POEZİYA ÇƏLƏNGİ: Hər günün duyğusu bir qəmdən keçir…

ELBARİZ MƏMMƏDLİ

Duyub yaşayırıq necə zamanda,
Hər günün duyğusu bir qəmdən keçir.
Dünyanı əzaba aparan yollar,
Elə bil dolanıb sinəmdən keçir.

BƏLKƏ DƏ…

Duyub yaşayırıq necə zamanda,
Hər günün duyğusu bir qəmdən keçir.
Dünyanı əzaba aparan yollar,
Elə bil dolanıb sinəmdən keçir.

Daha doğruları zaman da tutmur,
Gör, neçə zirvəyə əl dəyilibdi,
Əyri adamların ağırlığından,
Nəfəsi zorlanan yer əyilibdi.

Üz tutub getməyə bir yer qalmayıb,
Hər şey qarmağında bağrı buzların.
Səsi Kərbəladan, Məkkədən gəlir,
Əxlaqı aşınmış dələduzların.

Alan kim, satan kim, anlamaq olmur,
Köhnə bazarlarda təzə nırx durur.
Haqq bilib döyməyə getdiyin yerdə,
Hər qapı önündə bir çarmıx durur.

Hara əl atırsan, hiylə başdadı,
Əridir mum kimi, aldanış səni.
Özün də bilmirsən, hara aparır,
Ümidi tükənən payız, qış səni.

Sabaha açılan qapılar bağlı,
Şərin zülmətidi, tutan yolları.
Millətin başında bəlaya dönüb,
Yalançı siyasət qalmaqalları.

Yavan çörəyi də alınıb əldən,
Haqqa bayraq olan nər kişilərin.
Oğul-qız yanında başı aşağı,
Qüruru sınmayan ər kişilərin.

Elə unudulub mizan-tərəzi,
Yalanın çəkisi doğrudan ağır.
Bəlkə də əyrilik ata minəli,
Hər gün bu dünyaya bədbəxtlik yağır.

Duyub yaşayırıq necə zamanda,
Hər günün duyğusu bir qəmdən keçir.
Dünyanı əzaba aparan yollar,
Elə bil dolanıb sinəmdən keçir.

DƏYİŞMƏYİB Kİ…

Torpaq da, hava da öz yerindədi,
Gələn yaz, gedən qış dəyişməyib ki.
Hər il eyvanlarda yuvalar quran,
Müjdəli qaranquş dəyişməyib ki.

Göylər çırmalayır yenə qolunu,
Yuyur xalı kimi, meşə yolunu,
Yenə körpələrə dağ vəd olunur,
Bu köhnə aldanış dəyişməyib ki.

Yenə də çiçəklər boy verir kola,
Yenə sarmaşıqlar girir qol-qola,
Nigaran baxışlar dikilir yola,
O ümid, o alğış dəyişməyib ki.

Yenə qan səğılır, gün batan yerə,
Ulduzlar enmir ki, əl çatan yerə,
Yenə daş atılır bu, Vətən yerə,
O hiylə, o qarğış dəyişməyib ki.

Könüı işığıdı sevgi əbədi,
Uçulmur, uçulmaz eşqin məbədi,
Dünyanı soyudan görəsən, nədi?
Tanrıya yalvarış dəyişməyib ki.

Təkcə adamlardı, sözündən çıxan,
Əyriyə aldanıb, düzündən çıxan,
Hər səhər günəşi gözündən çıxan,
Əbədi yaranış dəyişməyib ki.

OXU YAZDIQLARIMI

Bu payızın son üzü yolum düşmüşdü, kəndə,
Sənli yurdun sən dolu havasını udurdum.
Xəyalım dolaşırdı yenə itmiş dünəndə,
Səni xatırladıqca, özümü unudurdum

Qapınızın önündən keçdim acı sükutla,
Orda sənli günlərin nişanəsi qalmayıb,
Bir vaxt könül oxşayıb, səninlə gözəlləşən,
Əkdiyin çiçəklərin bir dənəsi qalmayıb.

Daşınız, divarınız ayrılığı andırır,
Sən baxan pəncərəni xatirəm tək, toz basıb.
Düz qırx ildi bir ümid ürəyimi yandırır,
Sonuncu sevincimin yarasına köz basıb.

İndi nə düşünürsən, bilməyin nə faydası,
Məni sənə aparan bütün yollar yumulub.
Bir vaxt qollarım vardı, yollarını qucası,
Sinəmdə çarpazlanıb həsrət qollar yumulub.

Gör, neçə illər ötüb, fəsilləri rəngbərəng,
Mən səni payız deyə bircə yol da anmadım.
Yoxluğunu yaşadım, amma ki, ayrılıq tək,
Ümidimi öldürüb, yoluna boylanmadım.

Bir azca özgələşib, kəndin-kəsəyin ruhu,
Qayğılar hər ocağın sinəsinə dolaşıb.
Sozalan çiçəklərin bağrından qopan qoxu,
Sanki ayrılıqların havasına bulaşıb.

Bəlkə də düz demirəm, dərininə varmadım,
Bəlkə də ayrılıqdan dəymədüşər olmuşam.
Sən şöhrəti sevərdin, mən bunu bacarmadım,
Eşqinlə duyğulanıb elə, şair olmuşam.

Könlündə nə hava var, onu tək Tanrı bilər,
Barı imkanın olsa, oxu yazdıqlarımı.
Hər sözümün içində surətin var, -gülümsər,
Özünü duymaq üçün qoxu, yazdıqlarımı.

Bu xəbəri paylaşın: