra bildilər.»

Nağı bəy Şeyxzamanlı, Xatirələr. Xatirə Ədəbiyyatı silsiləsindən 18-ci kitab. ― Bakı: “XAN” nəşriyyatı, 2016-cı il, səh. 157.

Mənbə: Türkmanlar

Bu xəbəri paylaşın: