“Rusiya Qarabağda yaratdığı qondarma «rus icması»na pasport paylayacaq” – Təhlükəli ssenari ilə bağlı açıqlama

«Rusiya  hərbi karvanı  Laçın dəhlizindən keçməklə, Qarabağda etnik ermənilərə növbəti dəfə «humanitar» yardım gətirib. O, bu yardımları Ukraynanın Donbas bölgəsinə də edir. Nədənsə, həmin yardımların ərzaq deyil, silah və sursatlardan ibarət olduğu sonradan məlum olur”.


Bunu politoloq Məhəmməd Əsədullazadə deyib. 

Politoloqun sözlərinə görə, nə qədər ki, Laçın dəhlizində nəzarətimiz yoxdur, Rusiya silahlı erməni birləşmələrinin əli ilə Azərbaycan üçün başağrı yaradacaq:

 «Artıq Rusiya Xocalıda xeyli zirehli texnika yerləşdirib. Prezident İlham Əliyevin Brüsseldə «Laçın dəhlizində post qoyulmalıdır”  mesajı  təkcə Zəngəzur dəhlizi ilə bağlı deyildi.  Bu həm də Rusiyanın Qarabağda erməni separtçılarının silahlandırılmasının qarşısını almaqdır.  Digər tərəfdən Rusiya bir müddətdən sonra Qarabağda yaratdığı qondarma «rus icmasına» pasport paylayacaq və bu da Azərbaycan üçün ciddi problemə çevrilə bilər”.
M.Əsədullazadə qeyd edib ki, Qarabağda silahlı ermənilərin fəaliyyətinin qarşısını almaq üçün gələn ildən Laçın dəhlizində post qoymalıdır:

«Təbii ki, Rusiyanın buna reaksiyası mənfi olacaq. Amma bu ölkə hazırkı silahlı erməni birləşmələrindən Azərbaycan və Ermənistan əlaqələrinin normallaşmaması və geosiyasi maraqlarına uyğun davam etməsi üçün istifadə edəcək. Ona görə də Azərbaycan Rusiyanın reaksiyalarına rəğmən, Laçın dəhlizində postun qoyulması istiqamətində addım atmalı ya da silahlı erməni birləşmələrinin çıxarılması ilə əlaqəli Moskva qarşısında tələb qoymalıdır”.


 Günay Rəsulqızı

Mənbə: Sfera.az

Bu xəbəri paylaşın: