Uşaq pulu əvəzinə, ekstrasens kimi 2045-ci ildən danışan NAZİR

«Hazırda Azərbaycanda 2,7 milyon nəfərdən çox yaşı 18-ə qədər olan uşaq var. Ayda 100 manat uşaqpulu təyinatı aparılması təkliflərini nəzərə alsaq, bu, illik 3,3 milyard manat vəsait edir. Sosial proqramlar adətən 10 illik hazırlandığına görə, bu müddət ərzində uşaqpulu təminatı üçün 30 milyard manatdan çox pul tələb olunur».


Fedai.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev media qurumlarının rəhbərləri ilə görüşündə deyib.


O bildirib ki, hazırda bu qədər vəsaitin sırf uşaqpulu üçün ödənilməsi məqbul sayılmır: «Çünki ölkədə demoqrafik vəziyyət yaxşıdır.

Proqnozlara əsasən, 2045-ci ilə qədər əhalinin sayı stabil olaraq artacaq. Bunun əlavə stimullaşdırılmasına ehtiyac görmürük.

Uşaqpulu təyinatı üçün meyarların müəyyənləşdirilməsi də çətindir. Meyarlar olsa belə, burada manipulyasiya, korrupsiya əməlləri ola bilər. Biz isə bundan qaçırıq».


Nazir qeyd edib ki, 600 mindən çox uşağa sosial müavinət və əlilliklə bağlı pensiya verilir: «Fikirləşirik ki, uşaqpulu təyinatının yerinə əməkhaqqı artımı olsun. Məqsədimiz minimum əməkhaqqının artırılması ilə sosial rifahın yüksəldilməsidir».


Bu sözləri əhalinin sosial müdafiəsi ilə məşğul olan bir nazirin bu cür düşüncəsi komandanın hansısa islahata meyilli olmamasının nəticəsidir. Azərbaycanda Rusiya imperiyasından qalma bir imperiya metodu var: Kömrük orqanları hesab edir ki, onun işi ölkədə iş adamlarına, vergi orqanları düşünür ki, onlar müəssisələrin normal fəaliyyətinə əngəl yaratmağa, meşəbəyi elə bilir ki, onun işi ağac kəsib satmağa, polis düşünür ki, onu vətəndaşları döyməyə, cərimələməyə və s. görə işə götürüblər. Yəqin Sosial Dövlətin sosial naziri və onun komandası da düşünür ki, olar əhali üçün sosial problemlər yaratmaq üçün təyin ediliblər. Pensiya kəsməklə, faktiki olaraq əlillərin təqaüdünü ləngitməklə problem həll olunmadığı artıq cəmiyyəti ciddi fasadlara doğru aparmaqdadır.


Sahil Babayev bildirib ki, Azərbaycanda 2,7 milyon nəfərdən çox yaşı 18-ə qədər olan uşaq var. Ayda 100 manat uşaqpulu təyinatı aparılması təkliflərini nəzərə alsaq, bu, illik 3,3 milyard manat vəsait edir. Sosial proqramlar adətən 10 illik hazırlandığına görə, bu müddət ərzində uşaqpulu təminatı üçün 30 milyard manatdan çox pul tələb olunur. Bəs sizin təklifiniz nədir? Əlbəttə heç nə.
Qabaqlar kasıblar varlıların pulunu sayırdılar. Amma bu gün bizim məmur etdiklərimiz kasıbın pulunu yox, ona getməsi ehtimal olunan büdcə pulunu saymaqla məşğuldurlar. Bir çox ölkələrin təcrübəsi var. Məsələn, uşaq pulunu 13 yaşınadək 30 manat olaraq vermək olmazmı? Axı müharibə əlillərinin övladlarına verdiyiniz uşaq müavinəti cəmi 15 manatdır. Bəs bu 100 manat hesabatını haradan götürmüsünüz?


Ölkəmizdə 0-13 yaşında 1693,6 min nəfər var. Bu təbəqənin cüzi də olsa (məsələn, 30 manat) uşaq pulu ilə təmin edilməsinə nazirin iddia etdiyi milyardlar deyil, cəmi ayda 50.808,0 min manat və ildə cəmi 609.696,0 min manat vəsait tələb olunur. Bu addımla, həm hakimiyyət siyasi dvidend qazanar, həm də artmaqda olan sosial narazılığı körükləyən siyasi opanentlərinin başlıca bir «kartı»nı əllərindən alar. Çünki Dövlət başçısı cənab İlham Əliyev dönə-dönə sosial dövlətin yaradılmasını vurğulayıb. Amma nədənsə bu sahədə iş görmək vəzifəsi olanların «kontuziya müalicəsindən» qeyri heç bir yeniliyə imza atması ortada yoxdur. «Qoca inək almaqla» əhalinin sosial problemini həll etmək mümkün deyil, ən azı o «qoca inəyi maşına mindirib inəyə əlavə problem yaratmaqdır».

Yəni gərəksiz məşğulluğun təşkili üçün ayrılıb dağıdılan milyonlar və üstəlik 600 min nəfərə müavinət verdiyinizi dediyiniz vəsaiti uşaq puluna yönəltmək olar. Çünki bu müavinətlərin verilməsində «qaranlıq» məqamlar yetərincədir və bu istiqamətdə 2021-ci ilin Dövlət büdcəsində «dövlət sosial müdafiə fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün ayrılan vəsait»in həcmi 1 631 530 950,0 manat təşkil edir. Bu pulların hansı kateqiriyalar üçün nəzərdə tutulduğunu açıqlamaq 2045-ci ildə əhali artımından dəm vurmaqdan daha məqsədəuyğun olardı.


S. Babayev statistik məlumatlara baxmadan elan edib: «Çünki ölkədə demoqrafik vəziyyət yaxşıdır. Proqnozlara əsasən, 2045-ci ilə qədər əhalinin sayı stabil olaraq artacaq. Bunun əlavə stimullaşdırılmasına ehtiyac görmürük». Yəni əhalinin sosial müdafiəsi naziri ölkədə əhalinin artımının əleyhidarı kimi danışması ortadadır. Dövlət Statistika Komitəsinin tərtib etdiyi məlumatda 0-4 yaşda azalma qeydə alınan bir ölkənin «əhali» naziri, görəsən 2045-ci il proqnozunu hansı ölkədən əldə edib?

Diqqət edin: 0-4 yaşlılar: 851,9 (2016-cı il), 835,5 (2017-ci il), 805,1 (2018-ci il), 771,8 (2019-cu il), 742,9 (2020-ci il), 703,8 (2021-ci il) 2016 — cı ildən 2021-ci ilədək mənfi saldo — 148,1 min nəfər olmasını niyə görməzdən gəlib? Çox maraqlıdır.

Digər 5-9, 10-14, 15-19 yaş qruplarında da artımlar nəzərə çarpacaq dərəcədə deyil və 5-9 yaşadək ötən ilə nisbətdə artım cəmi 1,0 min nəfər təşkil edib. 5-9 yaşlılar: 709,3 (2016-cı il), 761,9 (2017-ci il), 809,2 (2018-ci il), 829,7 (2019-cu il), 847,8 (2020-ci il), 848,8 (2021-ci il).

Bu isə 2045-ci ildə əhalinin artımı deyil, 3554,4 min nəfər azalması deməkdir və hazırda bu ölkədə əhali dayanacaqda harasa getmək istəyən yolçu vəziyyətində miqrasiya barəsində düşünməkdədir.


Bu statistik məlumatı nəzərinizə çatdırmaqda məqsədimiz, sosial sahəni cəmiyyətdə narazılıq yaratmaqdan qeyri, nazirliyin heç bir iş görmədiyini əyani göstərmək idi. Hələ sabiq nazir Səlim Müslümovun «təqaüddən qənaət» etməsiylə bağlı açıqlamasına da o vaxtlar cavab vermişdik ki, təqaüd yeganə ödəniş növüdür ki, ondan qənaət mümkün deyil. Saxta əlilliyi bəhanə edib yüzlərlə zəlil insanı süründürmək isə heç qənaət deyil. Qənaət üçün əsas şərt nazirlikdə ən zəif şöbədə neçə xidməti maşının sayının dəqiqləşdirilməsidir və lazım olsa bütün qənaətləri nazirliyin strukturlarında aparsaq 1 uşağı, Dövlətə zərər vurmadan azı 40 manatla da təmin etmək olar…


Fedai.az Araşdırma Qrupu

Bu xəbəri paylaşın: