Məşhur azərbaycanlı jurnalist, görkəmli ictimai və elm xadimi Nəsir İmanquliyevin 110 illik yubileyi ilə bağlı konfrans keçirilib.
Konfransın aparıcısı Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalı Azərbaycanın əməkdar jurnalisti və əməkdar mədəniyyət işçisi, görkəmli ziyalı Nəsir İmanquliyevin anadan olmasının 110 illiyinə həsr olunmuş onlayn tədbirin Milli Məclisin mədəniyyət Komitəsinin təşkilatçılığı, ADPU-nun Quba filialının, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB-nin dəstəyi ilə keçirildiyini bildirib.
O, Nəsir İmanquliyevin hələ sağlığında ustad kimi qəbul edildiyini, pedaqoq, jurnalist kimi şöhrət qazandığını, şöhrətinin respublika hüdudlarını aşaraq qardaş ölkələrdə də tanındığını vurğulayıb.
Milli Məclisin Mədəniyyət Komitəsinin Qənirə Paşayeva ilk yazıları dövri mətbuatda hələ tələbəykən çap olunmağa başlayan Nəsir İmanquliyevin şərəfli yaradıcılıq yolu keçdiyini, xalqın dilinin keşiyində durduğunu, gənc istedadlara diqqət-qayğı ilə yanaşdığını xüsusi vurğulayıb: “Nəsir İmanquliyev o illərdə “Kommunist”, “Yeni yol”, “Gənc işçi”, “Vətənin səsi” qəzetlərində ədəbi işçi, şöbə müdirinin müavini, şöbə müdiri, məsul katib, redaktor vəzifəsində çalışııb. II Dünya müharibəsi zamanı, 1942-ci ildə Nəsir İmanquliyev Krım cəbhəsinə göndərilib, orada “Vuruşan Krım” qəzetinin məsul katibi kimi fəaliyyət göstərib, eyni zamanda hərbi hissədə tərcüməçi kimi çalışıb.
Bir il sonra, 1943-cü ildə Nəsir İmanquliyev yenidən Bakıya təyinat alıb, o dövrün ən tirajlı qəzetində məsul katib işləyib, burada onun vətənpərvərlik mövzusuna həsr edilmiş bir çox məqalələri işıq üzü görüb. 1946-cı ildə Moskvada Mərkəzi Qəzet kursunu bitirən Nəsir İmanquliyev 1948-1950-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Filologiya fakültəsində təhsil alıb. O, Azərbaycan Dövlət Universitetində pedaqoji fəaliyyət göstərib, Jurnalistika fakültəsinin Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müəllimi olub.
Nəsir İmanquliyevin həyatında və bütövlükdə ölkə mediasının həyatında onun 1958-ci ildə yaratdığı “Bakı” qəzetinin özəl yeri olub. Çünki “Bakı” – “Baku” axşam qəzeti keçmiş SSRİ-də, demək olar, ilk təcrübə idi. 10 yanvar 1958-ci il tarixində qəzetin ilk nömrəsi işıq üzü görüb və mövcud olduğu illər içində bir ocağa çevrilib. Qəzet və onun qurucusu örnək alınıb”.
Nəsir İmanquliyev Balahəsənli bəylərindən olan Yusif bəy Sultanovun qızı Gövhər Sultanzadə ilə ailə həyatı qurub və bu evlilikdən onların yeganə qız övladı, görkəmli şərqşünas alim Aida İmanquliyeva dünyaya gəlib. Aida xanım Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın, tanınmış akademik, Lomonosov adına MDU-nun Bakı filialının rektoru Nərgiz Paşayevanın anasıdır.
2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Nəsir İmanquliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında” Sərəncam imzalayıb. Həmin ildə Ömər Eldarovun müəllifliyi ilə, görkəmli ziyalının yaşadığı binaya xatirə lövhəsi vurulub. 2007-ci ildə isə doğma BDU-da xatirə lövhəsi açılıb. 2011-ci ilin dekabrında Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən Nəsir İmanquliyevin 100 illiyinə həsr olunmuş silsilə yubiley tədbirləri keçirilib.
Nəsir müəllim gözəl ailə başçısı, xeyirxah insan, gənclərin yolunu açan, onlara dəstək duran şəxsiyyət kimi qəlblərdə yaşayır.
Ruhu şad olsun”!
Millət vəkili Arzu Nağıyev, BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu, Nəsir İmanquliyev haqqında kitab yazmış tədqiqatçı-jurnalist Şərəf Cəlilli, özbəkistanlı şair-publisist, tərcüməçi, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşı Şəhla Qasımova, tanınmış Qaqauz ziyalısı Güllü Qərənfil, AYB sədrinin müavini, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, BAMF-ın qurucu-başqanı Umud Rəhimoğlu, “Baku.az” portalının şöbə müdiri, Nəsir İmanquliyev haqqında film çəkmiş Fəxriyyə Lilpar, RHİM İB sədri Arzu Bağırova konfransda çıxış edib.
Mənbə: Axar.az