TORPAĞINI BÜTÖB GÖRMƏK İSTƏYƏN MİLLƏTİN EKRAN — EFİR MƏDƏNİYYƏTİ

ELBARİZ MƏMMƏDLİ

Bu mövzuda dəfələrlə yazdığım üçün növbəti müzakirəni açıb, zəhlətökənlik etmək fikrim yoxdu. Sadəcə qarşılaşdığım bir hal, məni buna məcbur elədi. İki gün öncə sosial şəbəkələrdə kiminsə qınaq ünvanına çevrilmiş bir xəbəri dinlədim və bu zehniyyətə eyni cəmiyyətdə yaşadığım üçün özümə nifrət elədim. ARB kanalının xəbər proqramında aparıcı xanım Kəlbəcər istiqamətində əsgərimizin ŞƏHİD olmasını elə pafosla dilə gətirdi ki, sanki xalqa muştuluq ünvanlayırdı.

Bəlkə də xəbər məlum kanalda və Azərbaycan dilində səslənməsəydi, bunu düşmən tərəfin təxribatı kimi dəyərləndirərdim. Bu an ürəyimdən o fikir keçdi ki, görəsən həmin aparıcı xanım nəyi və necə çatdırmağın gərəkli olduğunu anlayırdımı? Yəqin ki, yox. Uzun illərdi şou proqramları ilə xalqın olub qalan əxlaqını da ayaqlar altına atan televiziya kanallarından ayrı nəyi gözləmək olardı ki?

Hərdən müxalif düşüncə adamları və başqaları belə halları hakimiyyətin diqtəsi kimi dəyərləndirir, birmənalı bu mövqedən çıxış edirlər. Bəlkə də bu belədir. Amma mən bununla razılaşmıram. Əxlaq və düşüncə fərdi keyfiyyət olduğu üçün onu hamıdan gözləmək olmaz.

Bir də ki, dövlətin təbliğat şəbəkəsində ən kəskin mövqe nümayiş etdirənlərin əksəriyyəti müxalif cəbhədən transfer olunanlardı və bu adamlar müxalifətdə də həmişə seçilməyə meyl göstəriblər. Deməli, cəmiyyətin duyğularına həssas yanaşmanın özü də əxlaq məsələsidir. Heç kimi zorən şarlatan olmağa məcbur etmirlər, bu hal xarakterlərin özündən doğur.

Televiziya kanalları üzərində diqtə və nəzarətin olduğunu hamımız bilirik. Fəqət, Vətən müharibəsi günlərində tərtib edilən proqramların istiqamətini tamamilə vətənpərvərlik mövzusuna yönəltmək olmazdımı? Əlbəttə olardı. Amma unutmayaq ki, şoumenin rəhbərlik etdiyi kanaldan bu millətə bambılı, keçmiş idman aparıcısının kanalından futbol topu kimi baxırlar. Elə bu səbəbdən də Şuşadan canlı yayım edən Az tv — nin müxbiri məmulat sözünü məlumat kimi ifadə edir. Başqa biriləri kiminsə evdən qaçan arvadının və başqasına susamış ərinin axtarışına çıxır. Digəri ekranda özünü buraxıb «şpaqat» açır. Müxbirlərdən biri də Daxili Qoşunların savaşda iştirak etmiş xüsusi təyinatlılarını tamaşaçıya belə təqdim edir: » Daxili Qoşunların xüsusi təyiatlıları düşmənlərimizi torpaqdan azad etdilər???»

…Ucqarlarda isə, hələ də sonu görünməyən savaş havası davam edib qalmaqdadır. Yəqin ki, kasıb balasının şəhid olmasını uca səslə xalqa bəyan edənlər bunun mahiyyətini anlamazlar.Jurnalistika sahəsi elə bir sahədir ki, burda yalanın uzunömürlü olduğunu kimsə əsaslandıra bilməz. Ölkəmizdə bu peşəni elə günə qoyublar ki, hamı informasiya carçısı olmağı ən asan iş kimi qəbul edir. Həm hakimiyyət, həm də müxalifət yönlü cəbhələrdə belə naşıların sayı yetərincədir. Hamısı da xalqın düşüncəsini zorlamaqla məşğuldurlar. Kimə deyəsən ki, müharibə havasında olan, bütöv görmək istədiyi torpağına hər gün düşmən həmlələri edilən ölkədə bu, qəbuledilməzdir. Sizin qarşılıqlı ittihamlarınız cəmiyyətin tamlığını pozmaqdan savayı heç nəyə yaramır. Bundan da ölkənin içində və xaricində olan düşmənlər ustalıqla yararlanır, öz məqsədlərini reallaşdırırlar. 1941-1945 ci illər müharibəsində sovetlərin ən kəskin silahlarından biri təbliğat idi. Diktor Levitanın əzəmətli səsi almanlarda bir ordunun zərbəsindən daha ciddi qorxu və vahimə yaradırdı. Bizim televiziya kanallarında hələlik belə birisinin olacağına ümid etmirik.

Bir az da dil və üsluba diqqət yetirək. Burdakl vəziyyət ümumiyyətlə acınacaqlıdır. Xəbər proqramlarında oxunan mətnlərin əksəriyyəti qüsurludur. Buna həm rəsmi telekanallarda, həm radio proqramlarında, həm də internet televiziyalarında rast gəlirik. Jarqon və bölgəsəl dialekt dili efirlərin əsas üslubuna çevrilib. O zaman ədəbi dilin nə qədər kürsüdən kənarda qaldığı aydın görünür. Dili olmayan millətin mədəniyyətinin varlığı da şübhəlidir. Bizim min illərin sınağından keçən, nə qədər aşınmaya məruz qoyulsa da varlığını qoruyb saxlayan zəngin dilimiz var. Onu qoruyub zənginləşdirmək, bütün fikir və düşüncə adamlarının borcudur. Və bunun üçün ilk növbədə ekran və efirlərdə ədəbi dilin qorunmasına ciddi yanaşılmalıdır.

Bu xəbəri paylaşın: