Kimini izi, kimini üzü, kimini gözü, kimini sözü mütləq satacaq

Xaqani Ədəboğlu

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Mətbuat Xidmətinin rəhbəri


Yazarın xatırlatması: «Azərbaycan vətəndaşları bu həyatda özlərini yaxşı aparmasalar, öləndən sonra da Azərbaycana düşəcəklər»…


Yazımı bir Hacının anlatdıqları ilə başlamaq istərdim. Biri «dəbdi» deyə yığdığı haramlarla Həccə gedir. Təafdan sonra özünü otelə salan kimi deyir ki, əldən düşdüm. Vay öldüm. Daha heç yana gedən deyiləm. Yoldaşı dağa çıxmaqdan, şeytan daşlamaqdan və s. əməllərin yerinə yetirilməsinin vacibliyini desə də, hacılığa namizəd deyir ki, mənimki bura qədərdi. Əsas odur ki, qayıdanda sənə də, mənə də hacı deyəcəklər. Yəni biz, nə göründüyümüz kimi olmuruq, nə də olduğumuz kimi görünmürük.

Başqa bir olmuş hadisə isə 1990-cı ilin Qanlı Yanvar günlərində olub. Sovet faşist ordusunun təqibindən qaçan adamlar qurtulmaq üçün məscidə doluşurlar. Bu dəstəyə bir sərxoş əyyaş adam da qoşulur. İçəridən biri deyir ki, hamınız rukuya gedin ki, əsgərlər baxıb getsinlər. Hamı yalandan rukuya gedir, amma bu sərxoş əyyaş dimdik durur. «Münafiqlər» ha qışqırsalar da, o tövrünü pozmur və deyir: «Mən bir murdar rusdan ötəri Allaha kələk gələ bilmərəm». İndi siz özünüz deyin, «Hacı» adı kimə düşür?


Zaman bizi elə duruma gətirdi ki, yaxınlar, dostlar bir yana qalsın, bizi öz qulağımız və öz gözlərimizlə aldadırlar. Udduğumuz nəfəsimizlə aldadırlar. Postkoronovirus dövründə, yalnız zəki millətlər, bilgin insanlar yer alacağını yazmışdım. Bir daha təkrar edirəm ki, bircə anlığa özünüzdən soruşun: «Həşəmətli Allah sizin kimi gözəl bir varlığı bu dünyaya o gördüyünüz işlər üçünmü göndərib?»


… Mən uzun illər xalqımın ruhunun hansı «notlar üstündə» köklənməsini araşdırdım. Bir çox əcnəbi müəlliflərin əsərlərini oxudum. Saya da bilərəm, Qustav Lebon, Adam Smit, Q. Spenser, J.J. Russo, Ş. Monteskyö, C. Lokk, C. Helbreyt, List, Maltus, Hobbs və bir çox iqtisadçı və sosioloqların əsərləri ilə tanış olsam da milli olaraq xalqımızın hansı ruha malik olduğunu müəyyən edə bilmədim. Məsələn, Amerika kovboy ruhuna sahibləndiyini ayırd etdim. Amerika iqtisadçıları Şimal-Cənub müharibələri dönəmində bu ruhu kəşf etdilər və onu iqtisadiyyata, dövlət quruculuğuna yönləndirə bildilər. Ən güclü iqtisadiyyat, ən hündür binalar, ən böyük şəhərlər və s. kimi, kökündə «hər şeyi çevrəndə axtar» hind fəlsəfəsi dayanan bu ideya ilə yepyeni Amerika qurdular. Hətta bu ölkə demokratiya adlandırdıqları o virusu da kovboy ruhuyla təqdim edirlər: «İstəmirsinizsə, o zaman biz gəlirik!»

Bir gün müəllimim və ustadım olan Tahir Kərimli (Hüseynov) (elmlər namizədi) monoqrafiya yazdığı Böyük, bəlkə də çox Böyük Azərbaycan yazıçısı Yusif Vəzir Çəmənzəminlinin adını belə unutduğum az səhifəli, 1918-1920-ci illərin iqtisadi təhlilinə həsr olunmuş bir kitabını mənə hədiyyə etdi. O kitabda dahi yazıçımız Y.V. Çəmənzəminli apardığı araşdırmaların nəticəsi kimi bu ruhu xarakterizə edən tək bir cümlə yazmışdı: «Bizim xalqımız, tacir ruhlu, çalışqan bir xalqdır».


Düşünün. Həqiqətən də düzgün nəticədir. Bu ölkədə hamı ya tacirdir, ya da ən azı alverçidir. Bir dəfə ata-babadan tacir olan və Sovet imperiyası dövründə belə sonadək iri ticarət şəbəkələrinin başında olmuş yaşlı bir nəfərlə tanış oldum. O, artıq özəlləşdirdiyi mağazaları satırdı. Niyə satdığını soruşdum. Bildirdi ki, deyəsən bu ölkədə ticarətin qanunları pozulacaq və bunu izah etdi. Hərçənd ki, onun dediyi kimi oldu, ölkəmizdə ticarətin öz qanunları da pozuldu. İndi hamı, ya tacir, ya da alverçidir. Həm də necə?!

