
ELBARİZ MƏMMƏDLİ
DÜŞÜNÜN…
Düşünün,
düşünmək fikriniz varsa,
duyun, hissiniz qalıbsa,
haqqın yanında durmağa,
bir az üzünüz qalıbsa…
Açın pəncərənizi
oksigeni sıxılmış məmləkətin
qışına
könlünüzdə yaz istəyi
asi olun,
vaxtın-zamanın qarğışına.
İçinizdə təpər tapın,
üşüyən əllərinizlə
bir Qurd işarəsi yapın,
buludlu göy üzünə,
yapın, bədxahların gözü tökülsün,
beli bükülsün,
Qurdu çaqqala yedirənlərin,
Vətəni hərraca qoyub,
haqqını itirənlərin…
Sabah nələr olacaq,
duymaq imkanınız varmı?
Yad həmlələr önündə
durmaq imkanınız varmı?
Günəş yenə doğacaq,
axşam yenə düşəcək,
zülmət sizlik olacaq,
gün sizssiz ötüşəcək…
Düşünün,
düşünmək fikriniz varsa,
Vətən sözünü yazın
ürəyinizlə- göy üzünə…

NƏ YAXŞI Kİ…
Yenə kəsib qapımızı, soyuqlar,
Xəbəri yox, içimizin «qış»ından.
Qar sovurur gədiklərin küləyi,
Umduğumuz zirvələrin başından.
Son yarpağın üzündəki qəmə bax,
Son payızın son ümidi soğulur.
Küləklərin bir ayağı qaçaraq,
Döngələri dolaşdıqca boğulur.
Üfüqlərin aynasında duman var,
Buludların heybəsində qar yükü.
Haradasa göy üzünü naxışlar
Günbatanın köksündəki nar yükü?
Ağacların duruşunda üzüntü,
Budağında sırsıra buz «ağlayır»,
Üzü yaza yürüməkdən yorulan,
Neçə həsrət, neçə yalqız ağlayır.
Təbiətin qış üzündə təzad var,
Dağ çovğuna, aran qara yüyürür.
Binəsini daşda quran bulaqlar,
Enişlərdə sinə-sinə yüyürür.
Çəmənlərin noz üzünü yel döyür,
Meşələrə hakim olub qarğalar.
Həzin-həzin həsrətinə dil deyir,
Küləklərin havasıyla qarğılar.
İçimizdə həsrətimiz kövrəlir,
Neçə qəmi daşıyırıq, uzadı.
Nə yaxşı ki, qışdan sonra yaz gəlir,
Nə yaxşı ki, qışın üzü yazadı.

BİZİ KİM BƏLƏDİ, PAYIZ RƏNGİNƏ?
Yenə də könlümdən keçirdim səni,
Həsrətin gözümdə dikəldi, dağ tək.
Oynadır əlində , oynadır məni,
Sənli duyğularım körpə uşaq tək.
Çöldə yağışlıdı payız axşamı,
Mən duyğu içində yaz axtarıram.
Ruhumu oxşamır, sözlərin tamı,
Adına bir şirin söz axtarıram.
Xəyalım dolaşır mələk simanda.
Qaranlıq əriyir, bir üzü qışa.
Hardasa, ümidim itir dumanda,
Hardasə izimiz düşür yağışa…
Bir ay təbəssümü yox ki, gecənin,
Tutub ətəyindən, gələm yanına.
Qorxma, qapı döyüb vermərəm səni,
Kiminsə sorğulu imtahanına.
Gələrəm, dilimdə uğur duası,
Uzaqdan üzünə baxıb gedərəm.
İçimdə qırx ilin ağlanan yası,
Gözümü qapında sıxıb gedərəm.
Ay qonar saçının gümüş dəninə,
Bəyaz günahımı vurar üzümə.
Qayıdıb gedərəm, həsrət gününə,
Gedərəm, qəm yeyib özünü üzmə.
Heyif, ömür keçdi, illər qocaldı,
Çəkdi canımızı əzab, cənginə.
Mənimçün hələ də sirli sualdı,-
Bizi kim bələdi, payız rənginə?
