Sözsüz ki, Türkiyə bölgədə çox vacib oyunçudur, çox yaxın, dost və qardaş əlaqələrimiz mövcuddur.
Gürcüstan Baş naziri İrakli Qaribaşvili öz çıxışında bu sözləri deyib.
Qaribaşvili Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla olan münasibətlərindən də söz açıb:
“Bizim həm birbaşa, həm də telefonla çoxlu görüşlərimiz və söhbətlərimiz olub. Mən münasibətlərin qorunub saxlanılması, möhkəmləndirilməsi istiqamətində əlimdən gələn hər şeyi edirəm və şadam ki, Türkiyə Prezidenti də eyni əhvaldadır”.
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili deyib ki, bizim regionda yeni vəziyyətdən istifadə etməyimiz üçün çox yaxşı imkanımız var. Bu barədə danışmağımın səbəbi Azərbaycan və Ermənistan liderlərinin mövqeyidir. Onların hər ikisi regionda sülhün tərəfdarıdır..
Hökumət başçısının sözlərinə görə, hər iki lider ölkələr arasında münasibətlərin yeni mərhələyə keçməsində — bölgədə yeni layihələr, böyük infrastruktur, energetika, ticarət, iqtisadiyyat və s. barədə danışmaqda maraqlıdır:
“Əgər biz üçümüz müstəqil olaraq bu cür uğurun (humanitar razılaşma – red.) ikinci nümunəsini göstərsək, bu, hər üç ölkəyə və regiona kömək edəcək”.
İ.Qaribaşvili Gürcüstanın tarixən hər zaman və hazırda da Qafqazda düzgün yer tutduğunu və düzgün rol oynadığını qeyd edib:
“Hesab edirəm ki, bu gün unikal şansımız var. Mənim şəxsən Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla isti və etibarlı münasibətlərimiz var. Bizim çox açıq, qardaş və dost münasibətlərimiz, heç bir maneə olmadan birbaşa ünisyyətimiz var”.