Bunları müxtəlif vaxtlarda demişəm. Bir də deyim ki, xatırlayasınız. Bizim coğrafiyamız tərsdir. Ona görə də bizi Avropada asiyalı, Asiyada avropalı bilirlər. Afrikada ağdərili, Rusiyada qaradəriliyik. Türkiyədə azəri, İranda türk, Gürcüstanda tatarıq. Hər yerdə qafqazlı, Qafqazda isə azərbaycanlıyıq. Ən nəhayət, doğma ölkəmiz Azərbaycanda isə biz heç kimik…


Bizim alverimiz də elə tərsə başlayar. Başdan başlayaq. Axı biz azərbaycanlıyıq. Müasir azərbaycanlı oğurluğa qazanc, rüşvətə hədiyyə, əmək haqqına isə «əl çirki» deyər. Beləsinin alverinə ticarət deyilməz. Halalı «əl çirkidirsə», haramı qazancdırsa, günahı «hədiyyədirsə», onun başladığı işin adı, ən azı ticarət ola bilməz. Müəllim şagirdinə nadanlıq satır. Molla dirisinə dua, meyidinə tilavət, ölüsünə məzar yeri satır. Həkim xəstəyə yanlış təşis, saxta dərman satar və xəstə ölərsə də deyər ki, onsuz da 100 il qalsaydı da öləcəkdi. Xəstə yiyəsi də ölünü unudub həkimin cəngindən qurtardığına sevinə-sevinə molla axtarmağa gedər. Aş sevdasına yığışan çoxluq da bu ölüyə bəxtəvər verərlər ki, «bəxtəvər canını qurtardı».


Bir azərbaycanlı kimi paradokslar saymaqla bitməz. Azərbaycanlı hazırladığı kolbasaya, hətta ət də vurur. Azərbaycanlı stadion tikib içində, hətta futbol da oynayır. Azərbaycanlı o qədər istedadlıdır ki, 40 litrlik baka dinən olmasa, 100 litr benzini «yerləşdirər».

Azərbaycanlı vurma cədvəlində Pifaqorun səhvini axtarar, amma kartof satdığı əyri tərəzisini düzəltməz. Azərbaycanlı payını Mamedə oğurlatdırıb hesabını Allahdan tələb edər. Azərbaycanlı əcnəbilərin havayı verdiyi səmt qazını pulla millətinə satıb ziyan eliyər, amma erməni kilsəsinə pulsuz qaz versə də ziyan eləməz. Azərbaycanlı 100 manatlıq qazancla 500 manatlıq yaşamaq üçün kreditə girər və sonda isə 400 manat borca görə öz arvadını boşayıb «bankla» evlənər. Bütün qazancını dinməzcə banka verər. Qeyri millətlər Promotey kimi pulu oğurlayır ki, oduna qızınsınlar. Azərbaycanlı pulu oğurlayır ki, atəşpərəst kimi bu Oda sitayiş etsin. Çünki azərbaycanlı bilir ki, can gəldi gedərdi, puldan muğayat olmaq gərəkdir. Azərbaycanlı öz qəhrəmanını ölü, qorxağını isə diri olaraq sevər. Azərbaycanlı öz dilindən başqa, məzmununu bilmədiyi ərəbcəyə Amin, ingilis duasına da «Amen» deyər. Azərbaycanlı yeganə xalqdır ki, «ədalət» işini «haqq və ədalət işi» adlandırar. Yəni haqqını ver, ədalət sənin köpəyin olsun. Azərbaycanlı vəzifəyə təyin olunanda maaş günü soruşar: «Hələ maaş da verirlər?»

Özümüzü itirəndən, Azərbaycanı paradokslar ölkəsinə çevirdik. Xalq düşünür ki, bu gün cəhənnəm, sabah yəqin yaxşı olacaq. Amma bilməzlər ki, dünəni olmayanın sabahı olmaz. Sonda düşünər ki, deyəsən bizdə sabah da qurtarıb. Azərbaycanlı bu gün bir yol kənarında harasa gedəcəyini götür-qoy edən yolçuya bənzəyir. O biri vardı ha oxuyurdu: «Ayə hara gedirsən, ayə? Anan bilirmi hara gedirsən, ayə?» Amma çox bağırsa da, eşitmədiniz…


Biz həqiqətən də çalışqan və tacir xalqıq. Amma cütçünün cütünü əkinçiyə, tokarın dəzgahını tokara, fəhlənin çəkicini fəhləyə, jurnalistin qələmini jurnalistə… bir sözlə çörəkçinin çörəyini özünə qaytarmaq lazımdır. Eşşəyə at yəhəri qoysaq da izi onu satacaq. Kimini izi, kimini üzü, kimini gözü, kimini sözü mütləq satacaq. Özünüzü satmayın. Çalışın özünüz olun. Ən çətin iş budur…

Bir də bir olaq, iri olaq və diri olaq. Bizi ayıran səbəbləri deyil, bizi birləşdirən məqamlara can ataq. İçimizə yeridilmiş bəzi «mənşəyi bəlli olmayan varlıqlar» tez-tez təkrarlayırlar ki, bizdən heç zad olmaz. Bu adamcıq 44 gündə düşmənə tutulan divanı görmədimi? Birləşdirici məqamlar istəsək taparıq. Ən azı biz — azərbaycanlılar da hamı kimi avtobus gözləyəndə sola, metroda qatar gözləyəndə isə sağa baxırıq…

Bu xəbəri paylaşın:
  • 109
  •  
  •  
  • 2
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •